Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifiyinə baxmayaraq, onların öyrənilməsi çox müxtəlifdir.
Ən ümumi formada qanun– şeylər, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili təbiətindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyektiv aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk etməsi pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən inkişafı nəticəsində hasilə gəlmişdir.Hadisələr arasındakı hər cür əlaqə qanun deyildir. Qanun mahiyyət xarakteri daşıyan daxili əlaqədir. Qanun hadisələrin hərəkətində mahiyyət cəhətidir. Qanun və mahiyyət anlayışları eyni cür, eyni dərəcəli anlayışlardır. Məsələn, Mendeleyevin dövri qanunu elementin atom çəkisi ilə (indi deyildiyi kimi yükü ilə) onun kimyəvi xassələri arasındakı daxili mahiyyət əlaqəsini aşkara çıxarır. Mahiyyət dedikdə, daxili, sabit əlaqələr nəzərdə tutulur. Mahiyyət daxili bir cəhət olaraq, gerçəkliyin xarici dəyişən cəhətinə qarşı qoyulur. Biz: hadisə xaricidir, mahiyyət isə daxilidir– dedikdə bununla xarici və daxili cəhətlər məkan mənasında deyil, şeyin xarakteristikası üçün əhəmiyyəti cəhətincə bir– birinə qarşı qoyuruq.
Sonra, qanun hadisələr arasında zəruri münasibətdir. Qanunauyğun əlaqələr müəyyən şəraitdə hökmən, zəruri qüvvə ilə fəaliyyət göstərir. Qalileyin kəşf etdiyi qanun– cisimlərin düşməsi qanunu ona görə qanundur ki, ayrılıqda hər hansı bir cisim təsadüfi surətdə deyil, bütün cismlər də həmişə yer səthinə 9,8 m/san2. təcillə düşür. Qanunun tələb etdiyi bütün şərait varsa, o, fəaliyyət göstərməyə bilməz.
«Qanun» və «qanunauyğunluq» terminləri eyni cür münasibətləri ifadə edir, buna görə də onlar çox vaxt eyni mənada işlənir. Lakin bu terminlərin işlədilməsində müəyyən bir fərq də vardır. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə deyilir. «Qanunauyğunluq» termini isə, hər şeydən əvvəl, hadisələrin müəyyən düzgünlüyü, ardıcıllığını göstərmək üçün işlədilir. Məsələn, ilin fəsillərinin dəyişməsində müəyyən düzgünlük müşahidə olunur: yayın ardınca payız, payızın ardınca qış gəlir və i.a. Bu düzgünlükdə, ardıcıllıqda qanunauyğunluq təzahür edir. Günəşin və ayın tutulmasının dövrülüyü haqqına bunu söyləmək olar. «Qanunauyğunluq» termini müəyyən bir hadisənin təsadüfi olmadığını qeyd etmək lazım gəldiyi hallarda da işlədilir. Marksizm öyrədir ki, cəmiyyətin inkişafı olduqca qanunauyğun, zəruri prosesdir. Burada biz konkret surətdə bu və ya başqa bir qanunu göstərmir, zəruri əlaqənin mövcud olduğunu qeyd edirik. Bu halda qanunauyğunluğu biz müəyyən səbəblərdən asılı, zəruri bir proses kimi götürürük ki, bunda da bir qanun deyil, bir çox qanunların məcmusu fəaliyyət göstərə bilər.
Qanunauyğun əlaqələr hadisələrin səbəb ələqadarlığının nəticəsidir. Hadisələrin arasında səbəb ələqadarlığı olmasa idi, heç bir qanunauyğunluq haqqında danışıq da ola bilməzdi. İlin fəsillərinin dəyişməsi səbəbi, yəni Günəş ətrafında fırlanması mövcud olmasa idi, həmin dəyişmədə möhkəm bir ardıcıllıq da ola bilməzdi.
Lakin səbəbiyyət bütün qanunauyğun əlaqələri əhatə etmir və qanun qarşılıqlı səbəb əlaqəsini heç də həmişə ifadə etmir. Yuxarıda qeyd etdiyimiz kimi, səbəbiyyyət müxtəlif formaları elm tərəfindən aşkara çıxarılan obyektiv qarşılıqlı əlaqənin ancaq bir hissəciyidir.
Qanunauyğunluq əlaqənin mühümlüyü və zəruriliyi qanunun başqa xüsusiyyətlərini də müəyyən edir. Qanun hadisələrdə ən ümumi cəhətdir. Bu, o deməkdir ki, qanunun ifadə etdiyi müəyyən zəruri əlaqə ayrı– ayrı təkcə hadisələrə xas olmaq deyil, müəyyən mənada bütün hadisələrə və ya proseslərə xasdır. Təbiətin və ya cəmiyyətin qanunu məhz ona görə qanun adlanır ki, ən ümumiliyi ifadə edir: əgər müəyyən şərait və səbəblər varsa, onlar hər yerdə və həmişə qəti və zəruri surətdə müvafiq hadisələr, nəticələr doğurur. Dünya cazibə qanunu təbiətdə istinasız bütün cisimlərə aid olan bir xassəni əks etdirir. Boyl– Mariott qanunu bütün qazlara deyil, maye halından çox uzaq şəraitdə olan seyrək qazlara xasdır. Lakin bu qanun qazların mahiyyət xassəsini ifadə edir. Onun müəyyən etdiyi əlaqə həmin şərait üçün zəruri bir xarakter daşıyır, həmin əlaqə bu qazlar üçün ən ümumi cəhətdir. Çünki bir dəfə qazlar belə bir şəraitdə olduqda onların həcmi ilə təzyiqi arasında möhkəm bir münasibət mövcuddur.
