Ani kafedralı (həmçinin Müqəddəs Bakirə kafedralı (erm: Սուրբ Աստուածածին Եկեղեցի), Müqəddəs Ana kilsəsi (erm: Մայր Եկեղեցի) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında olan qədim erməni kafedralı və erməni memarlığının şah əsərlərindən biri.
Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977-989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır. Bu haqqda kafedralın Cənub divarındakı kitabədə deyilir:
"Erməni təqviminin 450-ci ilində (miladi 1001-ci il) ...Tanrı və ermənilərin ruhani lideri katolikos tərəfindən şərəfləndirilmiş Sarkis, erməni və gürcülərin şahənşahı Qagikin şanlı hökmdarlığı zamanında mən, Sünik kralı Vasaqın qızı, ermənilərin kraliçası Katranide özümü Allahın lütfünə əmanət edərək ərim şahənşah Qagikin əmri ilə ulu Smbatın təməlini qoyduğu bu kafedralı inşa etdirdim..."
Ani şəhərinin Cənub tərəfində yerləşən kafedral şəhərin ən iri və mühüm memarlıq abidəsidir. Kafedral orta əsrlərin ən məşhur erməni memarı Trdatın əsəridir. 1064 -cü ildə şəhərin türklər tərəfindən mühasirə edilməsi zamanı kafedral xüsusi simvolik əhəmiyyət daşıyıb. Belə ki, şəhər ələ keçirildikdən sonra Kafedralın üstündəki xaç çıxarılıb və Ani kafedralı Fəthiyyə Camisi adı ilə cami kimi istifadə olunmağa başlayıb. [1] Kafedral 1124 - cü ildə təkrarən xristianların istifadəsinə geri verilib və kitabələr binanın XIII əsrin əvvəllərində bərpa olunmasından bəhs edirlər. 1319 - cu ildə baş verən zəlzələ kafedralın qübbəsinin çökməsi ilə nəticələnmişdir və bu da binanın dini məqsədlə istifadə edilməsinə son verilməsi ilə nəticələnmişdir.
Kafedralın planıMündəricat
1 Memarlıq xüsusiyyətləri
1.1 Xarici görünüş
1.2 Daxili görünüş
2 Şəkillər
3 İstinadlar
4 Həmçinin bax
Memarlıq xüsusiyyətləri
Bazilika planın sahib olmasına rəğmən planlaşdırmada uzunluğun az olması diqqəti cəlb edir. Binanın uzunluğu eni və hündürlüyü ilə müqayisədə olduqca qısadır. Binanı əhatələyən yarımdairəvi kəmərlər abidəyə, bu binanın inşasından bir neçə yüz il sonra Avropada meydana gələn Qotik memarlıq üslubuna xas bir görüntü verir. Lakin erməni memarlığı ilə Qərbi Avropadakı Qotik memarlıq üslubunun inkişafı arasında əlaqələr qura biləcək dəlillər yoxdur[2].
Xarici görünüş
Əksər erməni abidələri kimi bu abidə də tamamilə tuf daşı ilə örtülmüşdür. Belə ki, daş və betondan inşa edilmiş binanın üstünə zərif yonulmuş tuf daşından üzlük çəkilmişdir. Planı, qübbəli bazilika formasındadır.
Kafedralın Cənub divarındakı nişlər
Abidə qübbəsini zəlzələdə itirməsindən sonra ilk görünüşünə xas olmayan kubik bir görünüş almışdır. Mənbələrin bildirildiyinə görə kafedralın qübbəsi 1319 - cu ildə baş verən bir zəlzələ zamanı çökmüşdür. Yuxarı hissənin yerdə qalan qismi isə 1832-ci ildə baş vermiş başqa bir zəlzələdə uçmuşdur. 1988-ci il zəlzələsi zamanı isə Şimal - Qərb tərəfində böyük bir yarıq və Cənub - Qərb tərfində ciddi bir çat əmələ gəlmişdir. 1998-ci ildən isə damın parçaları qoparaq tökülməyə başlamışdır. Ermənilərin qarşı tərəfdəki daş mədənlərini partlatmağa başlamaları isə 2000-ci ildən etibarən abidənin ciddi zədələr almasına səbəb olmuşdur.
Zərif kolonlar üzərində yerləşdirilmiş aralarında oymalı qabartmalı çərçivəli incə uzun pəncərələrin yerləşdirildiyi yarımçıq kəmərlər silsiləsi bütün abidəni dövrələyir. Sırayla patriarx, kral və xalqın istifadəsi üçün olan Şimal, Cənub və Qərb qapıları vardır.
Şimal, Cənub və Qərb divarlarnda olan üçbucaq formalı nişlərdən pəncərə yarıqlarından olduğu kimi divarların daxili və apsis görünür. Bu nişlər eyni zamanda fasadın düz görünüşünü pozur və əslində binaya incə divarlara artırılmış yüksəklik və möhkəmlik görüntüsü verir. Şərq divarında isə niş yoxdur. Çünki, bina daxildəki kəmərli tağtavanın təzyiqinə dayana biləcək qalın divara ehtiyac vardır.
Daxili görünüş
Kafedralın içi yüksək tavanlı və çox qaranlıqdır. Hətta mərkəzi qübbənin sağlam olduğu dövrdə daha qaranlıq olması şübhə doğurmur. Lakin bu bir qüsur olaraq qəbul edilə bilməz. Çünki bu, eyni tip tikililər üçün xarakterik olan bir cəhətdir.
Apsis və yan otaqlar iç həcminin dörddə birini doldurduğundan qübbənin Şərqindəki tağlar, Qərbdəki tağlardan xeyli qısadır. Şimal - Cənub və Şərq - Qərb istiqamətində uzanan arkalar demək olar ki, qübbənin aşağısına qədər yüksəldilmişdir.
Geniş apsis Şərq divarının altında yerləşdirilmişdir və bayırdan sadəcə iki dərin niş arasındakı pəncərə ilə vurğulanmışdır. Apsisdəki "chancel" (kilsə mehrabının yanında din adamlarına ayrılmış bölgə) zəmindən yüksəkdə yerləşdirilmişdir. Üst hissədə isə "chancel"dəki nərdivanla qalxılan kiçik otaq var.
Apsisdə İsanın (ə.s.) taxtda oturmuş vəziyyətdə bir təsvirinin izləri vardır. Bu təsvir kafedralın tarixindən yenidir və XIII əsrdə binanın bərpası zamanı əlavə edildiyi düşünülür. Sütun başlıqları isə sadə geometrik naxışlarla bəzədilmişdir. Binanın daxilində divarlarda müxtəlif ölçülü oyuqluqlar vardır ki, bu da divarlardan sökülmüş xaçkarların yeridir. Həmin xaçkarların bəzilərinin binanın cami kimi istifadə edildiyi dövrdə, bəzilərinin isə bina istfadəsiz qaldığı dövrdə xəzinə axtaranlar tərəfindən söküldüyü göstərilir.
Tarix: 07.03.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 496 Bölmə: Kilseler