Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tahir Hüseynov

Hüseynоv Tahir İsmayıl оğlu — yazıçı.

Həyatı

Tahir İsmayıl-oğlu Hüseynov 1930-cu il yanvarın 1-də Borçalı mahalının Qaçağan kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur.

1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fkultəsini Jurnalistika ixtisası üzrə bitirib.

1952-ci ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə radioda jurnalist kimi başlayan Tahir Hüseynov bədii yaradıcılıqda qələmini əvvəlcə poeziya sahəsində sınayır. 1954-cü ildə hekayə janrına üstünlük verərək dövrü mətbuatda ilk hekayəsi olan "Qonşular" işıq üzü görür.

1953-cü ildən başlayaraq T.Hüseynov müxtəlif qəzet və jurnalların redaksiyalarında jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur. 1956-1963-cü illərdə Tiflisdə çıxan "Şərqin şəfəqi" qəzetində və müxtəlif rayon qəzetlərində çalışmışdır.

Tahir Hüseynovun bir yazıçı kimi əsas yaradıcılığı hekayə və povestlərdən ibarətdir. 1964-cü ildə ilk kitabı olan "Səadətimi axtarıram" nəşr olunur. Sonralar bir-birinin ardınca "İnsan düşünür" (1973), "Nigaran baxışlar" (1978), "Təzə məhəllədə" (1981), "Gecikmiş heykəl" (1983), "Borçalı əhvalatları" (1984), "İnsan dünyaya gəlir" (1987), "Çətin görüş" (1990) kitabları işıq üzü görür. Yazıçının yaradıcılığının əsas xüsusiyyəti real həyat səhnələrini təbii boyalarla çatdırmaqla oxucunu yaşadığımız məkan və zaman haqqında düşündürməktədir.

1964-cü ildə yenidən Bakıya gələn Tahir Hüseynov "Təşviqatçı" jurnalında bir neçə il məsul katib vəzifəsində çalışdıqdan sonra tərcüməçiliklə maraqlanır və Azərbaycan Teleqraf Agentliyində (sonradan Azərinform) tərcüməçi-redaktor kimi fəaliyyət göstərir. 1983-cü ildə görkəmli özbək yazıçısı Şükrullonun "Cəvahirat sandığı" əsərini Azərbaycan dilinə tərcümə edib nəşr etdirir.

Tahir Hüseynov yaradıcılığının ən məhsuldar dövrü 1980-ci ildən ömrünün sonuna qədər çalışdığı "Azərbaycan" jurnalındakı fəaliyyəti ilə bağlıdır. Bu dövrdə o özünü bir dramaturq kimi sınamış və "Torpaq dərdi" povesti əsasında pyes yazmışdır. Həmin pyes Mingəçevir Dram Teatrında müvəffəqiyətlə tamaşaya qoyulmuşdu. Yazıçının sonuncu iri həcmli əsəri "Yanıq Abdullanın yuxuları" povesti 1991-ci ildə "Azərbaycan" jurnalında çap olunmuşdur.

Tahir Hüseynovun əmək fəaliyyəti və yaradıcılığı Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1990-cı ildə ona "Azərbaycan SSRİ Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilmişdir. O, 1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1973-cü ildən isə SSRİ Yazıçılar İttifaqının üzvü idi.

Tahir Hüseynov 1993-cü il may ayının 8-də Bakıda vəfat edib və "Qurd Qapısı" qəbirstanlığında dəfn olunub. 2009-cu ildə yazıçının kitab şəklində nəşr olunmamış sonuncu əsəri "Yanıq Abdullanın yuxuları" ailəsi tərəfindən latın qrafikası ilə nəşr edilərək oxuculara təqdim edilmişdir.

Əsərləri
"Səadətimi axtarıram" 1964, Bakı
"İnsan düşünür" 1973, Bakı
"Nigaran baxışlar" 1978, Bakı
"Təzə məhəllədə" 1981, Bakı
"Gecikmiş heykəl" (1983), Bakı
"Borçalı əhvalatları" (1984), Bakı
"İnsan dünyaya gəlir" (1987), Bakı
"Çətin görüş" (1990), Bakı
"Yanıq Abdullanın yuxuları" 2009, Bakı


Tarix: 19.01.2013 / 15:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Şairlər və Yazıçılar
loading...