Telman Qarabağlı (tam adı: Telman Ayrapetoviç Çalyan[1]; d. 23 fevral 1931, Bərdə, Azərbaycan SSR - ö. 22 oktyabr 1999, Moskva, Rusiya) — erməni hüquqşünas, filoloq və yazıçı; SSRİ Yazıçılar İttifaqının üzvü (11 yanvar 1962); "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" (4 may 1989).Mündəricat
1 Həyatı
1.1 Valideynləri
1.2 Təhsili
1.3 Əmək fəaliyyəti
1.4 Ailəsi
2 Yaradıcılığı
2.1 Kitabları
2.2 Filmoqrafiya
2.3 Ömrünün son illəri
3 İstinadlar
4 Mənbə
Həyatı
Telman Qarabağlı 23 fevral 1931-ci ildə Bərdə şəhərində anadan olmuşdur.
Valideynləri
Atası çox erkən dünyasını dəyişmişdir. Anası Sona xanım isə Bərdədə məktəb direktoru olmaqla yanaşı, həm də həmin təhsil ocağında Azərbaycan dili dərsini tədris etmişdir.
Təhsili
Tam orta təhsil verən məktəb olmadığından Bərdədə 8-ci sinifi bitirdikdən sonra, təhsilini davam etdirmək üçün Mirbəşir rayonuna (hazırkı Tərtər rayonu) getmiş və 10-cu sinfi orada bitirmişdir.
Əmək fəaliyyəti
1949-cu ildə əmək fəaliyyətinə dövrünün əksər həmyaşıdları kimi Mirbəşir rayonundakı kolxozlardan birində işləməyə başlamışdır.
1950-ci ilin yazında Kirov adına ADU-nin hüquq fakültəsinin Azərbaycan bölməsinə daxil olmuşdur. 1955-ci ildə oranı bitirib gənc mütəxəssis kimi Neft daşlarında prokuror köməkçisi vəzifəsinə təyinat almışdır. 1957-ci ildə Bakının Kirov rayonunda (hazırkı Binəqədi rayonu) prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. Prokurorluq orqanları onun üçün cəlbedici olmamış və özünü daha çox yaradıcılıqda gördüyündən, bu sahə onu daha çox cəlb etdiyindən 1959-cu ildə prokurorluq orqanlarından tutduğu vəzifədən azad olaraq peşə istiqamətini tamamilə dəyişmək qərarına gəlmişdir.
Təxminən 1959-1960-cı illərdə o, yenidən Kirov adına ADU-nin filologiya fakültəsinə daxil oluraq ikinci ali təhsili alır. Elə bu illərdən etibarən o, Azərbaycan ədəbiyyatından Telman Qarabağlı imzası ilə daha geniş tanınmağa başlayır.
Əmək fəaliyyətini 1964-cü ildən etibarən Azərbaycan Teleradiosunda davam etdirir. O, burada əvvəlcə Uşaq şöbəsinə rəhbərlik edir. 1969-cu ildə isə dəvət aldığı Bakı televiziyasında Uşaq televiziya verilişləri şöbəsinə rəhbər təyin edilir. 1975-1976-cı illərdə Azərbaycan SSRİ KP MK-nin 1-ci katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan televiziya və radiosunda açıl erməni şöbəsinə rəhbərlik etmək üçün dəvət alır. Bundan sonra Telman Qarabağlı Azərbaycan Televiziyasının erməni şöbəsində 1989-cu ilə kimi - şöbə bağlanan günə kimi Baş Redaktor vəzifəsində çalışır.
Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Telman Qarabağlıya 1989-cu ilin mayın 4-də "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir[2].
Ailəsi
1960-cı ildə ailə həyatı qurmuşdur. Bir il sonra - 1961-ci ildə əkiz oğulları Emil və Artur dünyaya gəlmişdir.
Yaradıcılığı
Telman Qarabağlı yaradıcılığının ilk dövründə Azərbaycan uşaq ədəbiyyatını müəllifi olduğu öz kitabları ilə zənginləşdirir.
1957-ci ildə Bakıdakı "Uşaqgəncnəşr" mətbəəsində azyaşlı oxucular üçün tərbiyəvi əhəmiyyətli kiçik hekayələr kitabı nəşr edilmişdir. 1958-ci ildə isə uşaqlar üçün onun qələmə aldığı "Qartal" hekayələr kitabı Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında çap edilmişdir.
11 yanvar 1962-ci ildə Qarabağlı SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunur.
Kitabları
Telman Qarabağlı 25-dən çox kitabın müəllifi olub ki, onların ikisi rus dilinə tərcümə edilmişdir.
"Alçiçək, balçiçək, gülçiçək, fındıqburunlar və günəş"
"Anamın oğulları"
"Qartal"
"Günəşin nağılı"
"Du-du yol verin"[3]
"Odlar ölkəsinin uşaqlar"
"Pələng balası"
"Təhlükə sovuşdu"
"Fərizənin sevinci"
Filmoqrafiya
Əsərlərinin motivləri əsasında bir neçə qısametrajlı və sənədli filmlər çəkilmiş, teatrlarda pyesləri tamaşaya qoyulmuşdur.
Ömrünün son illəri
Ömrünün son illərini Moskva şəhərində yaşamışdır. Sonuncu kitab və məqalələrində Azərbaycan və Erməni xalqlarını qarşılıqlı nifrəti dostluqla, sevgi ilə əvəz etməyə çağırmışdır. 22 oktyabr 1999-cu ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.
Tarix: 19.01.2013 / 15:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 501 Bölmə: Şairlər və Yazıçılar