Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parusiya

Parusiya (yunan. παρουσία.“hüzur”, “gəliş”) – Əhdi-Cədiddə İsa Məsihin dünyanın sonunda gəlişini bildirən söz. Yunan dilində “parusiya” sözü həm "gəliş, gəlmə", həm də "hüzur, yanında olma" mənasını verməkdədir.[1] Buna görə də parusiya dedikdə İsa Məsihin ikinci gəlişi ilə yanaşı Onun sirli “hüzuru” – möminlərin yanında, arasında olması da nəzərdə tutulurdu. Lakin ilk xristianlar bu sözü əksərən İsanın gələcək zühuru kimi başa düşürdülər. İsa Məsihin Özünün “təyin olunan vaxtları və tarixləri” bildirməməyinə[2] və “o günün və o saatın” (dünyanın sonu nəzərdə tutulur) yalnız Ata Allaha məlum olan bir sirr olduğunu[3] deməyinə baxmayaraq, ilk xristianlar parusiyanın tezliklə baş verəcəyini gözləyirdilər. İsa Məsih Özü “Tezliklə gəlirəm”[4] deyirdi, lakin “Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir”[5] nöqteyi-nəzərindən tezliklə dedikdə əsrlər də nəzərdə tutula bilərdi. İsanın tezliklə gəlməyi, hökm gününün yaxın olmasını eləcə də bununla izah etmək olar ki, hər insanın ömrü qısadır və ondan sonra hər kəs Rəbbin qarşısında cavab verməyə hazırlanmalıdır.Mündəricat
1 İsanın gözlənilməyən və gözlə görünən ikinci gəlişi
2 İsanın ikinci gəlişinin nəticələri
3 İsanın gəlişinin yaxınlaşdığını göstərən əlamətlər
4 Mənbə
5 İstinadlar


İsanın gözlənilməyən və gözlə görünən ikinci gəlişi

İsa təkrar gələcəyindən dəfələrlə danışmışdır:

Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.[6]

Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.[7]

Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.[8]

İsa görə qalxanda iki mələk şagirdlərinə belə demişdir: “Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq”.[9]

Əhdi-Cədidin qalan hissəsi də İsanın təkrar gələcəyini öyrədir:

Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək.[10]

Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.[11]

«Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa![12]

Əhdi-Cədid İsanın təkrar gəlişinin gözlənilmədən baş verəcəyini və heç bir insandan gizli qalmayacağını öyrədir. Hər kəs İsanın zühurunu görəcəkdir:

Budur, O, buludlarla gəlir!
Hər göz Onu görəcək,
Hətta Onun bədənini deşənlər də
Onu görəcək.
Yer üzünün bütün tayfaları
Onun üçün ah-nalə edəcək.
Bəli, belə olacaq. Amin.[13]

Liberal protestant kilsələrində keçmişdə yayılmış İsanın Özünün deyil, sadəcə olaraq Ruhunun gələcəyi ideyası hal-hazırda əksər ilahiyyatçılar tərəfindən rədd edilmişdir. Buna səbəb, Əhdi-Cədidin açıq şəkildə “Rəbb Özü... göydən enəcək"[14] elan etməsidir. Bibliyaya və xristian kilsəsinin qədimdən bəri saxladığı ənənəyə görə, İsanın gəlişi insanların ürəklərində gizli şəkildə hüzuru deyil, həqiqi, fiziki, şəxsi surətdə yer üzünə enməsi ilə gerçəkləşəcəkdir.


Tarix: 12.03.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 393 Bölmə: Kilseler
loading...