Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artur Şopenhauerin fəlsəfəsi, insan haqqında təlimi və estetikası

Şopehauer fəlsəfədə kimləri sevib, kimləri sevməyib

Bu adam yəqin alman fəlsəfəsində ilk dalaşqan filosofdur. Sonra Nitsşe gəlir.

Şopenhauerin fəlsəfi öyrətisi Hegelin sağlığında kölgədə qalmışdı, yalnız Hegeldən və Şopenhauerin öz ölümündən sonra birdən-birə onun fəlsəfəsi yada düşdü, məşhurlaşdı və yeni fəlsəfi sistemlərin yaranmasına təpgi verdi. Sağlığında isə Şopenhauer yanıb-tökülürdü ki, bu camaat Hegeldə nə tapıb ki, onu görmür. Ona görə də acığını almanlara tökürdü. Bir yerdə yazırdı, fransızlar, ingilislər üçün «ideya» sözünün mənası adidir, alman isə «ideya» eşidəndə başı gicəllənir, özünü elə duyur, elə bil bu dəqiqə şarla göyə qalxacaq.
Şopenhauer Hegelin qurduğu azman fəlsəfi sistemi hətərən-pətərən sayırdı: Mütləq İdeyanın özünü anlamasından dünyanı çıxarması fikri üstündə Hegeli ələ saldığından idi ki, «ideya» sözü haqqında belə kinayəli danışmışdı.

Əvəzində, bu filosof Kanta vurğun idi, hərçənd tez-tez öfkələnib, onu da danlayırdı.

Şopenhauerin Kantdan götürdüyü. Belə hesab edirdi ki, Könisberqli filosof düz deyib: bizim qavradıqlarımız nəsnənin özü deyil, görüntüləridir. Yəni, ağacları, dağları, irmağı biz necə görürük? Məsələn, görürük ki, ağacın yanlara budaqları çıxıb, üstündə yarpaqları var, yarpaqların özünün forması var və s. Bu cümlədə biz «yan» sözü, «üst» sözü, «forma» sözü işlətdik. Hamısı da məkan biçimini bildirən sözlərdir. Deməli, yanı, üstü, formanı çıxsaq, ağacı da görmərik. İrmağı, çayı biz yenə məkana görə, bir də suyun axımına baxanda məkan üzrə, zaman üzrə hərəkətinə görə qavraya bilirik.

Sual çıxır, məkan, zaman nəsnələrin özündəki biçimlərdir, yoxsa, yox? Kant deyirdi yox. Məkan, zaman bizim gözümüzün, qulağımızın, bir sözlə, qavrayışımızın verdiyi şəbəkədir və biz yalnız bu şəbəkədə şəkillənmiş, görünüş almış olanı görürük. Əski filosofların bir çoxu belə hesab edirdi ki, gözümüzdən cisimlərə işıq düşür və bu işığın sayəsində onları görürük. Kantın məkan, zaman haqqında söylədikləri buna yaman oxşayır. Məkan, zaman qavrayışımızdan, bilincimizdən düşən «şüalardır» və onlar bizə görüntülər (təsəvvürlər) verir.

Bəs nə ilə sübut etmək olar ki, məkan, zaman apriordur, yəni təcrübədən qabaq bizdə var, yəni bizim öz qavrayışımızın nəsnələrə verdiyi biçimdir? Kantın sübutlarından biri: biz heç bir cismi, olayı məkan və zaman biçimindən arınmış donda görə bilmərik, ancaq məkanı və zamanı nəsnəsiz-filansız göz qabağına gətirə bilərik. Deməli, məkan və zaman qavrayışımızın özününkü olduğu üçündür ki, onları qavrayışın içində şeylərsiz, hadisələrsiz təsəvvür edə bilirik. Deyə bilmərik ki, bu, güclü sübutdur, ancaq Kantın dediyinə qüvvət, ayrı-ayrı canlıların qavrayışında dünya xeyli fərqlənən məkan-zaman biçimlərində görünür.

Şopenhauer Kantın bu ideyasından çox möhkəm yapışır. Söyləyir ki, bizim qavrayışımızdan bizə bilinən nəsnələr, onların özü deyil. Bizə bilinənlər qavrayışımızın məkan və zaman biçimlərindən özlərinə don almış görüntülərdir. Ona görə də Şopenhauer özünün ünlü kitabını «Dünya iradə və görüntü kimi» adlandırır.

Şopenhauerə görə, dünya nəyə görə görüntüdür, təsəvvürdür, bunu anladıq. Bəs dünya nəyə görə iradədir? Bunu da anlamağa çalışaq.

Dünya iradə kimi
Şopenhauerdə dünya niyə iradədir (istəmdir)? Bunu anlamaq üçün dünyanın niyə görüntü olması haqqında bu filosofun daha nəyi anlatdığına bir az da fikir verək.


Şopenhauerdə görüntü (təsəvvür) subyektliklə obyektivliyin birgəliyidir. Subyektlik o deməkdir ki, görüntüdə nə varsa, «Mən»dən gəlmədir. Yəni cisim və hadisələrə görüntü kimi məkan və zaman biçimini, donunu «Mən»in bilincinin, qavrayışının şəbəkəsi verir. Gördüyüm cisimlər «Mən»im şüurumun məkan və zamandan qurulmuş «ekranında» şəkillənmiş, görüntü, görkəm almış nəsnələrdir. Bu şüur elə qurulub ki, yalnız səbəb-nəticə ilişgisində görüntüləri düzəndə onları anlamış olur. Deməli, subyektlik görüntülərdə bir də odur ki, səbəb-nəticə düzümünü də onlar şüurdan alırlar.

