Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaçın xaçdaşları

Xaçın xaç daşları əsasən Kəlbəcər, Daşkəsən, Qazax və Ağstafa rayonları ərazisində yayılmışdır. Bu xaçdaşlar Xaçın knyazlığının yadigarlarıdır. Kəlbəcər rayonunun böyük bir hissəsi Alban Xaçın Knyazlığının tərkbində olmuşdur. Bu rayon ərazisində tədqiq edilmiş bütün stellalar memarlıq bədii obrazlarının özümlülüyü ilə fərqlənir, eyni zamanda onlar Qafqaz Albaniyasının xaçdaşları və digər stella tipləri üçün səciyyəvi olan kanon və formalardan kənara çıxmamışdır. Çahartağ (dördtağlı kompozisiya) şəklində həll olunmuş və tağbəndli hündür stilobat üzərində qaldırılmış qədim bütxananın yaxınlığında qeydə alınmış stellalarda iki dinin – Xristianlıq və çox güman ki, Mitraizm dinlərinin incəsənəti müşahidə olunur. Həmçinin ayrı-ayrı yerli dini təriqətlərin təsiri ehtimal olunur.[10]

Bir başdaşı alimlər D. A. Axundova və M. D. Axundov tərəfindən Kəlbəcər ərazisində dağın döşündə, yaxınlıqda aşkarlanmış tipik mitraist stellanın çıxarıldığı çahartağın özündə daha sonralar qoyulmuşdur. Xaçdaşda ikiqat düzbucaqlı çərçivə içərisində antropomorf tanrı təsvir olunmuşdur. Onun başında üz əvəzinə çevrə daxilində ulduz – günəş, kosmik işıq, cənnət sferası[11] rəmzi verilmişdir; əlində dairə daxilində girdə ay – məhsuldarlıq rəmzi vardır. Qarnından aşağıda isə başındakına nisbətən bir qədər kiçik dairə daxilində daha bir ulduz – yeraltı dünya və ya ona giriş təsvir olunmuşdur. Bunlar qədim albanların şüurunda dünyanın aydın üçpilləli modelidir. İnsan fiquru isə göstərilən bütün dünyaları bir biri ilə birləşdirən dünya oxudur. Bu xaçdaşdan bir qədər kənarda isə xristianlıqdan əvvəlki dövrə aid daha bir stella aşkarlanmışdır. Bu stellada düzbucaqlı çərçivə içərisində cızma texnikası ilə qadın, güman ki ay ilahəsi – Selena, Artemida, Ardivisura, Anahita təsvir olunmuşdur. Göstərilən stellalar bizim eranın xristianlıqdan əvvəlki dövrünə (I əsrin əvvəllərinə), bəlkə də daha qədim dövrə aiddir[10]. Təsvir olunan stellalardan başqa Kəlbəcər rayonu ərazisində daha dörd xaç daş aşkarlanmışdır ki, onlardan da daha yaxşı vəziyyətdə dövrümüzə çatanı çahartağda qoyulmuşdur.

Dörd xaçdaşın hər biri kompozisiya baxımından dərin oyulmuş hamar fondan, əsas və əlavə xaçları həcmli verilməyən ikinci dekorativ müstəvidən ibarətdir. Üçünün naxışlı haşiyəsi, birinin isə xaçla bir səviyyədə həll olunmuş saya çərçivəsi var. İki xaçdaşın hər birində ikinci dərəcəli kiçik, həm də dərinə batırılmış dörd xaç (güman ki, dörd cəhətin rəmzi) vardır. Əsas xaçlar yeraltı səltənətə girişi təmsil edən bir neçə çevrədən ibarət, zəngin naxışlı, aşağıdakı xonça ilə ahəngdar bir şəkildə çarpazlaşmış simvolik dağdan (bir-birinin içində yerləşdirilmiş pilləli üçbucaqlardan yaranıb) yuxarı qalxan qollu-budaqlı həyat ağacı şəklində həll olunmuşdur.[12]

