Bu tip xaçdaşlar tarixi Azərbaycan ərazisinin böyük bir hissəsində yayılmışdır. İlk nümunələri Qərbi Azərbaycanda yerləşən Yenivəng monastırı ərazisində tədqiq edildiyindən elmi ədəbiyyata da elə bu adla daxil olmuşdur. Yenivəng xaçdaşları mütəxəssislər tərəfindən nisbi də olsa bir neçə xarakterik tipə ayrılır[27]: birinci tip aşağıya doğru yüngülcə nazikləşir və yuxarıdan yumrulanır, xaç bütün stela hündürlüyündə olur.
Göstərilən tipin ən qədim, ölçülmüş və öyrənilmiş xaçdaşı Basarkeçər şəhərinin yaxınlığındakı Böyük Məzrə kəndindədir. Böyük xaçdaş (hündürlüyü 250 sm, oturacağı 120 sm, yumrulanan hissə 160 sm) 881 – ci ildə alban knyazı Qriqor Nerinin qəbri üstündə qoyulmuşdur.[28] Onun obrazının dini-simvolik və bədii həllinin əsasını pilləli dağ təşkil edir, ondan şumer həyat ağacı – xaç yüksəlir: həmin dağdan xaçın aşağı gövdəsini haşiyələyən stilizə olunmuş iki əncir yarpağı qalxır. Xaçın ortasında günəş simvolu – iki dairədən ibarət xonça və ya ən müqəddəs mərkəz yerləşir.
İkinci xaçdaş (o bir qədər kiçikdir) IX əsrdə Sünikdə, Martiros kəndi yaxınlığında Sünik knyazı[29] Qriqor Amir Nerseyin qəbri üstündə qoyulmuşdur. O, alban knyazı Nerinin stelasına oxşar həll olunmuşdur: aşağıya doğru azca daralır, yuxarıdakı tamamlayıcı tağ nazik uzun sütubcuqlara dayanır. Burda da pilləli dağdan xaç yüksəlir, onun mərkəzi zoğundan stilizə olunmuş əncir yarpaqları ayrılır, yarpaqların aşağı hissəsi sarma kimi burulmuşdur. Xaçın yuxarı budağından iki belə yarpaq asılmışdır. Xaçın ortasında xonça yerləşir. Onun kiçik qabarıq hissəsi dörd budaqlı xaçın əsasını təşkil edir. Budaqların ucunda səkkizşüalı xonçalar – mərkəzi xonçanın hər tərəfində simvolik yerləşən planetlər durur. Mərkəzi xonça günəşi, sonsuz fəza işığını, cənnət sferasını təmsil edir.
Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir. Lakin bu qabarıq təsvirlərin demək olar ki, üz hissəsi tamamilə sınmışdır. Bu xaçdaşlardan birinin təsvirini M.D.Axundov vermişdir: Tanrı təsvirinin yalnız sıx saçları, halə və başın arxasına doğru gedən üç yastı zolaq görünür. Bu yastı zolaqlar başın arxasında xaç fiquru təşkil edirdi. Tanrının başından çıxan üç enli şüadan, üç kürdədən yaranan xaç nə qədər xristian dininin simvolu olsa da, müəyyən qədər də mitraist dini yükü daşıyırdı. Xaçdaş tamamilə Azərbaycan naxış şəbəkəsi ilə örtülmüşdür. Yenivəng (ermənilər hazırda bu məbədi Noravank adı ilə dünyaya qədim erməni məbədi kimi təqdim edirlər) xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir. Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülmüşdür.
Ermənistan respublikası (Qərbi Azərbaycan) ərazisində Yenivəng monastırının yaxınlığında alban xaç daşları
Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir. Qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz bu alban stelalarının mühüm bədii sənət nümunəsi və tarixi əhəmiyyəti olanları hələ SSRİ dövründə xüsusi canfəşanlıqla Ermənistana (Qərbi Azərbaycan torpaqları) daşınmışdı. Xırda bir faktı nəzərə çatdırmağımız yetər. Tədqiqatçı memarlarımız Gədəbəy rayonundakı Həmşivəng məbədinin ərazisində Artsak xaçdaşına bənzər xaçdaşı aşkarlamışdılar. Lakin daş hətta tədqiq belə edilmədən Ermənistan rəhbərliyinin göstərişi ilə gecəylə vertolyotla bizim alimlərin gözü qabağında oğurlanaraq Ermənistana aparılmışdır. Son dövrlərdə isə Qarabağdakı bu tip Azərbaycan abidələrinin mənimsənilməsi faktları dəfələrlə mətbuat səhifələrində özünə yer tapmışdır.