Bəs görüntülərdə obyektlik nədir? Obyektlik odur ki, mən görüntülərə mənim içimdə olmayan, məndən dişarıda, qıraqda duran nəsnələr kimi baxıram. Daha doğrusu, mənim şüurum, qavrayışım görüntüləri bilmək, anlamaq istəyəndə, onlarla nəsə bir iş etmək istəyəndə özünü onlara sarı yönəlmiş sayır. Bizdə isə belə bir alışqanlıq var, «yönəlmiş» deyəndə özündən qırağa çıxmağı, başqasına can atmağı duyuruq. Bax, bu görüntülərə bu yönəlmişliyə görə də onları obyekt kimi görürük.

Deməli, bizim qavrayışımıza bilinən gerçəklik dünyanın əsli deyil, dünyanın əslini, özünü pərdə kimi tutub görünməz edən görüntülərdir. Bu pərdəni Şopenhauer «maya» sözü ilə də bildirirdi. «Maya» əski hind fəlsəfəsində işlənən termindir və onu bildirir ki, insanların hamısının gözünü illüzor, aldanışlı şəkillərlə dolu pərdə örtür.

Şopenhauer əski hind fəlsəfəsini yaman sevirdi və deyirdi ki, maya anlayışı ilə hindlilər Kantın dünyanın özünü qavramadığımız haqqında söylədiklərini neçə min öncə qabaqlayıblar.

Daha sonra Şopenhauer soruşurdu: yaxşı mənə bilinən dünya görüntülər sırasıdırsa, bəs həmin görüntülərdən, yəni mənim qavrayışımdan o taydakı əsl dünya nədir? Mən necə bu görüntülər pərdəsini götürüb, dünyanın özünə baxa bilərəm? Mən necə nəsnələri görüntülər tərəfdən yox, içəridən bilə bilərəm?

Cavabında filosof deyir: biz yalnız özümüzü içəridən bilməyi bacarırıq. Özümüz isə dünyada olanlardan biriyik. Deməli, özümüzə içəridən baxıb anladığımızı sonra təxmini də olsa, dünyanın içərisinə aid etmək olar.

Hər bir adamın içi bədənlə (gövdə ilə ) çevrələnib. Şopenhauer söyləyir: bu bədən əslində görüntüdür, yəni duyularımızda alınmış şəkillərdir. Biz əlimizlə əzələmizi sıxırıq, bərkliyi duyuruq, gözümüzlə dərimizə baxırıq, zərifliyini görürük. İnanırıq ki, qavrayışımızdan qıraqda olanların özünü görürük. Əslində isə bu bərklik də, bu zəriflik də qavrayışımızda yaranan görüntülərdir. Bəs bu gövdəmizin içindən biz nə bilirik? Gövdəmizin içindən onu bilirik ki, gövdəmiz həmişə iradəyə tabedir, iradə ilə yönəldilir, idarə olunur.

Bəs iradə nədir? İradə istədiyini etmək təpəridir (əski türklərdə iradəni «ərk» sözü bildirirdi). İradə istəmdir. Çağdaş türklərin «iradə» sözünün sinonimi kimi «istəm» kəlməsini işlətməsi iradədə istəyin əsas güc olması ilə bağlıdır.

Şopenhauer söyləyir ki, biz özünübilməklə məşğul olanda görə bilərik ki, həmişə istəmin subyektiyik, yəni istəyən, istədiyini doydurmağa çalışan başlanğıcıq. Necə olur ki, nəyisə öyrənirik, nəyisə təsəvvür edirik? Bütün bunları qabaqca istəyirik sonra da edirik.

Bizim içimizdə həmişə, durmadan iradə, istəm öz işindədir. Bəzən belə olur ki, içimizdə öz işində olan istəmi biz bilmirik. Bizə elə gəlir ki, bilincimizdə filan görüntü, filan düşüncə qəfildən, özü-özünə peyda oldu. Ancaq istəmsiz heç bir düşüncə şüurumuza çağırılmaz. Sadəcə, tez-tez iradəmiz elə yeyin işləyir ki, onun etdiyindən bilincimiz xəbər tutmur. Məsələn, bizim ürəyimizi, böyrəklərimizi və s.-ni işlədən hansı gücdür? Şüurumuzun xəbərsiz qaldığı iradə. Bütün orqanlarımız istəmin, iradənin obyektləşməsidir, yəni hər hansı görüntüdə bilinməsidir. Məsələn, dişlər, mədə- bağırsaq nədir? Şopenhauerə görə, onlar hamısı aclığın, yemək istəminin obyektləşməsidir. Yəni aclıq yemək istəyidir və bu istəyin gücü haçansa uyğun orqanları doğurub-düzəldib. Bu zaman Şopenhauerdən soruşmaq olar: axı, sizin dediyinizə görə, bütün maddi nəsnələr, - deməli, insan bədəninin orqanları da, - görüntüdür? Əslində maddə yoxdur?

Şopenhauer söyləyir: sözsüz, maddə yoxdur, orqanlar görüntüdür. Bu mənada hər şey şüurun içindədir. Ancaq bəzən rahatlıq olsun deyə, dilimiz öyrəşdiyi üçün biz elə danışa bilərik ki, guya bu orqanlar görüntü deyillər, elə özləridir ki, var.

Bilinclə istəmin ilişgisini Şopenhauer maraqlı açır: insanın şüuru onun istədiyini anlayanda və bu istək onu filan cür davranmağa yönəldəndə belə anlanılmış istək motiv olur. Bizim davranışlarımızın neçəsi isə motivləşdirilmiş hərəkətlərdir, yəni bildiyimiz istəklərimizlə itələnən hərəkətlərdir. Ancaq daha çox hallarda iradə şüursuzdur (istəm bilincsizdir). Bunu bədən orqanlarımızın işində gördük. Artırmaq olar ki, heyvanlarda da iradə bilincsizdir.

