Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu) - şair, publisist.
Həyatı
Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M.T.Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957-1962) təhsilini davam etdirib.
İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980-1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib.
Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982-1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987-1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990-1992), "Meydan" qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb. 1990-1993-cü illərdə açıq fikirli cəsarətli yazılarına görə hakimiyyət tərəfindən ağır təzyiqlərə məruz qalıb. Evi və redaksiyası dəfələrlə mühasirə halqasına düşüb.
Zeynal Vəfa Heydər Əliyevin ilk təbliğatçılarından biri olub. 1991-ci ildə Zeynal Vəfa 4 qəzetdə dərc etdirdikdən sonra , öz vəsaiti hesabına yarım milyon kserekopyasını çıxartdırıb 27 rayonda yayımladığı "Şəxsiyyət" adlı monumental yazısını "o böyük şəxsiyyətin yenidən hakimiyyətə qayıdış yolunda yaşıl işıq" adlandırmışlar.
Zeynal Vəfa 1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində baş redaktorun müavini vəzifəsindədir. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə 1995-ci ildə "Qızıl Qələm" mükafatına layiq görülüb. Respublika Prezidentinin 2005-ci il 21 iyul tarixli 924 nömrəli sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilib. 2007-ci ildə Milli Müdafiə Nazirliyinin ordu quruculuğu ilə əlaqədar keçirdiyi "Ən yaxşı publisist yazılar" müsabiqəsində birinci dərəcəli mükafatın qalibi olub.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub. 2009-cu il dekabrın 25-də Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi kimi, "Azərbaycançılıq ideyası milli həmrəyliyin təməl prinsipləridir" mövzusundakı publisist yazısına görə diplomla təltif edilib. 22 iyul 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ilə əlaqədar Əməkdar jurnalist adına layiq görülüb.
Zeynal Vəfa poeziya sahəsində fəaliyyətə 12 yaşından başlasa da "Tunc altı" adlı ilk şeiri 1955-ci ildə "Şərq Qapısı" qəzetində işıq üzü görüb. 1970-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Şer və poyemaları rus, ukrayna, özbək, tacik, eston, latış, ərəb və digər dillərdə dərc olunub. Avropa və Asiya şairlərindən xeyli poyetik tərcümələri var.
"Mənim körpə çinarım", "Qəlbimin səsi", "Əgər sevirəm desən","Körpələrin xətrinə","Beşiklərdən gələn səslər","Ömrün beşinci fəsli","Millətin xilaskarı"(Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən poyema), "O dünyaya xəbər verin gələn var" və digər şeir kitablarının müəllifidir. Sözlərinə 70 mahnı bəstələnib. Yüksək vətənpərvərlik ruhu ilə dolu şer və poyemaları respublikamızın müxtəlif mətbu orqanlarında, həmçinin "Ulduz" və"Azərbaycan" jurnallarında müntəzəm olaraq dərc edilməkdədir. Hazırda publisist yazılarından, yeni şer və poyemalarından ibarət "Kişilərimiz və kişiliyimiz" və "Bir insan ömrünü yaşaya bilsəm" adlı seçilmiş əsərləri öz nəşrini gözləməkdədir.
Həmçinin bax
Azərbaycanın dahi mütəfəkkiri Nəsrəddin Tusinin nəslindəndir.
Opera müğənnisi Azər Zeynalovun atasıdır.
Şair İslam Səfərlinin bacısı oğludur.
Tarix: 20.01.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 942 Bölmə: Şairlər və Yazıçılar