Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana mənə necə qıydın? — ABORT

Abort… abort çoxlarımız üçün adi səslənən bir söz. Abort… Bu sözü bilməyən bir kəs varmı?
Çoxumuz onunla daha yaxından tanışıq. Ətrafımızda yaxınlarımız, bizə doğma olan insanlar, qonşular – bütün dünyada milyonlarla qadın aborta məruz qalır. Kimsə özü bu yolu keçməli olub, kimsə də bunu başqasına məsləhət görüb.
“Abort – hamiləliyin istənilən mərhələsində onun dayandırılmasıdır”. Bu quru, adi tibbi terminin arxasında daha qorxulu, dəhşətli səslənən – “uşaq qətli” durur.
memorial-for-unborn-childrenAbort mahiyyət etibarı ilə insana qarşı (Allahın kainatı məhz onun üçün yaratdığı halda) yönəlmiş ən dəhşətli cinayətdir. Özü də özünü müdafiə etməyi bacaran yetkin insana qarşı yox, əksinə müdafiəsiz, kiçik insana qarşı yönəlmiş cinayət. Bəs kim uydurub bu bəd əməli? Özünə müxtəlif bəhanələr taparaq əsrlər boyu bu bəd əməli icra edib və edir.
Cahiliyyə dövründə bəzi ərəblər qız övladları olduğu zaman bundan utandıqları üçün, bəziləri də onları böyüdüb saxlamaqda sıxıntı çəkəcəklərindən narahat olduqları üçün onları diri-diri torpağa basdırırdılar. Göstərilən səbəblərdən biri də bu idi ki, qadınlar müharibədə iştirak etmirdilər. Çox vaxt qadınlar müharibədə qalib qələn tərəfin əsarəti altına düşürdülər. Bu da onların kişiləri üçün bir rüsvayçılıq idi. Buna görə də qız uşaqlarını diri-diri torpağa basdırmaq adətinə – bu vəhşi cinayətə göz yumulurdu. İslamın gəlişi ilə buna son qoyuldu.
Hz. Mühəmməd peyğəmbərliyin ilk anlarından etibarən bu azğın əməli, adəti aradan qaldırmaq üçün çalışmışdır. Uca Allah belə buyurub: “Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər”[1].
Hz. Mühəmməd Mədinəyə hicrət etməmişdən əvvəl mədinəlilərlə görüşmüş, onlar da ona beyət etmişdilər və onunla əhd-peyman bağlamışdılar. İslamın ilk müqaviləsi sayılan bu müqavilənin maddələrinin birində qız uşaqlarını öldürmək yasaqlanmış, buna qadağa qoyulmuşdur. Qadınlar da ona beyət etmiş və bu iyrənc əməldən əl çəkəcəklərinə dair söz vermişdilər. Beləliklə də, İslam dini bu çirkin adəti aradan qaldıra bilmişdir. Quran-kərimin “Mumtəhinə” surəsinin 12-ci ayəsində belə buyurulur: “Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”
Çox təəssüf ki, cahil ərəblərin bu qəddar, vəhşi adəti müasir dövrümüzdə də mövcuddur. “Sivil” ölkələrdə abortların qanuniləşdirilməsi buna açıq-aydın bir sübutdur. Fərq bundadır ki, cahil ərəblər uşaq doğulduqdan sonra onu diri-diri torpağa basdırırdılar, müasir “sivil” ölkələrdə isə onları müxtəlif yollarla ya ana bətnində öldürürlər, ya da bunu hamiləliyin süni şəkildə pozulmasını təmin etməklə həyata keçirirlər.
Abort etdirmələrinə heç cür haqq qazandırmasaq da, qorunmanın metodları haqqında heç bir anlayışı olmayan və abortu günah bilməyən, onu normal qəbul edən və “öz probleminin” həllində yeganə çıxış yolu sayan nənələrimizi, xalalarımızı, analarımızı yenə də başa düşmək olar. Müasir dövrümüzdə qorunmanın yolları haqqında bu qədər məlumatın olduğu, bütün kütləvi informasiya vasitələri ilə şəhərimizin müxtəlif yerlərində plakat və stendlər vasitəsi ilə ən asan əldə olunan və istifadədə sadə qoruyucu vasitənin – prezervativin açıq-aşkar reklam olunduğu bir vaxtda abortun ailə planlamasında əvvəlki kimi aktual qalması ağlasığmaz və qəbuledilməzdir. Qadınlar özlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirərək cinayət edirlər. Bəhanələr isə boldur: kimdəsə bu maliyyə çətinliyidir, kiminsə əri növbəti uşağı, yaxud qız uşağını istəmir, kimi boşanır, kimisi öz partnyoru ilə qeyri-leqal əlaqələr nəticəsində hamilə qalmışdır, kiminsə abort etməsinə səbəb karyerasıdır, kimin üçün bu “arzuolunmaz uşaqdır”. Necə də dəhşətli sözlərdir, hətta bu sözləri deməyə insanın dili gəlmir.