Şopenhauer bir şeyi də deyir. Söyləyir ki, mənə qədərki filosoflar üçün insan bildiyini istəyən varlıqdır, mənim üçünsə insan istədiyini bilən varlıqdır. Bu o deməkdir ki, insan həmişə içində aramsız iş görən istəmlə ora-bura sürüklənir.

Bütün bunları gözdən keçirəndən sonra Şopenhauer dünya haqqında öz sonucunu çıxarır: dünya bizə bilinən tərəfindən görüntüdürsə, içəridən teyxa iradə, istəmdir. Bu istəm kor-koranə, yəni bilinclə, şüurla aydınlaşdırılmamış, yönəldilməmiş iradədir. İradə nə istədiyini düşünmədən elə hey can atır və nəticədə onun obyektləşməsi baş verir. Dünyada nələr varsa, hamısı yel kimi, külək kimi durmadan əsməkdə olan istəmin nəsnəlləşməsidir (obyektləşməsidir) və bu nəsnələşmə bizə qavrayışımızın məkan-zaman biçimlərinə, düşüncəmizin səbəb-nəticə qəliblərinə düşəndə görüntülərə çevrilir.

Fikir verin Şopenhauerin Hegeldən fərqinə. Hegelə görə, nəsnələr özünü bilməklə məşğul olan İdeyanın (Dünya Ağılının) törəməsidir. Şopenhauerə görə isə, dünya özünübilməz, dayanmadan can atan İstəmin obyektləşməsidir.

Varlığın özülündən Hegelin Mütləq İdeyasını çıxarıb, yerinə qaranlıq, vəhşi instinkt kimi görünən İradəni, İstəmi qoymaq Şopenhauerin nəyinə gərək olub? Sözsüz, ona görə ki, bu özülü qoyanda Şopenhauer dünyanın ayrı cür metafizik binasını tikə bilir, modelini yaradır. Buna baxaq.

Şopenhauerin pessimist metafizikası
Bütün idealist filosoflar Dünyanın substansiyası kimi götürdükləri yaradıcı başlanğıca heyran idilər, ona İşıq kimi baxırdılar. Hegelin özündə İdeya dəyişə-dəyişə Dünyanı dəyişdirir və beləliklə, Özü də gəlişib irəliləyir. Şopenhauerdə isə belə nikbinlik yoxdur. Görək nəyə görə.

Şopenhauer hesab edir ki, görüntülər aləminin arxasında əsib-kükrəyən İstəm Bircədir (yada salın o biri filosoflarda Tanrının bircəliyini). Bu İstəm Bircə olduğu üçün də kəsimlərə bölünmür. Axı, kəsimlərə bölünmək məkanın verdiyi meydanda ola bilər, məkan isə yalnız qavrayışda şəkillənən görüntülərdə var, onların arxasında isə nə məkan, nə də zaman var.

Dünyanın kökündə duran İradə Bircəliyində qala-qala çoxlu görüntülər verirsə, deməli, onların hamısında tamamilə iştirak edir. Şopenhauerdən qabaq bunu Allahla bağlı deyirdilər: O, dünyanın hər nöqtəsində hansı bir hissəsi ilə isə yox, hər nöqtədə və eyni anda bütünlüklə iştirak edir.

Alman filosofu isə deyir: bilincsiz İstəm, kor güc kimi bütün yönlərə can atan və hər yönümdə obyektləşərək görüntülər törədən İradə dürlü nəsnələr verir. Nəsnələr, daha dəqiq desək, görüntülər onun manifestə olunmasıdır (yəni bilinməsidir).

Bax, burada bədbin məqama keçirik. Bir olan İstəm çoxlu-çoxlu görüntülərdə obyektləşəndə, nəsnələşəndə bu çoxluqda birinin o birisi ilə uyğunsuzluğundan, düşmənçiliyindən ziddiyyətlər yaranır. Hər şey var olmağa çalışır və varlığın, həyatın da özəlliyi belədir ki, bir nəsnə var olmaq üçün başqalarından nəyisə zorla qoparıb almalıdır. Və İstəm cürbəcür nəsnələrdə obyektləşəndə biri-birini dağıdan, didən nəsnələrin hamısının içində olduğu üçün, onları içəridən işə saldığı üçün, əslində, özü-özüylə didişir, əlləşir. Bircə olan İstəm çoxca olan nəsnələrdə özü-özü ilə didişmələrdə bulunur. Şopenhauer hətta belə deyir: Dünya İradəsi həmişə özü-özünü basıb yeməklə məşğuldur, çünki görüntülər illüziyadır və əslində, İradənin özündən başqa varolan bir şey yoxdur. Ona görə də didişən görüntülər deyil, İradənin özüdür, özü ilə didişir.

Dünyada cazibə qüvvəsi, itələmə qüvvəsi, enerji və s. var. Şopenhauer onların hamısını bir anlayışda, iradə, istəyib etmək anlayışında birləşdirir. Deyir ki, canatım gücü ilkindir və bu, elə iradədir. Can atmaq odur ki, olanla doymursan, yenisini, başqasını istəyirsən. Bax, dünya içəridən belə bir istəmə bürünüb. Və bu istəm heç vaxt olanla yetərlənmədiyi üçün həmişə acdır. Və bu ac İradə həmişə özü-özünü basıb yeməklə məşğuldur. Axtarışların, həsrətin, əzabların da qaynağı Dünya istəminin aclığıdır. Biz hamımız özümüzdə görürük ki, nə qədər yaxşı yaşayırıq-yaşayaq, yenə də birdən qutumuzu darıxqanlıq, həsrət, kədər bürüyür. Əgər bütün bunlar bir gün qurtarırsa, vaxt keçir, yenə qəfildən, bəzən hətta səbəbsiz-filansız ürəyimizi üzür. İndi, Şopenhauer belə hallarımızın metafiziki (yəni bütünlükcə varlığa xas olan) kökünü göstərir: səbəb odur ki, varlığın kökündə duran İstəm həmişə acdır, doymazdır, heç nə ona bəs etmir.

