Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda bakirəliyin tibbi yolla bərpası

Bu günlərdə qəzetimizin son səhifəsində Çində bakirə qız problemi barədə bir məlumat yayımlanmışdı. Xəbərə görə, 30-a yaxın çinli iş adamı evlilik agentliyinə müraciət edərək bakirəliyi pozulmamış və ya yenidən bərpa edilməmiş qız axtardıqlarını bildiriblər. Böyük ehtimalla bunu oxuyanlar “bizdən uzaq” deyiblər. Amma təəssüflə qeyd edək ki, bizdən uzaq deyil. Azərbaycanda da bakirəlik problemi yaşanır.

Tibb çarə tapdı

İradəni (ad şərtidir-red.) 3-4 ildir tanıyırdım, bütün gəncliyi boyu istədiyi kimi yaşamışdı, hər gün bir macəra axtarışında bulanması bütün çevrəsinə məlum idi. Həmin xanım 3 il vətəndaş nikahında olduğu kişidən ayrılıb, başqa biri ilə yaşamağa başlayanda da çevrəsinin qınağına tuş gəlmişdi. İradənin davranışlarını normal hesab edənlər də az deyildi, çünki artıq cəmiyyətimizin mental dəyərləri sındırılmış, məhrəm münasibətlər üzdə yaşanmağa başlamışdı.
Bu günlərdə həmin qız zurna-balabanla, ədəb-ərkanla ailə qurdu. Toyunda iştirak edən bir tanış deyir ki, həmin xanım bakirəlik iddiasındaydı və bunu sübut edəcəyini deyirdi. Sübut da elədi. Maraqldır, necə?
Heç kimə sirr deyil ki, müasir tibb bakirəliyi bərpa eləmək üsullarına yiyələnib. Bu çox da çətin olmayan, amma məsuliyyət tələb edən işdir. Əməliyyatı hər həkim boynuna götürmür. Çünki məsuliyyəti həm tibbi, həm də hüquqi cəhətdən ağırdır. Bu əməliyyat “himenoplasti” adı daşıyır.
Adının çəkilməsini istəməyən bir qadın ginekoloq Azərbaycanda aparılan əməliyyat haqda danışdı. Onun sözlərinə görə, qızlıq pərdəsinin bərpası iki formada reallaşdırılır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Tikilən pərdəni “orijinal”ından fərqləndirmək isə yalnız ginekoloqlar tərəfindən mümkün ola bilər.

"Elə məşhurları bərpa etmişəm ki!"

Adının gizli qalması şərti ilə danışan həmsöhbətimiz əməliyyatın təfərrüatları barədə daha sonra bunları söylədi: “Qızlar adətən toydan bir ay qabaq müraciət edirlər. Bu müddət ərzində kifayət qədər vaxt olur ki, pərdəni bərpa edək. Bəzi qızlar dolayı bəhanələr gətirirlər, deyirlər ki, “yıxılmışam, qızlıq pərdəsi zədələnib”. Daha bilmirlər ki, bakirəliyin cinsi əlaqə və ya travma yolu ilə pozulmasını təyin etmək çətin deyil, lakin bunu yalnız məhkəmə-tibbi ekspert və ya təcrübəli ginekoloq ayırd edə bilər. Qızlıq pərdəsinin 2 cür bərpa yolu var: Birincisi, pozulmuş kənarların biri-birinə tikilməsi, ikincisi, cinsi yolların ön və yan divarının selikli qişasının tikilməsi vasitəsilə “yeni” qızlıq pərdəsinin yaradılması”.
Həkimin sözlərinə görə, ona tanınmışlar da müraciət ediblər: “Adlarını çəksəm təəccübdən donarsınız, elə xanımlar var ki, siz onu mömin, Allah adamı, namuslu, ailə qızı kimi tanıyırsınız”.
Ginekoloqdan bu proses üçün nə qədər pul aldığını soruşduq: “Elə əməliyyat var ki, 50-100 manat, eləsi də var 500-1000-ə qədər pul verir. Baxır əməliyyatın gedişinə”.

"Qadın həmişə günahkardır"

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, son zamanlar belə hadisələr çox olur: “Qızların bəkarətini bərpa etdirməsi ailənin təməlinin yalandan qoyulmasına xidmət edir. Məsələnin həm psixoloji, həm də mental tərəfdən ağırlığı var. Bu, ciddi bir nöqsandır. Bizim cəmiyyətdə insanlar bu məsələyə tolerant yanaşa bilmirlər. Əgər qız hər hansı təcavüz nəticəsində bakirəliyini itiribsə, bunu bədbəxt hadisə kimi qəbul etmirlər. Qız da bu səbəbdən yalana əl atmalı olur. Stereotiplər buna imkan vermir, qadınların qınanılması yalanın təməlini qoyur.
Bəli, bu gün stereotiplər qadını məcbur edir ki, öz həyatını yalan üzərində qursun. Qadının başına pis bir hadisə gəlibsə, təcavüzə uğrayıbsa, o, günahkar deyil, zərərçəkəndir. Halbuki bizim cəmiyyətdə həmişə günahkar qadın olur. Zorlananda da, döyüləndə də, pis yola düşəndə də…”

Bakirəliyi bərpa etmək cinayətdir?