Allahın verdiyi ən gözəl hədiyyələrdən biri olan körpəni belə adlandırmaq necə də alçaldıcıdır. Axı valideyn olmaq xoşbəxtliyini hiss etmək hər kəsə nəsib olmur. Allahın hər kəsə nəsib etmədiyi ən gözəl nemətə – övlada qarşı bu sözləri necə istifadə etmək olar? Beləliklə, qadınların bu addımı atmaq üçün gətirdikləri bəhanələr çox absurddur.
Hal-hazırda yüksək texnologiyalar sayəsində uşağın cinsinin hamiləliyin ilk vaxtlarında müəyyən edilməsi yalnız abortların sayını artırdı. Azərbaycanda valideynlərin uşağı saxlayıb və ya öldürəcəyini hər şeydən əvvəl onun cinsi müəyyən edir. Sirr deyil ki, çox vaxt atalar və hərdən valideynin hər ikisi qızdan çox oğlana üstünlük verirlər. USM hərdən uşağın cinsini dərhal müəyyən edə bilmir. Sanki körpə cəlladların əlindən qurtulmaq ümidi ilə gizlənir. Amma bu yalnız zaman məsələsidir. Əgər onun cinsi arzuolunanla eyni olmasa, onu gözləyən ən qorxulu aqibət – “gecikmiş abort”dur.
Söhbət puldan və başqa ruzilərdən gedəndə insan heç vaxt “artıq” kəlməsindən istifadə etmir. Bəs Allahın bu nemətinə qarşı nə haqla istifadə edir?
1389168285_korpe_usaq_ana_betni_001112Halbuki Uca Allah Quranda buyurmusdur: “Yoxsulluqdan qorxub (Cahiliyyə dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!”[2]
Bəli, bəhanələrin ən ciddisi – “qüsurlu” və “xəstə” övlad doğulması təhlükəsidir. Əlbəttə, heç bir valideyn özünə “xəstə” övlad arzu etməz, lakin “istədiyiniz” və sağlam halda dünyaya gətirdiyiniz övladın sabah başına müsibət gəlməyəcəyindən necə əmin ola bilərsiniz? Belə ki o, şikəst qalsa, onu da öldürəcəksinizmi?
Elə iş də burasındadır. Məsələyə düzgün yanaşmamaqda! Yanlış yanaşma ona gətirib çıxarır ki, vaxtı ilə cinayət sayılan bir çox məsələlər cəmiyyətdə sonradan müsbət, yaxud ən azı neytral münasibətlə qarşılanır, yaşama hüququ qazanır (oğurluq, fahişəlik və s. kimi).
Bu gün həkimlərin sağalmaz xəstəliyə tutulmuş insanlara özlərini öldürməyə kömək etməsi (evtanaziya) hallarının olması ilə bağlı qızğın debatlar gedir. Fəlakət göz qabağındadır – artıq həyatın qiyməti sual altına qoyulur. İnsan Allahın müəyyən etdiyi ən qadağan olunmuş əraziyə girməyə cürət edir.
Uşaq arzuolunan olduqda isə onu hər yolla qoruyurlar, ananın onu daşıması üçün yaxşı şərait yaradırlar, psixoloqlar, hətta yüksək musiqiyə qulaq asmağı məsləhət görürlər (uşaq ana bətnində eşidir). Bəs “arzuolunmaz hamiləlik” adlandırdıqları halda nə dəyişir? Məgər övlad həmin övlad deyilmi? İstənilənin hissiyyatı var, “istənilməyənin” yox? Xeyr! O da hiss edir və dünyaya gəlməyə hazırlaşır. Elə isə sizə onu Allah-Taala tərəfindən verilən bu “yaşamaq haqqından” məhrum etməyə (özü də zülmlə) kim icazə verib? Allah ana bətnini yalnız övlada aid edib. Ana bətni uşağı dünyaya gələcəyi vaxta qədər qorumaq, qidalandırmaq və s. kimi şeylər üçün yaradılıb.
