Mehdixan Kəlbəcərli – şair.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
2.1 Qoşmalar
2.2 Gəraylılar
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax
Həyatı
Mehdixan Kəlbəcərli (Həmid oğlu İbrahimov) 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub.
Orta məktəbin 7 ilini həmin kənddə, qalan 3 ilini isə rayon məktəbində oxuyub.
1965-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olub, 1969-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildən 1993-cü ilin aprel ayına qədər öz doğma kəndi olan Zardakı orta məktəbdə ixtisas müəllimi, daha sonra isə bir müddət həmin məktəbin direktoru vəzifəsində çalışmışdır.
1993-cü ildən bəri məcburi köçkün kimi Bakı şəhərində məskunlaşan el şairi müəllimlik peşəsində çalışmaqla yaradıcılığını uğurla davam etdirir.
Yaradıcılığı
Qoşmalar
Yazardım
Hökmüm işləsəydi fələk hökmü tək,
Mən insan ömrünü yüzə yazardım,
Öz ağlımla hər nə varsa düşünüb,
Baxmazdım şeytana, sözə yazardım.
Tərlanlar yurduna qoymazdım sarı,
Bərabər bölərdim, dövləti, varı,
Hörməti azaldan köhnə paltarı,
Cındır libasları təzə yazardım.
Ağartmazdım cavanların saçını,
Döndərməzdim yapalağa laçını,
Qanana verərdim zərli qamçını,
Qanmazı noxtaya, bezə yazardım.
Mərdləri Rüstəmi-zal eyləyərdim,
Namərdi qocaldıb çal eyləyərdim.
Əğyarı möhnətə qul eyləyərdim,
Sevəni sevdiyi qıza yazardım.
Əqrəb tək pünhanda yatanları mən,
Haqqı nahaqlara satanları mən,
Dostların arasın qatanları mən,
Ömürlük zindana cəza yazardım.
Ədalət yolundan çaş ürəklərə,
Nəmli torpaq kimi yaş ürəklərə,
Xain ürəklərə, daş ürəklərə,
Zəhərlə sulanmış nizə yazardım.
Mehdixan hər zaman el dərdi çəkər,
Dolanar başında qəmli kölgələr,
Əlimdə ixtiyar olsaydı əgər,
Nə yazsam, a dostlar, sizə yazardım.
Gətirdim
Doğma Kəlbəcərim dustaq olanda,
Dağılan elini verdi, gətirdim!
Dedi, dözümlüsən, dərya dərdini,
Gözümün selini verdi, gətirdim!
Yanan mahalımın, yanan obamın,
Yanan sarayımın, yanan komamın,
Yanan çarpayımın, yanan yubamın,
Soyumuş külünü verdi, gətirdim!
Yaxşı bax üzümə, qan qardaşım, sən,
Görürsən əliboş gəlməmişəm mən,
Kövhər mədənindən, ləl mədənindən,
Bir neçə ləlini verdi, gətirdim!
Doğru sözlərimdən incimə, fateh,
Zəmanət vermişəm, götürmüşəm beh,
Dərdini deməyə mənəm cavabdeh,
Danışan dilini verdi, gətirdim!
"Qürbət səni əldən salacaq", dedi,
"Bir gün səbr kasan dolacaq", dedi,
"Haçansa gərəyin olacaq", dedi,
Qisasçı əlini verdi, gətirdim!
Var
Öyrəşibdir gözüm, könlüm binadan,
Dağlara tükənməz məhəbbətim var.
Əlim çatmır, ünüm yetmir hələlik,
Qəlbimi göynədən hərarətim var.
Çıxmaz xəyalımdan o çağlar mənim,
Əksimi saxlayar bulaqlar mənim,
Məkkəm, Mədinəmdi o dağlar mənim,
Andıma, əhdimə sədaqətim var.
Mehdixanın könlün kimsə yapacaq,
Yolundakı qayaları çapacaq,
Yusifini qoca Yaqub tapacaq,
Dözümümdə səbrim, dəyanətim var.
Eylədi
Ürəyimdə neçə-neçə dərdimi,
Yurdumun həsrəti yalan eylədi.
Qar ələdi birdən-birə başıma,
Yolumu, izimi duman eylədi.
Zərbələri çox sərt dəydi üzümə,
Dar qəfəsdə buxov oldu dizimə,
Tor gətirdi bu dərd mənim gözümə,
Qəlbimi qönçə tək al qan eylədi.
İnanan inansın, mən inanmıram
Deyirlər, elsizdi darıxır dağlar,
Deyirlər, bağbansız saralır bağlar,
Deyirlər, tək qalıb, çox ana ağlar,
İnanan inansın, mən inanmıram!
Deyirlər bəd gəlib yurdun baharı,
Çoxunu tutubdu tamah azarı,
Hardasa açıblar "Torpaq bazarı",
İnanan inansın, mən inanmıram!
Deyirlər satıldıq yağıya, yada,
Deyirlər, yurdumuz qalandı oda,
Deyirlər, bir kimsə, çatmadı dada,
İnanan inansın, mən inanmıram!
Böhtan demə nə şəhərə, nə kəndə,
Belə şeylər olmaz bizim Vətəndə,
Gözümlə görsəm də bunları mən də,
İnanan inansın, mən inanmıram!
Gəraylılar
Qurban olum
Kəlbəcərim, dağdan ağır,
Dərdlərinə qurban olum.
Bu dövranın qarşısında,
Şərtlərinə qurban olum.
Hər çəkiclə döyülməyən,
Şirin olub yeyilməyən,
Polad kimi əyilməyən,
Sərtlərinə qurban olum.
Səxavətdən toxum əkən,
El yolunda qəddin bükən,
Qeyrət günü qeyrət çəkən,
Mərdlərinə qurban olum,
Mərdlərinə qurban olum.
Qoyma gedə bu karvanı
Əylə, sarban, əylə qardaş,
Qoyma gedə bu karvanı.
Bu karvanı eylə bir daş,
Qoyma gedə bu karvanı.
Tez ol, qardaş, tez ol, sarban,
Bağla ylu, vermə aman,
Qəm yüküdü gedən karvan,
Qoyma gedə bu karvanı.
Qoy axdıqca axsın qanı,
Qoy Vətəndə çıxsın canı,
Eşit, sarban, Mehdixanı,
Qoyma gedə bu karvanı.
Qoyma gedə bu karvanı.
Deyə-deyə
Allah, Allah, yandı canım,
Doğma ellər deyə-deyə.
Xoş baxışlar, gülər üzlər,
Şirin dillər deyə-deyə.
Tül geyimli göy yaylaqlar,
Çal-çağırlı şən oylaqlar,
Ayna göllər, buz bulaqlar,
Daşqın sellər deyə-deyə.
Şair könlüm yaman ağlar,
"Şah vüqarlı, qarlı dağlar".
Bənövşəli, barlı bağlar,
Məxmər çöllər deyə-deyə.
Allah
Ata-baba yurdum mənim,
Yenə yada düşdü, Allah!
Yenə bağrım kabab oldu,
Bu həsrətdə bişdi, Allah!
Damarımda dayandı qan,
Əsdi bədən, titrədi can,
Gözlərimin qabağından,
Yenə nələr keçdi, Allah!
Bu hikməti çoxu bilmir,
Yurdsuz insan deyib-gülmür,
Doğma yurdsuz keçən ömür,
Ömür deyil, heçdi, Allah!
Tarix: 17.01.2013 / 11:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1597 Bölmə: Şairlər və Yazıçılar