Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu şam yeməyi

Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Sürfəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin “sirli” və ya “gizli” şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər.

Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır (Matta 26:17-35; Mark 14:12-26; Luka 22:7-39; Yəhya 13-14). Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci Məktubunda bu yemək haqqında qısaca yazılmışdır (1Kor. 11:23-25). Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır.

Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir. Həm bu şam yeməyi, həm də yevxaristiya Tövratın dini simvolikası ilə sıx bağlıdır. İnsanların bir-birləri və Uca Tanrı ilə birliyin rəmzi olaraq müqəddəs süfrədə iştirak etmə adəti qədimdən olmuşdur. Yəhudilərin arasında da belə adət-ənənə var idi. İsa Məsih bu qədim adət-ənənə əsasında müqəddəs “şəriklik süfrəsi”, yaxud Rəbbin Süfrəsi və ya sonradan xristian kilsəsində yevxasirtiya kimi qəbul olunan müqəddəs mərasimi təsis etmişdir.

Mark Müjdəsində sonuncu şam yeməyinin təsviri:

Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»
İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin.
O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›”
Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün».
Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi.
Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».
Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?»
İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur.
Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».
Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir».
Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi.
İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.

Həvari Paulun Korinflilərə 1-ci Məktubunda sonuncu şam yeməyinin təsviri:

Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü,
şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».


Tarix: 12.03.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 535 Bölmə: Kilseler
loading...