Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İctimai inkişafın bəzi konsepsiyaları

Etiraf etmək lazımdır ki, təkcə yüz il qabaq deyil, indinin özün­də belə bəşəriyyətin bərqərar olması və inkişafı haqqında vahid fikir yaranmamışdır. Buna təəccüb etmək lazım deyildir. Çünki bə­şər cəmiyyəti insan əqli tərəfindən dərk və izah edilməyən xeyli sirrə malikdir. Alimlərin fikrincə, bunun da başlıca səbəbi insan cəmiyyəti ilə məşğul olan elmlər– sosiologiya, siyasi iqtisad, tarix, demoq­rafiya hələ çox təzədirlər, inandırıcı dəlil və nəticə üçün kifayət qədər material toplamamışlar.
İctimai inkişafın qanunauyğunluqları və yaxud paradoksları haqqında mövcud olan tarix konsepsiyalarını şərti olaraq üç qrupa bölmək olar (burada ilahiyyatçı doktrinalar nəzərə alınmır).
Birinci qrupa içtimai inkişafda bu və ya digər dərəcədə universal qanunauyğunluqların mövcudluğunu inkar edən və ümumiy­yətlə, tarixdə hansısa mənanın olduğunu qəbul etməyən mütəfək­kir­lər daxildir. Bu istiqamətin tanınmış nümayəndələrindən biri ingilis filosofuKarl Popperdir. O, 1943– 1944– cü illərdə çap etdirdiyi «Açıq cəmiyyət» əsərində tarixdə hansısa qanunauyğunluğun möv­cudluğunu və ümumiyyətlə, bəşəriyyətin vahid tarixinin olduğunu rədd etmişdir. Onun fikrincə adamları bir nöqtədə birləşdirmək üçün alimlərin axtarış cəhdləri əbəs və əsassızdır. Çünki bunun üçün onların nə müvafiq şərtləri, nə əsasları, nə də zəruri faktları yoxdur. Popperin fikrincə, «bəşəriyyətin vahid tarixi yoxdur», bunun əvəzində çox saylı tarixlər vardır ki, bunlarda insan həyatının müxtəlif aspektlərini əks etdirir. Onların içərisində siyasi hakimiyyət tarixi də vardır. Popperə görə, cəmiyyətin tarixində nəinki heç bir tarixi qanunlar ola bilməz, o, həmçinin hər cür mənadan məhrum­dur. Ümumiyyətlə, bəşəriyyət tarixində ən mühüm yer siyasi haki­miy­yət tarixinə aiddir. Lakin siyasi hakimiyyət tarixi dünya tarixi deyildir. Çünki yuxarıda qeyd edildiyi kimi filosofun fikrincə real tarix kimi ümumi tarix mövcud deyildir. O, yalnız dünyada olan tarixlərin birisidir. Siyasi hakimiyyət tarixi Popperə görə, din tari­xin­də, yaxud poeziyadan fərqli olaraq aşağıdakı şərtlərlə seçilir. Bi­rincisi, hakimiyyət bizim hamımıza təsir etdiyi halda, poeziya yalnız az adamları əhatə edir. İkincisi, adamlar hakimiyyəti ilahiləşdirməyə meyllidir. Hakimiyyətin ilahiləşdirilməsini insanın qorxu hissi doğurmuşdur. Üçüncüsü, hakimiyyətə malik olan adamlar, bir qayda olaraq, ilahiləşdirmədən çox razı qalırlar. Bununla bərabər alim onu da qeyd edir ki, bəşəriyyətin bir sıra tarixləri imperatorların, generalların, diktatorların nəzarəti altında yazılmışdır.
Doğrudur, Popper fikirlərinin hamı tərəfindən başa düşülsə də, qəbul edilməyəcəyini bilərək özü etiraf etmişdir ki, onun mü­lahizələri çoxları tərəfindən etirazla qarşılanır. Onun tarixə baxış­larında müsbət elementlərin olması inkar edilməsə də, arqumentləri çox zəif və inandırıcı deyildir. Bir sıra alimlərin fikrincə, Popperin tarixə baxışları tezliklə arxivlərin ixtiyarına veriləcəkdir.
cəmiyyət haqqında müasir elmlər içərsində alman mütəfək­kiri Maks Veberin (1864– 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proq­nozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumi­ləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir. Onlar öz adlarını sırf şərti olaraq, ancaq praktiki məqsədlər üçün tarixin sxematik tipləşdirilməsi məqsədi xatirinə daşımışdır. Lakin bu o demək deyildir ki, Veber müxtəlif inkişaf mərhələlərində ictimai münasibətlərin bərqərar olunmasına təsir edən müəyyən amillərin varlığını inkar edir. Söhbət təkcə öz fəaliyəti ilə tarixin gedişinə təsir edə bilən təsadüfi şəraitdən, yaxud ayrı– ayrı şəxsiyyətlərdən deyil, daha zəruri məsələlərdən gedir. Bunlar Veberin fikrincə, tarixi dövrlərin təsnifatı kriteriyaları hesab oluna bilər. Veber tarixi şərti olaraq üç böyük dövrə bölür: ənənəvi, feodal, kapitalist adlı bu dövr­lər üçün ümumi olan cəhət adamların birinin digəri üzərində ağa­lığıdır. Amma ağalıq formaları və onları doğuran səbəblər müxtəlif olmuşdur. Veberə görə, cəmi üç ağalıq tipi hökm sürmüşdür. Bunlar ənənəvi, xarizmatik və rasional tiplərdir.