Şopenhauerə görə, dünya görüntülərinin arxasında həmişə həmlə edən, əsib hər tərəfə yel kimi cuman İradə bütün hüdudları, sınırları vurub keçmək istəyir, sonsuzluğa tərəf şütüyür, heç yerdə dayanmaq istəmir. Ancaq di gəl ki, onun qarşısına da əngəllər çıxır. Onun nəsnəlləşməsindən yaranan nəsnələr ki, biri o birisi ilə dolanışıq üstündə didişir, bu iradəni öz dolaşıqlarına salırlar. Gözünüzün qabağına gətirin düzənlik boyu həmlə edən küləyi, şəhərə girən kimi başlayır dalanların, evlərin arasında dolaşmağa, azmağa.

Şopenhauer Dünya İradəsinin obyektləşməsinin pillələri haqqında
Neoplatonizm fəlsəfəsində Bircədən pillə-pillə dünya mərtəbələri, ierarxiyası törəyir. Hegeldə də Mütləq İdeya Təbiətin qatlarını inkişaf xətti ilə yaradır. Təxminən oxşar model Şopenhauerin metafizikasında, ontologiyasında da qalır. Dünya İstəmi nəsnəlləşməsi ilə dürlü yetkinliyi olan qatlar verir. Ən yetkin qat Platonun haqqında danışdığı ideyalar qatıdır. Yada salaq Platonda ideya nədir. İdeya, məsələn, ağacların hamısının mahiyyətini, anacizgilərini, prinsipini özündə yazmış, şəkilləndirmiş anlayışdır, fikirdir və Platona görə, konkret ağaclar ağac olmağı ondan «öyrənirlər». Beləliklə, ideyalar sistem kimi bir yerə yığılır və dünyadakı nəsnələri törədirlər.

Şopenhaueri ideyalar bir az başqa yöndən maraqlandırır. İnsan həndəvərindəki nəsnələrdən onların ideyalarına çıxanda və bu ideyalara tamaşa edəndə Dünya İradəsinin nəliyini daha yaxşı anlayır. Çünki bu ideyalarda Dünya İstəmi ən yetkin şəkildə obyektləşir, bilinir.

Dünya İstəminin obyektləşməsinin ən aşağı pilləsi qeyri-üzvü dünyadır, burada görüntülər arxasında işini görən İstəm cazibə və s., qüvvəsi şəklində üzə çıxır. Heyvanlar aləmi Dünya İstəminin manifestə olunmasının, bilinməsinin, görüntülərdə şəkillənməsinin daha yuxarı qatıdır. İnsana gələndə isə bu baxımdan onun daha yuxarı forma olmasını danmaq çətindir. Özü də İnsanacan kor qalan, özünü bilməyən İstəm özünün bir təzahür, bilinmə növü olan insan iradəsində özünübilmə qazanır.

Sözsüz, Şopenhauerin qurduğu bu ontoloji, metafizik model xeyli suallar doğurur. Məsələn, alman filosofu deyir ki, Dünya İstəmi özünün nəsnəlləşməsinin aşağı pilləsində olanları yuxarı pillədə olanlara qurban verir. Misal da göstərir: otların heyvanlara, heyvanlarınsa insanlara yem olmasını. Ancaq soruşmaq olar, Dünya İradəsi haradan bilir ki, onun törətdiyi filan görüntülər o birilərindən pilləcən aşağıdır? Hegeldə məsələ aydın idi, Mütləq İdeya Düşüncə olduğu üçün yaratdıqlarına tamaşa edib, onları anlamaqla məşğul olurdu. Şopenhauerin anlatdığı Dünya İstəmi isə durmadan can atan özünübilməz «yeləsimidir», həmlədir, istəyib etmədir. Onun heç obyektləşməsinin nəticəsi olan görüntülərdən də xəbəri olmamalıdır. Görüntü nədir? Görən gözə, qavrayan qavrayışa görünənlər. Özü də necə görünənlər? Subyektin qavrayışının verdiyi quruluşda, fiqurlarda görünənlər. Deməli, Varlığın dərin qatı durmadan devikən, can atan Dünya İradəsinin küləyinə, əsiminə bürünüb. Bu «külək» gözlərin, qavrayışın «pəncərəsinə» dəyəndə isə taqqıltı salır, yəni görüntülər törədir. Ancaq bu taqqıltını Dünya İradəsinin özü eşitmir, çünki eşitməyə qulağı, qavramağa duyusu yoxdur. Şopenhauer həmin «taqqıltıya» İstəmin nəsnəlləşməsi deyir. Və bu nəsnəlləşməni, manifestə olmanı (bilinməni), obyektləşməni «pəncərənin» arxasında duran bizlər bilirlər.

Bax bu mənada soruşmaq olur: verdiyi görüntülərindən xəbəri yoxdursa, Dünya istəmi nə bilir onların hansı yüksəkdir və ümumiyyətlə xəbəri yoxdursa, hansı prinsiplə bu iradə nələrisə aşağı, nələrisə yuxarı, yetkin nəsnələr kimi yaradır?

Şopenhauerin fəlsəfi qurmalarını yozmaqla məşğul olanlar bu suallara cavab tapmalıdır.

Sayğılı oxucu sizin üçün isə bu oxuda önəmli olan bir məsələni unutmayın. Biz subyektiv dünyamız, bilincimiz, şüurumuz deyəndə özümüz də bilmədən onları filan ölçülü qafamıza, bədənimizə yığılmış saydığımız üçün ruhi dünyamızı kiçik çərçivədə duyuruq. Kant, Şopenhauer isə həmin dünyanı bütün təbiət ölçüsünəcən genişlikdə, axar-baxarlıqda bilməyi bizə öyrədir.