Azərbaycan və Dağıstan başdaşlarının böyük bir qrupu da göstərilən stelalar tipinə aiddir. Onlardan Qazax rayonunda yerləşən iki xaçdaş (və ya başdaşı) tədqiqatçılar A. Axundova və M. D. Axundov tərəfindən araşdırılmışdır. Həmin xaçdaşlardan daha böyük olan brincisi aşağıya doğru ensizləşir və yarımdairəvi tağla qurtarır. O, simvolik olaraq dörd qata bölünür, birinci hamar qatın xeyli hissəsi torpaq altında qalmışdır. Bu qatda altı xonça vardır ki, onların da hər birindən üçbucaq şəkilli həyat ağacı – xaç yüksəlir. Sonra dağ simvolu olan altı üçbucaqla doldurulmuş iki müstəqil kəmər keçir. Yuxarıda aralarında dörd altıguşəli ulduz yerləşən beş xaçdan ibarət kəmər keçir. Onların da üstündə iki eşməli zolaqla yaranan böyük tağça – mehrab yerləşir. Birincisi stelanı yarımdairəvi şəkildə haşiyələyir, ikincisi yuxarıda burularaq mərkəzində altıguşəli ulduzları olan iki dərin xonça əmələ gətirir. Yanaşı dayanan haşiyələr xüsusi çatmatağlı tağça təşkil edir. Taxğçanın müstəvisi yeddi cərgə həndəsi fiqurlarla doldurulmuşdur. Birinci cərgə doqquz üçbucaqdan – simvolik dağlar zəncirindən, beş cərgə kənarları yumrulanmış yazılı düzbucaqlardan, yeddinci cərgə isə tağçanın yuxarı səthini dolduran yazılardan (Quran surələrindən) ibarətdir. Kufi xəttinə qədərki yazı manerasında ərəb hərfləri ilə icra olunmuş, dini məzmunlu yazı doqquz üçbucağın təpəsində yerləşir. Bu yenədə dağdan çıxan simvolik həyat ağacı – xaçdır.
Birinci böyük başdaşın yanında həmçinin aşağıya doğru daralan, nisbətən kiçik ölçülü, lakin birincisinə çox oxşayan ikinci xaçdaş yerləşir. O da simvolik olaraq dörd hissəyə bölünüb; birinci hissə hamardır, ikinci hissə incə dekorlu düzbucaqlardan ibarətdir, onların haçiyələri üçbucaqlar və s. həndəsi fiqurların mürəkkəb çarpazlaşmasına əsaslanmışdır. Onun üstündə birinci daşa uyğun çatmatağlı böyük tağça yerləşir. Tağça hər üç tərəfdən biçimi yarımdairələrin çarpazlaşmasından yaranan və incə icra olunmuş haşiyə ilə əhatə olunub. Onun daxili sahəsi kufi yazısına qədərki ərəb hərfləri ilə yerinə yetirilmiş və Quran ayələri içərisinə alınmış yeddi cərgə ilə doldurulmuşdur. Tağçanın içərisində yuxarıya doğru yönəlmiş üç üçbucaqdan qalxan stilizə olunmuş üç həyat ağacı – xaç təsvir olunmuşdur. Ortadakı xaçın üstündə Kür-Araz çayları arası üçün daha çox xarakterik olan yəhərəoxşar ikiqat sarma günəş yerləşir. Hər iki xaçdaşın yan səthlərində simvolik həyat ağacları – xaşlar təsvir olunmuşdur. Hər iki xaçdaş Azərbaycan tarixi üçün olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, xaçdaşlarda Azərbaycanda Xristianlıqdan İslama keçid dövrü əks olunmuşdur. Xaçdaşlar tamamilə xristian kanonları əsasında həll edilsə də, yuxarı əsas hissəsində xaç yox, Quran surələri həkk edilmişdir.
Qərbi Azərbaycanın (indiki Ermənistan respublikası ərazisi) Gümrü şəhəri yaxınlığındakı Azərbaycan başdaşı ilə yuxarıda təsvir edilən iki xaçdaş arasında analogiya aparan A. Axundova maraqlı nəticələr əldə etmişdir. "Stela üçbucaq şəklində tamamlanır, onun yuxarısında altguşəli ulduzlu iki xonça yerləşir. Xonçaların üstündə çevrilmiş aypara vardır. Üç göy cismi – bürc göyləri təmsil edir. Xonçanın altında Quran ayələri yazılmış üfüqi tağça vardır. Tağçanın mərkəzindən stelanın axırına qədər aşağıya doğru qabağa çıxan düzbucaqlı zolaq keçir. Əgər iki xonça arasına alınmış fiquru və çevrilmiş ayparanı nəzərə alsaq əmələ gəlmiş təsvir həm qılınca, hə də ondan daha çox xaça oxşayır. Lakin xaç xristian xaçı deyil. Belə ki, qəbir daşı müsəlma başdaşıdır, başdaşındakı təsvir isə yenə də simvolizə olunmuş həyat ağacıdır. Digər maraqlı bir cəhət isə bu daşın ətrafında çoxlu yarımdairəvi şəkildə tamamlanan müsəlman qəbir daşlarının olmasıdır."[27] Bu abidələrin yerləşdikləri ərazilərdən həmin ərazilərin yerli əhalisi – Azərbaycan türkləri deportasiya olunduğundan, Azərbaycan tarixi və mədəniyyətinin tədqiqi üçün çox qiymətli olan bu sənət əsərlərinin taleyi haqqında heç bir məlumat yoxdur.
Tarix: 12.03.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Kilseler