Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibliya simvolikası

Bibliya simvolikası — Bibliyada istifadə olunan bədii obrazlara, yüksək ruhsal anlayış və gerçəklikləri ifadə edən işarələrə Bibliya simvolikası deyilir. Bibliyadakı simvollar, sözlə ifadə olunmaz gerçəklikləri ifadə etmək, bu dünyaya aid olan söz və obrazlar vasitəsilə İlahi varlığın sirlərini açıqlamaq üçün işlənən vasitələrdir.Mündəricat
1 Sözlərlə ifadə olunan simvollar
2 Əşyalarla ifadə olunan simvollar
3 Hərəkətlərlə ifadə olunan simvollar
4 Rəqəmlərlə ifadə olunan simvollar
5 Xristianlığın simvolları
6 İstinadlar
7 Mənbə


Sözlərlə ifadə olunan simvollar

Bunlara ilk əvvəl Müqəddəs Kitabda olan Allahın adları, antropomirfizm və sosiomorfizmlər, habelə Bibliya naturomorfizmləri daxildir. Bibliyanın ilk fəsillərində[1] dünyanın yaranması və ən qədim tarixin sirləri, eləcə də Bibliyanın axırıncı kitabında[2] dünyanın gələcəyi simvollarla təsvir olunmuşdur. Müqəddəs Kitabda "məkan" ilə əlaqəli olan obrazlar da simvolik xarakter daşıyır ("Göylərdə" olan Allah; dünyamıza "gələn, enən" Məsih). Ruhsal sirləri elmi dillə açıqlamayan simvolların əsas xüsusiyyəti, bu dünyadan pərdələnən ruhani aləmin gerçəkliklərini ötürmək qabiliyyətidir.

Əşyalarla ifadə olunan simvollar

Bunlara Əhdi-Ətiq dövründə ibadət üçün istifadə olunan müqəddəs əşyalar, məsələn Allahın Öz xalqının arasında olmağına işarə edən Əhd Sandığı və Hüzur Çadırı kimi maddi obyektlər daxildir. Əhdi-Ətiqdə məbədin quruluşu (yeddi çıraq[3], tuncdan hovuz[4] və s.) Allahın izzəti ilə dolu olan Kainatın rəmzlərindən ibarətdir. Xristian mərasimlərində işlənən maddi elementlər də Əhdi-Cədidin simvollarına əsaslanır.

Hərəkətlərlə ifadə olunan simvollar

Müqəddəs Kitabda peyğəmbər və möminlərin Allah-Taalanın qarşısında özlərini simvolik hərəkətlərlə ifadə etdiklərini, Allahın dediyini bəyan etmək üçün dramatik hərəkətlərdən istifadə etdiklərini görə bilirik. Musa və Yeşua Müqəddəs yerdə duranda, ayaqlarından çarıqlarını çıxardırdılar.[5] Süleyman məbədin təqdis edildiyi zaman dua edəndə əllərini göyə açdı.[6] Yeremya peyğəmbər Yerusəlimin Babilə təslim ediləcəyini elan etmək üçün boynuna boyunduruq taxmış xalqın arasında gəzirdi.[7] Əhdi-Ətiqdə bu kimi simvolik hərəkətlər saysız-hesabsızdır.

Əhdi-Cədiddə də İsa Məsihin simvolik hərəkətlərini görürük. Məsələn, İsa Məsih bar gətirməyən əncir ağacını lənətlədiyi zaman, tövbə və iman meyvəsini verməyən insanın ruhən ölü vəziyyətini göstərmişdir.[8] İsa Məsih axırıncı şam yeməyində bir çoxları uğrunda axıtdığı qanı ilə Yeni Əhdi bağlayanda bu şam yeməyini simvolik bir hərəkətə - xristian kilsəsi üçün müqəddəs mərasimə döndərmişdir.

Rəqəmlərlə ifadə olunan simvollar

Müqəddəs Kitabdakı bəzi rəqəmlər simvolik olduğuna görə dəqiq deyil, şərti xarakter daşıyır. Məsələn, 40 rəqəmi mühüm bir hadisədən öncə hazırlıq dövrü göstərən simvol kimi işlənir. Nuhun dövründə böyük daşqın 40 gün davam etdi[9], Musa Sina dağında 40 gün qaldı[10], İsrail oğulları 40 il səhrada dolaşdı[11], İlyas peyğəmbər Allahın dağına qırx gün-qırx gecə yol getdi[12], İsa Məsih 40 gün səhrada oruc tutdu[13]. Bundan əlavə, bir nəslin ömrü 40 il sayılırdı.

12 rəqəmi seçilmişlər mənasını verirdi (İsrailin 12 qəbiləsi, Məsihin 12 həvarisi, qəbilələrin hərəsində 12 min seçilmişlər[14]).

10 rəqəmi tamlığın rəmzidir. Məsələn, Misir xalqına verilən 10 cəza, Allahın 10 əmri, 15-ci Məzmurda müqəddəs məskənə yaxınlaşmaq üçün 10 şərt.

