Hamiləlik zamanı qadınların bir çoxu ağrılarla rastlaşır. Bəzən belə ağrılar hamiləliklə, bəzən isə digər xəstəlik və pozulmalarla bağlı olur.
Adətən qarın nahiyyəsində olan ağrılar qadınları çox narahat edir. Lakin bu heç də o demək deyil ki, hamiləlik təhlükə altındadır. Belə ağrılar mədə-bağırsaq sistemində olan pozulmalarla əlaqəli ola bilər. Ümumillikdə isə hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir. Qəbizlik ağrılara və ağırlıq hissiyyatının əmələ gəlməsinə səbəb ola bilər. Bu kimi hallarla mübarizə aparmaq üçün qadın hamiləlik zamanı düzgün qidalanmalı və gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etməlidir. Bundan əlavə hamilə qadın mümkün qədər çoxlu gəzməli və fiziki hərəkətlər etməlidir ki, bağırsaqların fəaliyyəti yaxşılaşsın.
Ağrıların digər səbəbi — uşaqlığı saxlayan bağların dartılmasıdır. Döl böyüdükcə uşaqlığın da ölçüləri artır ki, nəticədə bağlar daha da dartılır. Bağların dartılması ilə bağlı olan ağrı kəskin və cəld hərəkətlərdən, asqırmaqdan, ağır əşyaların qaldırmasından sonra daha güclü ola bilər. Ağrı bu zaman kəskin olsa da qısamüddətli olur. Ağrısızlaşdıran preparatlardan istifadə etmək tövsiyə edilmir. Sadəcə qadın daha asta hərəkət etməli və özünü bir qədər qorumalıdır.
Güclü fiziki gərginliklər də qarın əzələlərin həddən artıq gərginləşməsinə səbəb olaraq ağrılara gətirib çıxara bilər. Bu halda sadəcə uzanmaq və bir qədər dincəlmək lazımdır.
Əgər qarında olan ağrılar yüksək hərarət, ürəkbulanması, başgicələnməsi ilə müşayiət olunursa, tez bir zamanda «təcili yardım» çadırmaq lazımdır. Bu simtomlar appendisit, pankreatit, bağırsaq keçməməzliyi və s. təhlükəli xəstəliklərin simptomları ola bilər.
Təəssüf ki, hamiləlik zamanı qarında olan ağrılar ginekoloji problemlərə işarə edə bilər. Bu ağrı hamiləliyin pozulmasının təhlükəsindən xəbər verə bilər. Bu halda ağrılar sızıldayan olur, bel nahiyəsinə yayılır və doğuş sancılarını xatırladır. Belə ağrılar cinsiyyət yollardan gələn ifrazatlarla (ifrazatların rəngi aşıq qəhvəyidən qırmızıya qədər ola bilər) müşayiət oluna bilər. Belə simptomlar meydana çıxandıqda dərhal həkimə müraciət etmək lazımdır. Qadın «təcili yardım» çağırmalı, özü isə uzanmalı və sakitləşməyə çalışmalıdır. Lazım olduqda qadın xəstəxanaya yerləşdirilə bilər.
Ağrıların səbəbi o cümlədən uşaqlıqdan kənar hamiləlik ola bilər. Bu səbəbdən hamiləliyin erkən müddətlərində USM-dən keçmək lazımdır ki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun. USM zamanı hamiləliyin təxminən 4-cü-5-ci (bəzən 6-cı) həftələrində (axırıncı menstruasiyanın birinci günündən sayılır) uşaqlıq boşluğunda döl yumurtası izlənilməlidir. Döl yumurtası izlənilmirsə, uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olur. Bu halda qadına təkrar USM təyin olunur. Uşaqlıqdan kənar hamiləlik qadının səhhəti və bəzən hətta həyatı üçün ciddi təhlükə yaradır və bu səbəbdən aşkar olunduqdan sonra mütləq pozulmalıdır. Bunun üçün xüsusi dərman preparatları və ya cərrahi üsullar tətbiq oluna bilər.