Şopenhauer insan haqqında
Bir neçə abzas yuxarıda bu alman filosofuna suallar verdik və sonra da söylədik ki, onu yozmaq gərəkdir ki, həmin suallara cavab tapılsın. İndi insan fenomeni əsasında bununla məşğul olaq.

Şopenhauerə görə, insan iradəsi Dünya İstəminin təzahürünün ən yüksək formasıdır, çünki burada iradə bilmək, anlamaqla birgələşir, işıqlanır. Və ona görə də Dünya İstəmi insan iradəsi sayəsində kor gücdən, özünübilməz canatmadan özünüdüşünər qüvvəyə çevrilir.

Soruşmaq olar ki, mənim iç dünyamda istəmimin bilməmlə bağlı olması mənim içimdə qalır və bunun məndən qıraqdakı azman Dünya İstəminə nə dəxli var? Bu suala cavab Şopenhauerin bir ideyasında gizlənib. O söyləyir ki, Dünya İradəsi bölünməz Bircədir və hər yerdə hissələri ilə yox, bütünlüyü ilə iştirak edir və hər birimizdə idrakla, bilməklə bağlananda bütün varlıq qatında da bilimlə bağlanır.

Bu, Şopenhauerin zəhləsi getdiyi Şellinqin, Hegelin dediklərinə çox oxşayır. Yada salaq. Hegelə görə də Mütləq İdeya kor-koranə Düşünüş kimi düşünüb yaradaraq, axırda gəlib çıxır cəmiyyətə xas olan ruh pilləsinə. Və burada Ruh kimi, Qut kimi o başlayır həm də özünü bilməyə. Çünki Ruh ən öncə Özünü bilən Özünü düşünən varlıqdır. Mütləq İdeya Obyektiv Ruha çevrilir ki, özünübilmə ilə də məşğul olsun.

Şopenhauerdə də belədir. Dünya İstəmi (istəyib-etməsi) insan iradəsi kimi təzahürünü tapanda özünüdüşünmədə bulunur.

Ancaq Hegeldə bir başlıca fərq var. Hegel fəlsəfəsində Ruh kimi özünü düşünən Mütləq İdeya ucalır. Şopenhauer isə Dünya İstəminə sevgi ilə yanaşmır, onu bir çox əzabların qaynağı sayır. Və ona görə də insan qatında bilimin köməyi ilə istəklər torundan qurtulmaq məsələsini qoyur.

Şopenhauer anladır ki, insan düşünməyə gözünü açan kimi özünü yaşamaq istəminin (yaşamaq üçün istəyib-etmənin) canatımında görür.

(Bu filosofun «yaşamaq istəmi» anlayışının sonrakı fəlsəfi dilə təsiri oldu. Məsələn, Nitsşe «Böylə dedi Zərdüşt» kitabında söylədi ki, bütün dünyaya hakimiyyət istəmi xaqanlıq edir, hər nə varsa, nələrinsə üzərində hökmranlıq etməyə can atır. Bir az da keçdi, Freyd başqa bir anlayışı, - ölüm istəmini ortaya atdı. Söylədi ki, insan yaşamaq istəmi ilə ölüm istəminin arasında vurnuxur. Yaşamaq yeniləşdirməni tələb edir, ölüm isə dayanmadır, yeniliyin təkrara çevrilməsidir. Adamlar təkrarlara düçar olanda, məsələn, bir melodini qulaqları ləzzətlə dinləmədən elə-belə dəqiqədə bir fitlə çalanda bu onu göstərir ki, bilməzə onların ruhuna ölüm istəmi hakim olub).

Şopenhauerə qayıdaq. O göstərir ki, Dünya İradəsi insanda yaşamaq istəmi kimi iş görür. Və bunun da əzablı sonucları olur. Həmin əzablı, üzüntülü sonuclara baxaq. Keçmiş yoxdur, keçib gedib, gələcək də yoxdur, çünki hələ gəlməyib. Olan yalnız indidir. Ancaq indi də hər an keçmişə qaçır. İnsanın varlığı həmin hər an keçmişə dönən indinin «bir anlığında» mümkündür. Fikir verirsinizmi? Biz «yaşamaq» deyəndə nəsə uzanan bir «lent» ağlımıza gəlir. Şopenhauer isə anladır, varolma həmişə indinin, yəni anın içindədir. Bu an isə olan kimi də keçmişə çevrilib yox olur. Və buradan filosof sonuc çıxarır: var olmaq həmişə indini ölmüş keçmişin qaranlıq uçurumuna tullamaqdır.

Keçmiş indidən bir an sonradır. Deməli, keçmişin yoxluğu indidən bir an sonra «qaralır». Bu mənada yoxluq həmişə varlığın qulağının dibindədir. İnsanda yaşam istəmi hər an, bax, belə yaxında duran yoxluqla çarpışır. Burada Şopenhauer örnəklər göstərir: bizim hər addımımız yıxılmağın qarşısını almamızdır, hər nəfəs almağımız boğulmaqdan qurtulmaqdır. Bir sözlə, bədənimizin həyatı hər an ləngidilən ölümdür. Yaşayışımız hər an ölümün ertələnməsi, sonralaşdırılmasıdır.

Bax, bu ölümü dəf etmək üçün insanda hər an varlıq (yaşamaq) istəmi iş görür. Ancaq insan hər dəfə varlığı əldə edəndə bilmir bu varlıqla nə etsin. Çünki varolumunda insanı darıxma izləyir və darıxmadan qurtulmaq üçün insan «vaxtı öldürməklə» məşğul olur. Və bu zaman görürsən ki, insanlar onları əzən yükləri boyunlarından atanda özləri-özlərinə yük olurlar.