Ana onun bətnində olan uşağın dəhşətli əzablarla ölməsinə necə dözə bilər? Bu “qadın olmayan kəs”ə bu cür əməllərə görə necə bəraət qazandırmaq olar? Cəhalət? Bəlkə, mən haqlı deyiləm, amma inanmaq istərdim ki, onun abort otağında baş verənlər barəsində təsəvvürü yoxdur, çünki körpəni “rüşeym”, “cift”, “döl”, “toxuma” adlandırdıqda qorxmadan bu obyektləri çıxartmaq, doğramaq daha asan olur. Mənə görə bu vəhşiliklərdə əsas günahkar əsl cinayətkarlar – həkimlərdir. Axı “həkim sənəti”nin vəzifəsi cinayətə, qətlə səbəb olmaq yox, xilas etmək, sağaltmaqdır. Əvvəllər hələ Hippokrat andı içərdilər, indi isə həkimlər öz əsl həkimlik missiyalarını unudublar. Ən dəhşətlisi isə budur ki, abort üçün aldığı pulları öz uşaqlarına aparırlar. “Simmetriya” gender assosiasiyasının göstəricilərinə əsasən, əhalinin reproduktiv sağlamlıq sahəsində işləyən tibb işçilərimizin 90%-i ginekoloqlar, genetiklər, USM aparatın həkimləri, mamaçalar, silektiv abortlara görə məsuliyyət daşıyan kadrlar və başqalarıdır.
Edilən abortların çoxu – 54%-i hamiləliyin II rübündə (3-6 aylarda) və 32%-i isə son vaxtlarda edilir – “gecikmiş abort”. Abort haqqında uzun müddət müxtəlif materialları araşdırdıqdan sonra abortun ən qatı əleyhdarlarından olan Vladislav Lavrinin yazılarını tapdım. O, bir çox məqalələrin müəllifidir. “Həyatın müdafiəsində” məqaləsində Lavrin dəhşətə gələrək, “qadın üçün abort etmək – qlandaları kəsməkdən, apendisiti aradan qaldırmaqdan daha asandır” – deyə yazır. O, çox düzgün olaraq ginekoloq həkimləri “manyak-psixopat”a bənzədir.
“… Əksər hallarda manyak qatillərin, həqiqətən, ruhi xəstə olmaları qəbul olunur və tibb də sübut edir ki, təcavüzə, qanlı qətllərə meyil, həqiqətən, xəstəlikdir və bu insanlar və ya “heyvanlar” ağlı başında olmadan qətl törədirsə, bəs öz doğma övladını öldürən, sağlam düşüncəsi olan ananı necə adlandıraq? Problemlərinin həlli kimi qətlə razı olan ata və anaya necə bəraət qazandırmaq olar?
Aborta necə baxırsan bax, onun nəticəsi cinayətlərin yüksək sayılan kateqoriyası ilə eynidir:
1. Abort zamanı rüşeymin müstəqil şəkildə inkişafına zorla müdaxilə edilir.
2. Abort zamanı körpənin qətli xüsusi amansızlıqla həyata keçirilir (bıçaqla doğranma, parçalanma və vakum cihazı ilə sovrulma, dərinin yandırılması və duzlu məhlulla zəhərləmə, göbəkbağını kəsib, sonra da fiziki yolla öldürməklə (kəllə sümüyünün deşilməsi, onurğa sütununun kəsilməsi, boğma, soyutma və s.). ABŞ-da çox uşaqların sadəcə onurğa sütununu kəsirlər – bütün bunlar manyak-qatillərin sevimli üsullarıdır.
USM göstərir ki, ölüm gətirən alətdən gizlənmək üçün cəhd göstərən uşaq ana bətnində necə çabalayır, ancaq nə anada mərhəmət var, nə də həkimdə. Qurban da ölüm səhnəsindən həzz almaq arzusunda olan qatilin qarşısında eyni ilə bu şəkildə çabalayır, qurbanın da işgəncə zamanı eyni ilə bu qaydada ağzını yumub, əl-qolunu bağlayırlar və bütün yalvarışlar nəticəsiz qalır.