Qanunların əhatə etdiyi hadisələrin dairəsinin genişliyindən asılı olaraq, onlar daha çox və ya daha az ümumi ola bilər. Elə qanunlar vardır ki, təbiətin bütün hadisələrində fəaliyyət göstərir (enerjinin saxlanması və çevrilməsi qanunu); elə qanunlar da vardır ki, materiyanın hərəkətinin ayrı– ayrı formalarına, məsələn, bioloji formasına xasdır. İctimai həyat qanunları da ümumilik baxımından müxtəlifdir: bunların bəziləri bütün formasiyalarda fəaliyyət göstərir, bəziləri isə bu və ya başqa formasiyaya xasdır. İctimai həyat qanunları da ümumilik baxımından müxtəlifdir: bunların bəziləri bütün formasiyada fəaliyyət göstərir. Həm təbiətə, həm cəmiyyətə, həm də təfəkkürə xas olan ən ümumi qanunlar fəlsəfə tərəfindən öyrənilir.
Ən ümumi olmaq etibarilə qanun təkcə hadisələrdən kənarda, onların xaricində deyil, ancaq təkcə hadisələrlə, proseslərlə və i. a. əlaqədə mövcuddur.
Qanun hadisələrin bütün xassələrini deyil, onlardakı ən ümumini əks etdirdiyinə görə, təkcə hadisə qanundan zəngindir. Qanun hadisələrdəki möhkəm, sabit, təkrarlanan, eyni cəhətdir. Hadisələr eyni zamanda həm oxşar, həm də fərqli olur. Həmişə elə bir cəhət və ya bir neçə cəhət tapmaq olar ki, gerçəkliyin ən müxtəlif şeyləri həmin cəhətlərə görə bir– birinə oxşasın. Dialektika hadisələrin mütləq eyniyyətini inkar edir, lakin nisbi eyniyyəti (hadisələrin ayrı– ayrı cəhətlərə, xassələrə görə uyğunluğu) qəbul edir. Qanun o cəhəti əks etdirir ki, bunda müxtəlif hadisələr bir– birinin eynidir.
Eyniyyət ancaq müxtəliflikdə mövcuddur, müxtəliflik isə müəyyən cəhətlərə, xassələrə görə hadisələrin eyniyyətini, vəhdətini istisna etmir. Elm hadisələrin qanunauyğun əlaqələrini kəşf etməklə müxtəliflikdə eyniyyət, eyniyyətdə müxtəlifliyi müəyyən edir. Qanunlar obyektivdir. Müxtəlif tarixi şəraitdən asılı olaraq, qanunun təzahür forması dəyişir. Eyni qanunlar ən müxtəlif formalarda təzahür edir.
Beləliklə, qanunların fəaliyyəti şəraitdən asılıdır. Qanunların təzahür formaları müxtəlif konkret şəraitdə dəyişilir. İnsan qanunları və onların çoxlu təzahür formalarını dərk etdikdən sonra şəraiti dəyişdirib qanunlardan öz əməli ehtiyacları üçün istifadə edə bilər. İnsan təbiət və cəmiyyətin kortəbii qüvvələrini cilovlayıb onlara yiyələnə bilər. O, qanun bəzi fəaliyyət şəraitini yarada bilər, bəzilərini də aradan qaldıra bilər, beləliklə də müxtəlif nəticələr əldə edər. Təbiət və cəmiyyət qanunları insanın dərk etməsinin əməli əhəmiyyəti də onlara yiyələnməkdə, onlardan cəmiyyətin mənafe və məqsədləri üçün istifadə etməkdə, təbiət və cəmiyyət qüvvələrinə hakim olmaqda, bunları məqsədə uyğun idarə etməkdədir.
Təbiət və cəmiyyət qanunlarının dərk edilməsi və onlardan əməli surətdə istifadə olunması bir çox çətinliklərə rast gəlir. Qanunu görmək və ya ona əllə toxunmaq olmaz, o, bilavasitə hisslərlə qavranılmır. Necə deyərlər, göy mexanikasının qanunları göydə yayılmamışdır. Qanunun kəşf edilməsi– insan təfəkkürünün abstraktlaşdırma fəaliyyətinin uzun prosesi nəticəsidir.
Qanunlar müxtəlif tiplərə bölünür. Bunlar təbiət qanunları, cəmiyyət qanunları, elmin qanunları və s.– dir. Bəzən isə qanunları xüsusi (spesifik), ümumi və ən ümumi qanunlara bölürlər. Biz dialektikanın qanunları haqqında danışarkən bu məsələlərə yenidən qayıdacağıq.
Tarix: 09.12.2014 / 13:51 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Fəlsəfə