Hamiləlik zamanı bir çox qadınlar baş ağrılarından əziyyət çəkir. Baş ağrısı başının bir hissəsində yarana bilər (miqren tutması) və ya yayılmış xarakter daşıya bilər (gərginlik baş ağrıları). Adətən bu hallarda həkimlər, xüsusən hamiləliyin əvvəlində, heç bir dərman preparatları təyin etmir və sadəcə daha çox dincəlmək və açıq havada olmaq məsləhət edirlər. Lakin bəzən hamilə qadında olan baş ağrıların səbəbləri daha ciddi olur — beyin qan dövranının pozulmaları, arterial təzyiqin qalxması, böyrək xəstəlikləri, ağır toksikozlar. Bu xəstəliklər və pozulmalar hamiləlik və bəzən hətta qadının həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən hamiləlik zamanı baş ağrıları ilə üzləşdikdə mütləq həkimə müraciət edib lazım olan müayinə və analizlərdən keçmək lazımdır.
Hamiləlik zamanı süd vəziləri böyüyür və onlarda müəyyən ağrılar və diskomfort yarana bilər. Məsələ burasındadır ki, hamiləlik zamanı süd vəzilərində dərin struktur dəyişikliklər baş verir ki, nəticədə süd vəziləri laktasiyaya (əmizdirmə) hazırlaşır.
Bu ağrılarla «mübarizə aparmaq» mümkün deyil. Lakin diskomfort hissiyyatı azaldmaq üçün ölçülərinizə uyğun olan rahat sıxmayan büstqalter taxın və qollar və çiyinlər üçün olan asan fiziki hərəkətlər edin (bu süd vəziləri saxlayan əzələ və bağları möhkəmləndirir).
Hamilə qadınların əksəriyyəti (xüsusən hamiləliyin axırıncı aylarında) bel nahiyəsində olan ağrılardan əziyyət çəkir. Bu qadının onurğa sütununa olan gərginliyin artmasından və qarın əzələlərinin zəiflənməsindən irəli gəlir. Adətən bel ağrıları hamiləliyin 5-ci ayından sonra başlayır və yalnız doğuşdan sonra yox olur. Bəzən ağrı ayağa da yayılır («vurur») və adətən fiziki gərginlikdən, uzun müddət ərzində gəzmək, ayaq üstə durmaq və ya oturmaqdan sonra daha da şiddətlənir. Belə ağrılar hamiləlik üçün heç bir təhlükə yaradmasa da hamilə qadını çox narahat edir. Həkimlər kalsiumla zəngin olan məhsullarını qəbul etmək, bel nahiyəsini mümkün qədər «qorumaq» (kəskin əyilməmək, ağır əşyaları qaldırmamaq və s.), ortopedik döşəkdə yatmaq, qarın və bel əzələlərini möhkəmləndirən xüsusi fiziki hərəkətləri etmək, üzgüçülük və akva-aerobika ilə məşğul olmaq tövsiyə edirlər.
Bel nahiyəsində olan ağrılar hərarətin qalxması, ödemlərin əmələ gəlməsi, baş ağrılar və arterial təzyiqin qalxması, tezləşmiş sidik ifrazı ilə (sidik bulanlıq, iyli, qan və irin qarışıqlı ola bilər) müşayiət olunursa, bu böyrək xəstəlikləri ilə bağlı ola bilər. Hamiləlik zamanı böyrək xəstəliklərinin inkişaf etməsi və ya kəskinləşməsi hamiləlik üçün təhlükə yaradır. Bu səbəbdən qadın dərhal həkimə müraciət etməlidir.
Bəzən hamiləlik zamanı qadınlar sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi və ağrılar hiss edir. Bu öd yolları və öd kisəsinin diskineziyasının simptomları ola bilər. Böyüməkdə olan uşaqlıq qarın boşluğunda yerləşən orqanlara (o cümlədə, öd kisəsinə) təzyiq edərək onların fəaliyyətini pozur ki, nəticədə həzm prosesin çətinləşməsi, meteorizm, qəbizlik, öd kisəsinin diskineziyası kimi pozulmalar meydana çıxır. Həkimə müraciət edərək USM-dən keçmək lazımdır. Diaqnoz təsdiq olunduqda, həkim müəyyən pəhriz təyin edəcək.
Tarix: 26.11.2014 / 15:41 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Ginekoloq Meslehetleri