Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sokrat və Qədim Yunanıstanda etik məktəblər

Əslinə qalanda fəlsəfə sözü bu dövrdən başlayaraq işlənmişdir. Sokrat kinayə ilə deyirdi ki, sofistlər elmi və yaxud müdrikliyi öyrətməyə çalışsalar da, özləri hər cür bilik və hər cür müdriklik imkanlarını inkar edirlər. Onlardan fərqli olaraq Sokrat özünü müdrik yox, «müdrikliyə məhəbbət bəsləyən», onu sevən adlandırmışdır. Onları «sofist»– müdrik, özünü isə filosof– müdrikliyi sevən hesab edirdi. «Fəlsəfə» sözünü bu mənada onun tələbələri də ifadə edirdilər. Elə həmin zamandan başlayaraq fəlsəfə intellektual fəaliyyətin xüsusi sahəsini ifadə etməyə başladı. «Fəlsəfə» sözü «müdriklik» (Sokrata qədər fəlsəfə belə adlanırdı) sözünü əvəz etdi. Həm də b. er. əv. V əsrin sonuna qədər fəlsəfə bütün elmi bilikləri əhatə edən yeganə elm sahəsi idi. Elmlərin xüsusi sahələrə bölünməsi b. er. əv. V əsrin sonundan başlanmışdır.
Sokrata qədərki dövr naturfəlsəfə dövrü adlanır. Deməli, Sokrat antik fəlsəfəsinin ikinci dövrünün banisi hesab olunur. Sokrat (b. er. əv. 469– 399) özü heç bir əsər yazmasa da, onun görüşlərini tələbələri və ardıcıllarının, xüsusilə Platonun və Aristotelin əsərlərindən öyrənmək mümkündür. Bir şəxsiyyət kimi də Sokrat maraqlı insan olmuşdur. Atası Sofroniks kimi, o da gəncliyində heykəltaraşlıqla məşğul olmuşdur. Zahirən yöndəmsiz olan Sokrat küçə və meydançalarda öz ağıllı və məntiqli çıxışları ilə onu dinləyənləri mat qoyarmış. Dəfələrlə Afina vətənpərvəri kimi Spartaya qarşı döyüşlərdə iştirak etmişdir. Çoxlu şagirdlər yetirmişdir. Onların içərisində məşhurları Antisfen, Aristipp, Evklid, Ksenofon, Alkiviad və Platon idi.
Qoca yaşlarında dinsizlik və əxlaqsızlıqda təqsirləndirilib ölü­mə məhkum olunmuşdur. Zəhər içib intihar etmişdir. Ölümündən sonra onu məhkəmə edənlərin hamısı cəzalandırılmışdır. Sokrat insan, onun təhsili və tərbiyəsi məsələsini fəlsəfəyə gətirən ilk filosofdur. O, dialektik metodun banisidir. «Öz– özünü dərk et» və «mən bir şeyi bilirəm ki, heç nə bilmirəm» prinsiplərinə əsaslanan Sokrat öz təlimini şifahi şəkildə təbliğ etmişdir. Əsasən etik xüsusiyyət daşıyan dünyagörüşündə Sokrat insanda dörd keyfiyyəti yüksək qiymətləndirirdi. Bunlar: müdriklik, cəsurluq, xeyirxaqlıq və ədalətlilikdir. Böyük filosof biliklə xeyirxaqlığı eyniləşdirirdi. İnduktiv metodu ilk dəfə elmə gətirən Sokrat ayrı– ayrı hadisələrdən ümumi nəticə çıxararaq deduktiv üsulla (sillogizmlə) əvvəllər qəbul edilməyən ayrıca mühakiməni əsaslandırmağa çalışırdı. İnduksiya və deduksiya məntiqi asılılıq münasibətlərinə əsaslanır. Sokrat öz metodunu maevtika– mamalıq sənəti adlandırmışdır. Bunu o özü belə izah etmişdir. Mama doğan qadının yanına gələrək yanlız uşağın dünyaya gəlməsinə kömək etdiyi kimi, Sokrat da öz şagirdlərinə heç bir bilikdən məlumat vermir. O, adamlara onların başının «hamilə» olduğu fikirinin aydın dərk olmasına kömək etmişdir. Fikirləri isə Sokrat deyil, şagirdləri yaradırdılar. Əlbəttə bu təvazökarlıq düşündüyündən artıq kömək edirdi.
Qeyd etmək lazımdır ki, Sokratın fəaliyyəti nəticəsində Qədim Yunanıstanda etik məktəblər yaranıb inkişaf etməyə başladı. Bunlar gedonik və kinik, yaxud sinik etik məktəbləri idi. Gedonik (yaxud Kiren məktəbi) Sokratın şagirdi Aristipp tərəfindən əsası qoyulan məktəbdir Aristipp həzzi həyatın yeganə mənası hesab etmişdir. Aristipp haqqında tarixçi– filosof Layertli Diogen çox yazmışdır. O, şən, qayğısız, parlaq nitqlər deyə bilən, iti ağıllı, əylənməyi sevən, öz arzularını idarə edə bilən, dalaşmağı xoşlamayan, sülhə birinci can atan adam olmuşdur. Aristipp Sirakuz tiranı Dionisinin sevimlisi olmuşdur.
Bir dəfə o, Dionisidən pul istəmişdir. Dionisi ona pul vermək istəmir və onun öz sözü ilə xatırladır ki, müdrik adamlar heç vaxt pula ehtiyac hiss etmirlər. «Sən əvvəlcə pul ver, sonra biz bu məsələni aydınlaşdırarıq»– deyə Aristipp cavab verir. Məsələdən hali olmaq marağı ilə Dionisi onun istədiyi məbləği verir. «Bax, görürsənmi? Pulu götürdükdən sonra artıq mənim heç bir ehtiyacım yoxdur»,– deyə Aristipp fikrinin doğruluğuna Dionisi inandırır. Aristipp Kirendəki məktəbini qızı Aretə verir. Çünki Aretin oğlu Kiçik Aristipp öz babasının yolunu davam etdirməyi qərarlaşdırmışdı.
Gedonik məktəb təxminən yüz il mövcud olmuşdur. Sonra Epikurçuların məktəbi ilə birləşmişdir. Epikur məktəbinin əsası b. er. əv. 305– ci ildə Afinada Epikur tərəfindən qoyulmuşdur. Bu məktəb birinci növbədə zövqlərə keyfiyyət qiyməti verməyi öhdəsinə götürmüşdü. Onun nümayəndələri öyrədirdilər ki, mənəvi zövq cismani zövqdən üstündür və mənəvi zövqlərin içərisində də (dostluq, uğurlu ailə həyatı, düzgün dövlət quruluşu və s.) daha çox hörmətlidir. Gedonik məktəbin filosofu Gegeziy «ölüm təlqin edən» adını almışdı və pessimizmi təbliğ edirdi. O, insan üçün yeganə çıxış yolunu intiharda görürdü. Onun hər mühazirəsindən sonra bir neçə adam özünü öldürdüyündən, hətta Gegeziyə İsgəndəriyyədə mühazirə oxumağı qadağan etmişdilər.İlk baxışda həmin məktəbin bu cür ardıcıllığı qəribə görünür. Lakin bunu da başa düşmək olar.Çünki həyatın yeganə məqsədi– zövq deyil, başqa məsələlər də ola bilər.