Zifaf gecəsi qızın bakirə olmaması əksər vaxtlarda nikahın pozulması ilə nəticələnir. Hüquqşünas Kamran Məmmədov deyir ki, Azərbaycan qanunvericiliyinə görə, tərəflər bir-birinə heç bir şərt qoymadan boşana bilərlər: “Toydan sonra qadının bakirə olmaması aşkarlanarsa, kişi bunun üçün təzminat tələb edə bilməz, sadəcə boşana bilər. Ən uzağı toyun xərclərini tələb edə bilər qadından. Amma bu tələbin yerinə yetirilməsi ehtimalı aşağıdır”.
Hüquqşünas bildirir ki, qanunvericiliyə görə, toydan qısa müddət sonra hər hansı səbəbdən tərəflər boşanarsa, qadın ərindən maddi və mənəvi itkilərinə görə təzminat tələb edə bilər. Bəkarətin pozulması da bu itkilər sırasına daxildir: “Azərbaycanın Cinayət Məcəlləsi konkret olaraq nikaha giriş yaşını, nikaha girən tərəflərin hüquqlarını, nikahın pozulma qaydalarını, nikahdan sonrakı məhkəmə həll edir. Bu Məcəllədə nikahın etibarsız sayılma məsələləri var, onların sırasında bakirəliyə görə nikahın pozulması məsələsi yoxdur”.
O ki qaldı bakirəliyi bərpa edən həkimlərə və tibb mərkəzlərinə, Kamran Məmmədov deyir ki, bu əməl konkret olaraq cinayət məsuliyyətidir. Bu bir növ orqan əməliyyatıdır ki, qanun bunlara qadağa qoyub. Çünki insanlar bununla insan alveri və orqan mafiyasının əlinə düşə bilərlər. Bəkarətin bərpası da buna görə qadağandır.
Hüquqşünas Sahib Məmmədov isə iddia edir ki, bu, sağlamlığa zərər vermək deyilsə, cinayət əməli sayıla bilməz: “Bakirəliyin bərpası sadəcə plastik-estetik əməliyyatdır, məncə. Çünki şəxsin bədəninə zərər vurulmur”.

"Saytımıza məktub yazırlar ki, bakirəliyi necə bərpa edək…"

"Azadqadin.az" saytının təsisçisi və redaktoru Aynur Qurbanqızı da bu problemlə bağlı narahatlığını dilə gətirdi: "Cəmiyyətimizdə səbəb və məqsədindən asılı olmayaraq ailə qurmadığı halda bakirə olmayan qızlar var. Saytımızın həkim məsləhəti bölməsinə bu problemlə bağlı yetərincə müraciətlər daxil olur. Onlar qızlıq pərdəsinin necə bərpa edilməsi ilə maraqlanırlar. Çünki son çarəni tibbi müdaxilədə görürlər. Aralarında bir neçəsi ilə söhbət aparmışam ki, ömür boyu ona vicdan əzabı verəcək bu yalanı daşımaqdansa, gələcək həyat yoldaşına həqiqəti söyləsin. Amma onların da cavabı var: “Bunu etiraf etsək toy təxirə düşəcək, el içində biabır olacağıq". Haqlıdırlar, cəmiyyət bu cəsarətli etirafı qəbul etməyə hazır deyil. Əsas problem budur”.

Aynur Qurbanqızı subay ikən bakirəliyin pozulmasına haqq vermir, ancaq xatırladır ki, bəzən bu iş istəmədən, yaxud hər hansı zorakılıqdan da baş verə bilər: "Nəyə görə o qızın həyatı bir bakirəlik pərdəsinə görə darmadağın olsun, onu bir səhvinə görə bir az da üstünə gedərək pis yollara salıb fahişə edək?! Yaxud evlilik böyük bir yalan, saxtakarlıq üzərində qurulsun... Bu saxtakarlıqdansa bu etirafı dinləmək və dürüstlüyündən dolayı ona humanist yanaşmaq olar".


Tarix: 07.12.2012 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2709 Bölmə: Ginekoloq Meslehetleri
loading...