Beləliklə, yaşam istəmi hər an ölümü itələyib varlığı saxlamaq üçün çalışır, ancaq varlıq saxlananda özü-özünə yük, əzab olur.

Niyə varlıq əzab olur? Buna bir də baxaq. Şopenhauer həmin əzabın səbəbini insanın istəyən varlıq olmasında görür. İstək nəyinsə çatışmamasından, deməli, bu çatışmazlığın törətdiyi əzabdan doğur. Səadət həmin çatışmazlığın aradan götürülməsidir. Aradan götürmək isə yox etməkdir. Deməli, bizim səadətimizin əsasında nələrisə yox etmək durur. Yox etməyin üstündə isə (yoxluq nə özüldür ki) möhkəm bir bina tikmək olmaz. Bu səbəbdən bizim sevincimiz uzun çəkmir, bir əzabı yox edən kimi yox etməli min əzaba çıxırıq.

Sevincimiz ona görə uzun çəkmir ki, biz yiyəsi olduğumuz yaxşıların, dəyərlərin qədrini az bilirik, yalnız onları itirəndə nə qədər dəyərli şeyi itirdiyimizi qanırıq. Bax, bütün bunlara görə də epik, dramatik əsərlər əzablardan qurtulmaq, səadət uğrunda çarpışmaq əhvalatlarını olaylar silsiləsi ilə göstərir, qəhrəmanlar səadətə çatanda isə pərdələr enir. Xoşbəxtlik uzun bir əhvalat kimi sənətin obyekti ola bilməz.

Şopenhauer göstərir ki, eyni hal musiqidə də var. Melodi həmişə əsas tondan sapınmaq, dissonanslara çatacaq qədər dolaşmaqdır. Və sonra melodi əsas tona qayıdır. Bu zaman musiqini içəridən hərəkətə gətirən iradə, istəm məmnunlaşır, əsas tona qayıtdığı üçün sakitləşir, dincəlir. Ancaq bir az keçir, bu vəziyyəti yox etmək istəyi yaranır, çünki əsas tonda çox qalmaq monotonluq (darıxdırıcılıq) yaradır.

Beləliklə, dramatik əsərlər də, musiqi də göstərir ki, yaşamaq istəminin axınına düşmüş insan heç yerdə dinclik, rahatlıq qazanmır, əldə etdiklərinin qədrini bilmədiyi üçün darıxır, itirdikləri isə onu üzür.

Şopenhauer söyləyir: görün tale bizi necə ələ salır? Bizim yaşayışımız bir tərəfdən faciənin bütün dəhşətləri içindədir. İkinci yandan isə, özümüzü faciə qəhrəmanlarının ləyaqətində, ərənliyində saxlamaq bizə verilməyib. Komediya qəhrəmanlarının bayağılığı ilə həyat yolunu keçmək bizə alın yazısı olub.

Bütün bunlardan sonra Şopenhauer söyləyir: indi ki yaşam istəmi, iradə insanı sürükləyib-üzüntülərə düçar edir, onda insan üçün bir əlac qalır. Bu əlac insanın özündə yaşam istəmini, bütün istəkləri, iradənin qaynaşmasını söndürməkdir.

Şopenhauer iradənin qaynaşmasını söndürmək haqqında
Şopenhauer göstərir ki, insanların çoxu iradəsinin quludur. Gör iş nə yerə çatıb ki, yalnız iradələrini hərəkətə gətirən, istəmlərini şirnikdirən, yerindən tərpədən şeylər onlarda maraq doğurur. Məsələn, belə adamlar uzaq ölkələrdən gətirilmiş əcaib heyvanları görəndə onları elə hey şitəndirmək istəyirlər, heç cürə sakitcə durub baxmaq onlar üçün maraqlı olmur. Görməli yerlərə düşəndə isə divarları yazmaq istəyirlər. İradələri belə işlərdə fəallaşanda həmin yerlərdə olmaq da onlar üçün maraqlı olur.
Bəs qurtuluş haradadır? Necə olsa, insan onu vurnuxduran istəmin, istəklərin qaynaşmasından azad ola bilər?

Şopenhauer söyləyir: biz iradə, istəyib etmə subyekti olmaqdan çıxıb təmiz idrak, bilim, anlamaq subyektinə çevriləndə bu qurtuluş baş verir. Təmiz bilim subyektinə çevrilmək isə dünyanın təmiz tamaşasına dalmaqdır. Təmiz tamaşa burada nəyi bildirir? Onu bildirir ki, sən umacaqla, xeyir götürmək üçün tamaşa etmirsən. Tamaşa sənin üçün özü-özülüyündə dəyərli olur. Bax, belənçi olanda istəklər sənin idrakına, seyr edib bilməyinə qarışmır. Qarışmırsa, sən filan konkret şəxs olmaqdan da, fərdilikdən də arınırsan. Çünki filankəs olmaq nədir? Filankəs olmaq filan istəklər, filan cür davranmaq üçün iradəsi, istəmi olan konkret şəxs olmaqdır. İnsan istəmin püskürtüsünü özündə söndürəndə fərdiliyin dar çərçivəsindən də çıxır.

Fərdilikdən arınmaq üçün başqa bir gərəkli iş nəsnələrin hər birinə baxanda həm onu, həm də ideyasını seyr etməkdir. Yadınızdadırsa, bu haqda Şopenhauerin sevmədiyi Şellinq də, Hegel də yetərincə yazmışdılar. Şellinq söyləmişdi ki, sxematizmdən, alleqoriyadan fərqli olaraq simvolda nəsnə ilə onun anlayışı, ideyası arasında başqalıq, ayrılıq yoxdur. Nəsnə tamaşa edən üçün ideyasını qıraqdan çağırmır, özündən göstərir.