Ənənəvi yaxud antik cəmiyyətdə ağalıq, yəni hakimiyyətin hakimlər və onlara tabe olanlar tərəfindən müqəddəs və ənənəvi ola­raq ən qədim zamanlardan irsən verilmiş kimi anlamına əsas­lanırdı. Bu cəmiyyətdə ağa ilə tabe olan arasındakı münasibətlər iqtisadi, yaxud da inzibati prinsiplərlə müəyyən olunmur, ənənəvi borc hissi ilə, tabe olanın öz ağasına sədaqəti ilə müəyyən edilir.
Ağalığın xarizmatik forması tamamilə hakimin şəxsi ləyaqəti ilə şərtlənir ki, onu əhatə edənlərin və ona tabe olanların gözündə föv­qəltəbii, fövqəlinsan, yaxud allah tərəfindən göndərilmiş kimi gö­rü­nür. Xarizmatik hakim (lider) xüsusi, qeyri– adi keyfiyyətlərə ma­lik olub, öz tərəfdarlarının gözündə pak, təmiz hesab olunur. Xa­riz­ma­tik lider rolunda dini vaiz, peyğəmbər, siyasi xadim, sərkərdə və b. çıxış edə bilər. Xarizmatik idarəçilik öz mahiyyətinə görə ir­ra­si­o­naldır, çünki heç bir qayda ilə nizamlanmır. Həmin idarəçilik li­derin (hakimin) populyarlığı, xalq arasında etibarı olana qədər hökm sürür. Onun çoxsaylı tərəfdarları, yetirmələri və ardıcılları olur.
M.Veber ağalığın ən mükəmməl forması kimi kapitalizmi xüsusi qeyd edir. Onun fikrincə, başqa ağalıq formalarına nisbətən burada rasional, əqli yanaşma mühüm yer tutur. Mahiyyətinə gəl­dikdə bu ağalıq formasında qəbul edilən qərarlar düşünülmüş xa­rakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. cə­miyyətin üzvləri qanuni hüququn dövlət hakimiyyəti tərəfindən olduğunu etiraf edir, onun bütün göstərişlərini yerinə yetirməyi öz­lərinin borcu bilirlər. Veberə görə heç də hər bir hakimiyyəti iqtisadi şərait doğurmur və hər bir hakimiyyət çox az hallarda iqtisadi məqsədlər güdür. Lakin hər bir hakimiyyət forması bəzi adamların digər adamlar üzərində ağalığı üçün inzibati kadrlara, yaxud da dövlət bürokratiyasına ehtiyac hiss edir. Kapitalizmin təsərrüfat və idarəçilik sistemi kimi üstünlüyü və mükəmməlliyi kapitalist müəssisəsinin qazancının əməyin və istehsalın səmərəli təşkili ilə əlaqədardır. Doğrudur, burada söhbət ümumiyyətlə kapitalizmdən deyil, Qərb kapitalizmindən gedir. Veber inkişafı bir və bir neçə qanunauyğunluqla determinə edilə bilən vahid kapitalizmin möv­cudluğunu inkar edir. O, köklü surətdə bir– birindən fərqlənən bir neçə kapitalizm tipini göstərir. Bu fərqlərin əsasında dini etiqadlar və əməyin təşkili formaları durur. Buradan tamamilə aydın olur ki, M.Veber kapitalizmin Qərb modelinin apologeti rolunda çıxış edir. Qərb kapitalizminin ən mühüm cizgisi onun səmərəli intizamla qazanca olan cəhdinin çulğalaşmasıdır.
Özündən əvvəlki bir çox sələfləri kimi, M.Veber də cəmiyyətin tarixinin başa düşülməsində dinə böyük əhəmiyyət verir. Məsələn, onun fikrincə kapitalizmin Qərb modelinin təzahüründə protestantizm mühüm rol oynamışdır. Doğrudan da protestantizm ruhu ilə kapitalizm cəhdləri arasında bir sıra eyniliklər müşahidə edilir. Real olaraq Veber bunu aşağıdakı kimi təsvir edir. Protestantizmə məx­sus olan dünya duyumu ilə (askez, fərdilik, təşəbbüskarlıq) iqtisadi fəaliyyət arasında ümumi cəhət çoxdur. Lakin adamların iqtisadi şə­raitdən dini etiqad sisteminin təzahürünü qeyd etməsinə baxmayaraq, M.Veber heç bir halda onlardan bu və ya digərinin rol və əhə­miyyətini mütləqləşdirmir. Əgər qısa şəkildə M.Veberin cəmiyyətin ta­rixinə dair baxışlarını ümumiləşdirsək, deməliyik ki, bəşəriy­yətin yaratdığı cəmiyyət və onun tarixi rolu nədir?– sualına məntiqi cəhətdən arqumentləşdirilmiş və vahid cavab yoxdur. Bu suala müx­təlif məntiqli, fakt və arqumentli çoxlu cavablar vermək müm­kündür.


Tarix: 09.12.2014 / 14:09 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Fəlsəfə
loading...