Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir elm necə inkişaf edirsə– etsin, insan, onun mənşəyi və mahiyyəti məsələlərində hələ də sirli cəhətlər çoxdur. Əslində təkzibedilməz fakt və arqumentlərlə bəşəriyyətin təşəkkülünün tarixdən əvvəlki dövrünü izah etməyə qadir olan elə bir nəzəriyyə hələ də yaranmamışdır. İnsan haqqında mövcud təsəvvürlər başlıca olaraq hipotez və fərziyyələrə əsaslanır. Lakin buna qətiyyən təəccüb etmək lazım deyildir. Çünki dünya o cümlədən insan haqqında müasir elmi təsəvvürlər 300– 400 il bundan əvvəl formalaşmağa başlamışdır. Bu isə bəşəriyyətin çoxəsrlik tarixində bir ana bərabərdir. Ancaq bütün bunlara baxmayaraq, insanın təbiətinin fəlsəfi izahı ümumnəzəri səviyyədə kifayət qədər inandırıcıdır və gediləcək yolun istiqamətini düzgün müəyyən edir. İnsan haqqında ilk ideyalar fəlsəfə meydana gəlməmişdən əvvəl olmuşdur. Bu barədə bizə gəlib çatan miflər və ibtidai dini təsəvvürlər çoxlu məlumat verir. Antik dövr mütəfəkkirləri– Qədim Hindistanda, Çində, Yunanıstanda insana kosmosun bir hissəsi, hardasa zamandan kənarda təbiətin «nizamı», «qaydası» kimi çıxış edən, özündə dünyanın ilk əsaslarını– suyu, odu, havanı, torpağı, efiri birləşdirən varlıq kimi baxırdılar. Sonra struktur baxımından Platonda qeyd edildiyi kimi, insan ruh və bədəndən ibarət hesab olunurdu. Aristotel isə iki– ruh və bədəni bir reallığı təşkil edən kimi təsvir etmişdir.
Ənənəvi olaraq Hind və Çin mütəfəkkirlərinin rolunu azaltmadan insan haqqında təlimi yaradan ilk filosof kimi Sokratın (b.er.əv.470– 399) olduğu göstərilir. Onun sələfləri və müasirləri, məsələn, sofistlər insan probleminə mühüm əhəmiyyət verməklərinə baxmayaraq, ilk dəfə olaraq Sokrat, Siseronun şəhadətinə görə, antik müdriklərin hamısından əvvəl fəlsəfəni və kosmik problematikanı yerə endirdi, şəhərlərə və digər insan məskənlərinə diqqət artırıldı, vətəndaşları, hər şeydən əvvəl öz həyatı, zövqü, xeyir və şər haqqında düşünməyə məcbur etdi. Sokrat əsas diqqəti insanın daxili həyatına vermişdir. Sokratın fikrincə, müdriklərin məşğul olduğu ali fəaliyyət səviyyəsi insanı öyrənməklə əlaqədar olmalıdır. Əgər onun sələflərini təbiətin nə olduğu, şeylərin sonuncu reallığının nə olduğu maraqlandırırdısa, Sokratı insanın mahiyyəti nədir, onun təbiəti və sonuncu reallığı nəylə bağlıdır sualları maraqlandırırdı. Sokrat insan anlayışını mənəviyyat səviyyəsinə, ruh haqqında təlim səviyyəsinə qədər məhdudlaşdırmasına baxmayaraq («insan– ruhdur» və «ruh– insandır»), tam əsasla təsdiq etmək olar ki, Sokratın ideyaları insanın mahiyyətinin sonrakı tədqiqlərinə güclü təsir göstərmişdir.
Daha yüksək səviyyədə insan antik mütəfəkkirlər Platon (427– 347) və Aristotel (384– 322) tərəfindən öyrənilmişdir. İnsanın mahiyyəti haqqında onların irəli sürdüyü ideyalar insan haqqındakı sonrakı təsəvvürlərə kömək etmişdir.
Platonun insan haqında təlimi iki postulata əsaslanır. Birincisi, onun ümumfəlsəfi konsepsiyasından çıxır. Həmin konsepsiyaya görə, insan yaratmamalı, artıq ideyalar dünyasında olanları təcəssüm etdirməlidir. İnsan yalnız mövcud ideyaları seçməkdə azaddır. İkincisi, Platona görə insanın mahiyyəti onun ruhudur, onun bədəni isə ruha düşmən olan materiya kimi çıxış edir. Gerçəklikdə insan elə bil ki, iki qeyri– bərabər hissəyə bölünür: yuxarı (ali) hissə– ruh, aşağı hissə isə bədən hesab olunur.
Platonun əksinə olaraq Aristotel insana bir– birilə sıx əlaqədar olan bədənin və ruhun birliyi kimi baxırdı. Aristotelə görə, bədənin ruhdan asılı olmasına baxmayaraq, onlar bir– birindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Aristotelin olduqca maraqlı fikirləri yalnız bir neçə əsr keçdikdən sonra dərk edilmişdir. Məsələn, O, ardıcıl olmasa da, insana təbii inkişafın məhsulu kimi baxmışdır. İnsanın heyvandan prinsipial fərqi odur ki, insan siyasi varlıqdır. Çünki təbiət adamlara dövlət ünsiyyətinə cəhdi aşılamışdır ki, bunun da sayəsində dövlət yaranmışdır. İnsanın ikinci fərqli cəhəti onun dilə, nitqə malik olmasıdır ki, bunun köməyi ilə o, xeyir və şər, ədalət və ədalətsizlik anlayışlarını qavramaq və ifadə etmək imkanına malik olmuşdur. İnsanın və dövlətin mənşəyi və onların qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq, Aristotel belə hesab edirdi ki, insan bütün hallarda fərddən irəlidə durmalıdır. Çünki tam həmişə hissələrdən əvvəl olmalıdır. Bütövlükdə Aristotelin insana baxışlarını səciyyələndirsək deyə bilərik ki, O, ilk dəfə olaraq insanın mahiyyətinin müəyyənləşdirilməsində sosial amillərin əhəmiyyətini qeyd etmişdir.
Tarix: 09.12.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Fəlsəfə