Hegel eyni problemi gözəllik əsasında anlatmışdı. Gözəllik odur ki, konkret olan öz görünüşündə həqiqətə tamaşa etdirir. İndi Şopenhauer də söyləyir: o adam yetkindir ki, Platonun dediyi ideyaları ayrı-ayrı nəsnələrin içindən baxaraq seyr edir. Və bu zaman ideyalara o qədər dalır ki, özünü, öz fərdiliyini unudur, şüuru özündə yox, həmin ideyalara qapılmış durumda olur.

Bu yerdə Şopenhauer dahilik anlayışını da açır.

Şopenhauer dahilik haqqında
Bu filosofa görə, dahilik umacaqsız təmiz tamaşaya dalaraq ideyaları, lap elə nəsnələr dünyasını da seyr etmək bacarığıdır. Adi insan bu cür təmiz seyri özündə çox saxlaya bilmir, bir az baxandan sonra hövsələsi çatmır, gördüyü nəsnəni anladan anlayışı tapır ki, nəsnəni onun altına qoyub başa düşsün. Adi insanın dəqiqədə bir anlayış axtarıb ona söykənməsi tənbəl adamın bir az ayaq üstə durandar sonra kətil axtarmasına bənzəyir.

Burada Şopenhauerin anlayışlar əsasında düşünməyə yaxşı baxmadığı görünür. Biz Kantdan gördük ki, təfəkkür təcrübədəki görüntüləri uyğun anlayışın işığına tutmaqla nəyisə elmi şəkildə anlamış olur. Şopenhauer isə söyləyir: hər anlayış özünə uyğun nəsnələr dəstəsi haqqında az saylı xarakterik cizgilər göstərir (deməli, Şopenhauer Şellinq kimi anlayışların sonsuzluğunu qəbul etmir). Ona görə də anlayış nəsnə haqqında çox şeyi söyləyə bilmir. Və adi adamın təmiz tamaşaya hövsələsi çatmayıb, tamaşa etdiyi nəsnəni anlayışın altına salanda görün nə baş verir. Anlayış nəsnə haqqında xarakterik cizgiləri göstərən sorağı verir. Adi şüura elə gəlir ki, nəsnədə anlayışın söylədiklərindən başqa heç nə yoxdur, deməli, nəsnənin anlayışını tapanda nəsnəni tam bilmiş olursan.

Buradan Şopenhauer maraqlı bir sonuc çıxarır: adi şüur, anlayışlarla işləyən bilinc hər şeyi çox tez tükənmiş sayır. Rast gəldiyi nəsnəyə çox tez marağı sönür, ona görə də təmiz seyrlə məşğul ola bilmir. Təbiət mənzərələrinə, bədii əsərlərə baxanda elə hesab edir ki, anlayışların sayəsində onları tükənənəcən mənimsəyib. Ona görə də adi adamların təbiətin qoynunda uzun-uzadı qalmağa hövsələsi çatmır. Onlar təbiətdə darıxırlar.

Dahilik anlayışsız tamaşa etmə olduğu üçün hər nəsnədə sonsuzluğa dalır. Kantdan sonra bilirik ki, estetik ideya da bir anlayışa sığmır. Ona görə də Şopenhauer belə hesab edir ki, dahilik yalnız incəsənətdə olur.

Şopenhauer gülüşün səbəbləri haqqında
Bu alman filosofu dahiliyə əngəl olan anlayışlarla düşünməkdən danışırdı ki, anlayışları tənqid etsin. Daha sonra həmin tənqid Şopenhauerin gülüş haqqında söylədiklərindən yeni materiallar qazanır.
Filosofun fikrincə gülüş gördüyün hadisə ilə ona aid saydığın anlayış arasında qəfil uyğunsuzluğun ortaya çıxmasından doğur. Sən bir olayı, nəsnəni hansı bir cəhətdənsə filan anlayışa bağlayırsan və birdən də görürsən ki, onlar bu anlayışa heç cürə uyğun deyillər. Doğrudan da bəzən niyə Molla Nəsrəddinin etdikləri bizi güldürür? Biz Mollanı «müdrik adam» anlayışında düşünürük və sonra isə gülməcədən bəlli olur ki, etdiklərinə görə o müdrik-filan anlayışına heç uyğun deyil.

Gülüşü törədənlərin bir növü hazırcavablıqdır. Hazırcavab bir-birindən uzaq duran, bir-birinə dəxli olmayan kimi görünən iki hadisəni bir anlayışda birləşdirib eyniləşdirəndir. Örnək üçün Şopenhauerin özünün haradasa dediyi hazırcavab sözləri yada salaq: «Kitab da güzgüdür, eşşək ona baxanda özünü mələk kimi görə bilməz».

Bu deyimdə kitabla güzgünün eyniləşdirilməsi, kitabı oxuyanla şəklinə güzgüdə baxan heyvərə adamın eyniləşdirilməsi deyimi hazırcavab, duzlu edir.

Gülüşü törədənlərin başqa dürü: anlayış özünə uyğun nəsnə ilə filan cür davranmağı düzgün edir, məsələn, «yemək» anlayışı yeməli şeyləri yeməyi təbii bir iş kimi anladır. Sonra kimsə yanlış olaraq hansı bir obyektisə yeməli şey anlayışına uyğun sayıb yeməyə başlayanda və bəlli olanda ki əslində, həmin obyekt yeməli deyil, buradan da gülüş doğur.