Müqəddəs Kitabda tamlığı, kamilliyi göstərmək məqsədilə daha çox işlənən simvol 7 rəqəmidir. Yaradılış Kitabı 1-ci fəsildə dünyanın yaranması 7-ci gündə istirahətlə tamamlanır; 10-cu fəslə əsasən, bütün millətlər 70 əcdadlardan əmələ gəldi. İsa Məsihin həvariləri 7 köməkçinin seçilməyini təşkil edirlər[15], Vəhy Kitabında 7 imanlılar cəmiyyəti və 7 ulduz haqqında danışılır.

4 rəqəmi dünyanın 4 əsas səmtinə görə "ümumdünya" mənasına gəlir. Buna görə, cənnətdən çıxan çay 4 qola bölünürdü[16], Yezekel peyğəmbərin görüntüsündə Səmavi Çadırı daşıyan simvolik 4 varlığın hər birinin 4 üzü və 4 qanadı var idi[17].

3 rəqəmi Müqəddəs Kitabda Allahın üçlü vahid təbiətini simvolizə edir[18], xilas tarixinin mühüm mərhələlərini ifadə edir.[19]

Simvolik rəqəmlərin xüsusi bir növü kriptoqrammadır (yunan dilindən “gizli yazı”). Bir misal kimi, İbrani dilində David דָּוִד (Davud peyğəmbər) sözündəki hərfləri rəqəm olaraq 14-ə bərabərdir (7+7). Bu isə öz növbəsində, Məsihin doğulmasından əvvəlki 3 böyük dövrdəki nəsillərin sayına uyğun gəlir[20].

Balıq simvolu

Xristianlığın simvolları

Xristian kilsəsi ruhani gerçəklikləri əyani surətdə göstərmək məqsədilə qədimdən bir sıra simvollar yaratmış və qəbul etmişdir: 1. Balıq ilk xristian simvollarından biri olmuşdur. O, İsanın rəmzi mənasını daşıyırdı. Buna səbəb şəkildə göstərilən yunan hərflərinin abreviaturasıdır (İXTUS). Bu abreviatura yunan dilində "Xilaskar İsa Məsih Tanrının oğludur" sözlərinin birinci hərflərindən yaranmışdır. "İXTUS" sözü isə yunanca balıq deməkdir. Eyni zamanda İsanın ilk ardıcıllarının bir neçəsi balıqçı olmuşdur.

2. Gəmi də xristianlığın ən qədim simvollarından biridir. Məsələn, III əsrdə yaşamış məşhur Roma ilahiyyatçısı Hippolitus (yaxud İppolit) xristian kilsəsini "dalğalar üzərində üzən və heç zaman batmayan" gəmiyə bənzədirdi. Başqaları onu "nicat gəmisi" adlandırırdılar.

3. Xaç (çarmıx) İsanın edam edildiyi alətin təsviridir. Bu rəmz xristianlıqdan öncə qədim Misirdə həyat simvolu olmuşdur. Xaçın yuxarısında olan dairə qadın, aşağı hissəsi isə kişi başlanğıcını simvolizə edir.

Göyərçin simvolu

4. Quş. Xristianlığın ən qədim simvollarından biridir. İlahinin daim insanın yaxınlığında olmasınından xəbər verir. Məsələn, göyərçin Müqəddəs Ruhun rəmzidir, sərçənin təsviri isə Tanrının ən xırda şeylərdən belə xəbərdar olduğunu göstərir.[21]

İstinadlar
↑ Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Yaradılış Kitabı 1-3
↑ Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Yəhyaya nazil olan Vəhy
↑ Çıxış Kitabı 25:31-34
↑ 1 Padşahlar Kitabı 7:23
↑ Bax: Çıxış Kitabı 3:5; Yeşua 5:15
↑ 1 Padşahlar Kitabı 8:22
↑ Yeremya 27:1-2
↑ Matta Mujdəsi 21:18-19
↑ Yaradılış Kitabı 7:4
↑ Çıxış Kitabı 24:18
↑ Saylar Kitabı 14:34
↑ 1 Padşahlar Kitabı 19:8
↑ Matta Müjdəsi 4:2
↑ Vəhy 7:4-8
↑ Həvarilərin İşləri 6:3
↑ Yaradılış Kitabı 2:10-11
↑ Yezekel 1:5-10; müqayisə et: Vəhy 4:6
↑ Yaradılış Kitabı 18-ci fəsildə 3 mələk İbrahimin yanına gəlir; Yeşaya 6:1-3-də Allahın müqəddəsliyi 3 dəfə məhd edilir; Matta Müjdəsi 28:19-da Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftizdən bəhs olunur; Vəhy 1:8-də Allah keçmiş, indiki və gələcək zamanın Hökmdarı kimi göstərilir
↑ Məsih öləndən üç gün sonra dilirdi – Huşə 6:1-2; Matta Müjdəsi 16:21
↑ Matta Müjdəsi 1:17
↑ Bax: Luka Müjdəsi 12:6-7


Tarix: 12.03.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 539 Bölmə: Kilseler
loading...