Ağır səhnədir – USM-in monitorunda “tibbi göstərişlər”ə əsasən hamiləliyin süni dayandırılmasının gedişatı əks olunur.
Uşağın müdafiə olunması aydın surətdə görünür, tora düşmüş balıq kimi onun narahat şəkildə çabalaması, alətin balaca əli necə kəsməsi… ən dəhşətlisi isə budur ki, o, hələ sağdır. Ağlasığmaz ağrıdan onun ağzı səssiz haray edərək açıqdır, yenə bir hərəkət və alət körpənin ayağına keçir, amma o, hələ sağdır! Bir neçə dəqiqədən sonra isə onun ürəyi həmişəlik dayanır.
Bunlar dəhşət filmindən kadrlar deyil, bu abort mamaçaların adi, qanuni və ödənişli işidir. Çox təəssüf ki, mənə bunun şahidi olmaq bədbəxtliyi nəsib oldu və qanuna görə mənim qətlə müdaxilə etmək və mane olmaq hüququm yox idi.
Bunun qanunda olub-olmamağına baxmayaraq, qətl elə qətl olaraq qalır…”
Bu gün bütün dünyada abort edilir. Təkcə Rusiyada hər gün 21 000 gecikmiş abort olur. Siz təsəvvür edirsiniz, 21 000? Ancaq abortun əleyhdarları təslim olmurlar. Bu barədə heç də az yazılmayıb, nə də az deyilməyib. Dövlət səviyyəsində müxtəlif debatlar gedir. Amma bizdə isə əvvəlki kimi hər şey gizlidir. Lakin bəsdir. Yetər cahillik, arsızlıq. Biz öz vacib missiyamızı – müsəlmanın missiyasını yerinə yetirmək əvəzinə çox susmuşuq. Gəlin əməllərimizdə məsuliyyətli olaq. Axı biz qiyamət günü bu bəd əməli icra edənlərlə bir sırada durub, Uca Allah qarşısında cavab verəcəyik. Və biz özümüzə heç cür haqq qazandıra bilməyəcəyik. Bizim gözlərimiz var idi – biz onu yumurduq, dilimiz var idi, biz susurduq. Çoxları deyir ki, bu, bizim işimiz deyil. Xeyr, əzizlərim, bu, bizim işimizdir. Mən sizdən cəmiyyətimizin bu probleminə ciddi yanaşmağı xahiş edirəm. Sizin ətrafınızda mütləq abort etmiş və ya onu etmək istəyən doğmalarınız tapılar. Laqeyd qalmayın, onları bu addımı atmaqdan çəkindirin. Vladislav Lavrinin məqaləsindən sitat gətirmək istəyirəm: “… Biz həmişə Hitler genosidinin qurbanlarını xatırlayacağıq, ancaq bu rəqəm həlak olmuş uşaqların sayı ilə müqayisə edilə bilməz. Onlar nə öz dövlətlərinin maraqlarını qoruyaraq hərbi əməliyyatlarda iştirak ediblər, nə də xidməti borclarını icra edərkən öldürülüblər. Onların ölümü bədbəxt hadisə deyil, onların ölümündə bütün cəmiyyət günahkardır… Qəddarcasına öldürülənlər həmişə heç nədən qurban gedənlərin sayını artırır…
Mən sizə yalvarıram; dayanın! Körpənizə günəşi görmək imkanı verin. Ona həyat verin və siz mütləq mənim sözlərimi xatırlayacaqsınız. Siz ana və ata olanda xatırlayacaqsınız, o, sizə dayaq olanda xatırlayacaqsınız, o, çarpayınızın yanında, başınız üstündə dayananda xatırlayacaqsınız. Siz bu dünyanı tərk edəndə isə, bəlkə də, yalnız o, sizi xatırlayacaq. Uşaqları qoruyun, onlarsız gələcək yoxdur, ölkə də olmayacaq və bu günəşin də kimin üçünsə parıldamasına ehtiyac olmayacaq!..”


Tarix: 26.01.2015 / 11:11 Müəllif: Aziza Baxılıb: 473 Bölmə: Ginekoloq Meslehetleri
loading...