Şopenhauerə görə, bu axırıncı uyğunsuzluq həm gülüşün, həm də axmaqlığın əsasında durur, ona görə də çox vaxt axmaqlıq da adamları güldürür. Şopenhauer göstərir ki, axmaqlığın bir növü də işdə, əxlaqda pedantlıqdır. Pedant bütün etdiklərində ağılı rəhbər tutmaq istəyir. O bilmir ki, anlayışlar mücərrəd, kəskin çərçivəli olduqları üçün onlara aid hadisələrin bütün çalarlarını, incəliklərini, dəyişmələrini nəzərə ala bilmir. Ona görə də anlayışdan çıxış edən, heç bir reallığı nəzərə almayan pedantın etdiklərində dünya ilə anlayışların uyğunsuzluqları ortaya çıxır. Məsələn, pedant əxlaqi ideal olan «doğruçulluq» anlayışından çıxış edib, xəstəni aldatmır, onun bu gün-sabah öləcəyini xəbər verir. Buna görə də danlaq eşidəndə doğruçulluq əqidəsinə xəyanət edə bilməməsi ilə özünü təmizə çıxarır.

Şopenhauer iradə problemindən gözəlliyə,ülviliyə necə çıxır?
Gülüşdən sonra başqa estetik hadisələr haqqında Şopenhauerin anlatdıqlarına baxaq. O soruşur: nəyə görə işıq, nur güclü estetik, etik təsirlər göstərir? Doğrudan da bir çox mədəniyyətlərdə işıq gözəlliyin bilinməsi kimi sevilir, nur əxlaqi saflıqla anışır.

Verdiyi sualın cavabını Şopenhauer belə açıqlayır: çünki görülən, eşidilən, dadılan, toxunulan bir çox şeylər duyu orqanlarında xoşnutluq və ya pis hal yaratmaqla iradəmizi fəallaşdırır, işıq isə orqanlara belə fizioloji təsir göstərmədiyi üçün iradədən, istəmdən arınmış təmiz bilim, idrak halını xatırladır. Bu açıqlama filosofun gözəlliyi anlatmasına açar olur. Gözəl o nəsnədir ki, seyrində bizim istəmimizi, iradəmizi dəbərtmir, çağırmır. Gözəlliyin qavrayışı təmiz tamaşadır.

Yadınıza salın, Kant gözəlliyin qavrayışını umacaqsız seyr adlandırırdı, Şopenhauer isə umacaqsızlığı öz fəlsəfəsi əsasında yeni mənada yozur. İnsanda istəyib etmə (iradə, istəm) enerjisi sönəndə umacaqsız qavrayış baş verir? Şopenhauer göstərir ki, ucamanlıq da insanın istəmini söndürür. Ucamanlığın möhtəşəm, azman görünüşü iradəni öz nəhəngliyi ilə hədələyir. İnsan bədəni ki, istəmin obyektləşməsidir, ucamanlığın yanında, qarşısında öz zəifliyini görür. Deməli, ucamanlıq öz gücü ilə iradəni söndürür. Sözsüz, estetik qavrayışda ucamanlıq təmiz tamaşanın hədəfi olur, bu isə o deməkdir ki, təmiz tamaşada ucamanlığın qorxuncluğu, iradəni kiçiltməsi, gerçək dağıdıcı təhlükə kimi yox, ideya kimi qavranılır.

Şopenhauer incəsənət haqqında
Bu alman filosofu sənətdə yaradılan görkləri təmiz tamaşaya çağıran başlanğıclar hesab edir. Sənətkar özünün tamaşa obyektini məkandakı və zaman cərəyanındakı səbəb-nəticə sıralanmasından çıxarır və onları dünyadakı dəstə-dəstə şeylərin, hadisələrin örnəyinə çevirir. Beləliklə, hər obraz Platonun haqqında danışdığı ideyalar aləminə bir pəncərə olur. Sənətkarın yaratdığı görklər ona görə ideyaya yaxın olur ki, o hər obrazı dünyadakı təsadüfi, önəmsiz cəhətlərdən təmizləyir.

Görürsünüzmü, bir çox estetik öyrətilərə görə incəsənət dünyada olanları anlayıb-anlatmaqla məşğul olur. Şopenhauer üçünsə sənət olanlardan yuxarıda duran, əsl mahiyyətləri özünə yığmış ideyaların təmiz seyrinə dalmaq üçün bizləri gərəkli duruma, şəraitə salır.

Sənət öyrənəndə də görüntülərin arxasında durmuş Dünya İstəminin necə obyektləşməsini anladır. Məsələn, memarlıq Şopenhauerə görə, Dünya İstəminin nəsnələşməsinin (obyektləşməsinin) ən aşağı pilləsini anlayıb-anlatmaqdır. Bu pillədə istəyib-etmə maddi kütlənin kar və kor, bilincsiz canatımını törədir. Ancaq elə bu qatda da İstəm nəsnələşəndə cisimlərdə, maddədə ikiləşir, bir-birinə qarşı duran tərəflərə bölünür. Memarlıq bunu maddə kütləsinin ağırlığı və çeviksizliyi ilə onların arxitektura formalarında çevik ritmə salınmasının ziddiyyətində göstərir.

Faciə Dünya İstəminin özü-özü ilə ziddiyyətdə didişməsini ən yüksək pillədə, insan iradələrinin çarpışmasında dəhşətli ölçülərdə və tam aydınlığı ilə üzə çıxarır.

Musiqi haqqında Şopenhauer söyləyir: bas tonuna yaxın səslər Dünya iradəsinin obyektləşməsinin aşağı pilləsini açır. Bu pilləni qeyri-üzvi aləm tutur. Melodi oxuyan səs İradənin obyektləşməsinin yuxarı pilləsini, - insanı bildirir.

Beləliklə, Şopenhauerin estetikası ilə də tanış olandan sonra biz nəyi görürük? Onu görürük ki, sistem düzəldən özündən öncəki filosoflar kimi o da tapdığı başlıca metafizik ideyanı, - dünyanın İstəm və görüntü olmasını götürüb onu etika, estetika problemlərindən keçirir. Onun əsasında yeni etik-estetik nəzəriyyələr düzəldir.


Tarix: 09.12.2014 / 13:47 Müəllif: Aziza Baxılıb: 363 Bölmə: Fəlsəfə
loading...