Xudavəng monastır kompleksi ərazisində kilsə zənginin aşağısında yerləşdirilmiş qoşa alban xaçdaşı

Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş iki xaçdaş Xaçın xaçdaşlarının ən gözəl nümunələrindən biridir. Onlardan bir-birinin üstündə iki dairəvi xonça olan birinci xaç daş olduqca maraqlı quruluşa malikdir. Aşağıdakı böyük xonça yeraltı səltənətin və ya ora girişin rəmzidir. Yuxarıda isə onun içində meridional şəkildə əlavə dörd kiçik xonça yerləşir. Çox gümün ki, bu səmanın dörd cəhətinin – cənnət sferasının rəmzidir və yaxud planetlərin əbədi hərəkəti ilə hüdudsuz işıq fəzasını təcəssüm etdirir. Onların üstündə həyat ağacı şəklində xaç təsvir olunmuşdur. Xaçdaşın bədii simvolik traktovkası incə işlənmiş qurşaqla tamamlanır. Onun mərkəzində xaçdan yuxarıda üçləçəkli tağın içərisində bürcləri, səmanın möhkəmliyini, göy cismlərinin cənnət sferasını[13] təcəssüm etdirən üç çarpazlaşmış xonça yerləşir.

Soldakı xaçdaş siluetinə görə özünün sağ tərəfdəki qonşusuna oxşar həll olunmuşdur. Onun aşağı issəsində şəbəkəli dairələrdən toxunmuş və ustalıqla naxışlanmış böyük bir xonça yerləşir. Yuxarıda yanlarda iki kiçik xonça yerləşir ki, onlar da böyük xonçayla birlikdə ilahi üçlüyü (ata, oğul, müqəddəs ruh) təşkil edir. İki xonça arasındakı üçbucağın təpəsində bir-birinin içərisində yerləşən iki kiçik dairə vardır. Üçbucaq və dairə günəşi[14] təmsil edir, ondan həyat ağacı – məhsuldarlıq rəmzi şəklində xaç yüksəlir. Bu xaçdaş birinci xaçdaşa analoji olaraq incə işlənmiş, qurşaqla tamamlanır. Onun üçləçəkli tağında taxtda oturmuş tanrı təsvir edilmişdir. Hər iki xaçdaç çox orijinal və təkrarsız tamamlanır. Xaçın yuxarı budağından anadlı dairədə kiçik haça çıxır. Xaç daşda xristian simvolikası ilə ağlasığmaz tərzdə birləşmiş cüt Ahura Mitra tanrılarının aşkar rəmzinin belə təsvirləri, yalnız Qafqaz Albaniyasının stellalarında müşahidə olunur.

Kilsə kəndindəki kiçik sovmənin yarımdairəvi girişi üç xaçdaşla düzbucaqlı qapıya çevrilmişdir. İki xaçdaş şaquli, üçüncüsü isə atma şəklində üfüqi vəziyyətdə qoyulmuşdur. Xaçdaşların üçüü də alban kanonlar əsasında həll olunmuşdur. Onların həm öz aralarında, həm də Kəlbəcər rayonu ərazisində tədqiq edilmiş digər xaç daşlarla oxşarlığı vardır. Baştağın sol tərəfində qoyulmuş xaçdaş xüsusilə diqqəti cəlb edir. Simmetrik yerləşmiş yan zoğlar arasından həyat ağacı şəklində xaç yüksəlir. Xaçvari şəkildə yerləşərək çiçəklərlə qurtaran dörd zoğ xaçın (məhzuldarlıq rəmzi) nəbatat traktovkasını nəzərə çarpdırır. Xaçın üstündən meandr kəməri, onun da üstündən stellanın obrazını tamamlayan ikinci bir kəmər keçir. Bu kəmərin ortasında meyvəli budaqlarla əhatə olunmuş üç müqəddəs haça yerləşir.


Tarix: 12.03.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Kilseler
loading...