Sokratın ardıcılları olan ikinci məktəb Kinik etik məktəbdir. Bu məktəb Antisfen tərəfindən Afinada yaradılmışdır. Bir versiyaya görə, bu məktəbin xarakterində daim narazılıq və həmişə kimisə qapmağa, dişləməyə (kinos– it deməkdir) hazır olmaq xas olduğuna görə onları sinik, yaxud kinik adlandırırdılar.Digər versiyaya görə sadə, təbii həyat tərzinə görə onlara kinik deyirdilər. Kiniklər xeyiri hər şeydən əvvəl, maddi rifahdan tam şəkildə asılı olmamaq kimi, öz təlabatını məhdudlaşdırmaq qabiliyyəti kimi başa düşürdülər. Onların fikrincə, müdrik elə adamdır ki, xeyir nə olduğunu bilir və təbii təlabatından kənara çıxmır. Qüsura gəldikdə isə o axmaq adamın öz xoşbəxtliyini başqa şeydə axtarması ilə ələqadardır. Kiniklər bilə– bilə nimdaş paltarla kifayətlənir, yataq üçün quru yerdən istifadə edir, əllərinə nə düşdü onu yeyir, avara həyat tərzi keçirirdilər.Onlar abırsızlığı nimdaş paltarda gəzməkdə yox, hər hansı asılılıqda görürdülər.
Qeyd etmək lazımdır ki, sinizm Afinada geniş yayılmış zahiri təmtəraq və gözəllik kultuna təbii əks reaksiya idi. Çoxları bu cür idealların boşluğunu hiss edirdilər.
Siniklər (Kiniklər) məktəbi Sokratın ölümündən sonra 150 il mövcud olmuşdur. Sonra isə o, Stoiklər məktəbində ərimişdir. Siniklərdən biri də sinoplu Diogen (b. er. əv. 404– 323) olmuşdur. Onun var yoxu bir plaş, bir torba və böyük bir ağacdan ibarət idi. Əvvəllər onun dilənmək və su içmək üçün bir qabı varmış. Ancaq bir gün bir uşağın ovcu ilə su içdiyini görüb qabı da tullayır. Bir dəfə o, dəniz quldurları tərəfindən tutulub bazarda satılır. Bir varlı ona yaxınlaşaraq soruşur ki, «nəyi bacarırsan?» «Adamları idarə etməyi»,– deyə Diogen cavab verir. Varlı onu alır və uşaqların tərbiyəsini Diogenə tapşırır. Ömrünün çox hissəsini çəlləkdə keçirən Diogenin yanına məşhur İsgəndər gəlib soruşur ki, nə arzun var, de yerinə yetirim. cavabında Diogen deyir ki, günəşin qabağını tutmasın. Bu cavabdan sonra İsgəndər demişdir ki, əgər mən İsgəndər olmasaydım, Diogen olmaq istərdim.
Diogen sinizmə xor baxan adamlara nifrət etmişdir. Bir dəfə Diogeni günün günorta çağı əlində fənər görürlər. Soruşanda– bu nədir? o, belə cavab verir: adam axtarıram.


Tarix: 09.12.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Fəlsəfə
loading...