Kərimli Səyadulla Xudaverdi oğlu — yazıçı-publisist, tənqidçi.
Həyatı
Səyadulla Kərimli 1946-cı il iyulun 1-də Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuşdur. Orta təhsilini 1966-cı ildə Yardımlıdakı M.F. Axundov adına 1 saylı məktəbdə bitirmişdir. 1967-1969-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlamışdır. 1976-1977-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-ci ildə Bakı şəhərinə köçmüş, bir il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1978-1981-ci illərdə "Azərnəşr"də redaktor, böyük redaktor, 1982-1990-cı illərdə "Zəka" jurnalında məsul katib, 1991-2005-ci illərdə "Zəka" jurnalında baş redaktor, 2006-2008-ci illərdə "Respublika" qəzetində ədəbi redaktor, 2008-2009-cu illərdə isə "Lider" TV-nin Dublyaj redaksiyasında redaktor vəzifələrində çalışmışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında həmişə mühüm fəaliyyəti olub. Fəxri adlara, fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Ziyalılar Cəmiyyəti İdarə Heyətinin üzvüdür (1992). "Qızıl qələm" mükafatı laureatıdır (1995).
Yaradıcılığı
S.Kərimli yaradıcılığa şeirlə başlayıb. Orta məktəbdə oxuyarkən "Zakir" adlı iki hissəli pyes yazmışdır. İlk mətbu əsəri 1977-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunan "Nənə xalı toxuyur" adlı şeirdir. Sonrakı illərdə o müntəzəm olaraq dövri mətbuatda ədəbi-bədii və publisistik yazılarla cıxış etmişdir. S. Kərimlinin yaradıcılığında bədii-publisistik əsərlərlə yanaşı, tədqiqat xarakterli yazılar da paralel şəkildə davam etdirilmişdir. Onun 1980-1985-ci illərdə respublikamızın müxtəlif guşəsində yaşayıb-yaradan ədiblərin, xüsusilə də gənc yazarların kitabları haqqında fikir söyləməsi, bu kitablardaki yazıları zəmanəyə xidmət baxımından təhlil etməsi daha çox diqqəti cəlb edir. S.Kərimli uzun illər Azərbaycan mətbuat salnaməsində özünə layiqli yer tutan "Zəka" (əvvəllər "Kitablar aləmində" adı ilə nəşr olunub) jurnalının rəhbəri olmuş (1982-2005), jurnalda daha çox tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək materialların dərcinə çalışmışdır. S.Kərimli həm də uşaqlar üçün şeirlər yazır. Bu şeirlər Sovet məkanından bəri müxtəlif zamanlarda, müxtəlif qəzet və jurnallarda, ayrı-ayrı almanaxlarda dərc olunmuşdur.(Bax: "Göyərçin" jurnalı, 1986, nömrə-4, "Ömrü verməyin bada..", Bakı, 1998, "Dağların söz xəzinəsi" (ədəbi almanax), Bakı, 2007 və s.). O, həmçinin, bir neçə kitabın tərtibçi-müəllifidir: "Qeybdən gələn səslər", Yazıçı, 1990, "Məhəmməd Peyğəmbər(s.ə.s), 1998, Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyətindən bəhs edən "Bitməyən ömür" (2004), "Əbədiyaşar insan" (2004) və s. Kiçik yaşlı məktəblilər üçün həm Əlifba, həm də sinifdənxaric oxu materialı kimi nəzərdə tutulan "Balalara hədiyyə" adlı kitab hazırda çapa hazırlanır. Eyni zamanda, o, Nəriman Nərimanovun ədəbi əsərlərinin tədqiqat tarixinə aid monoqrafiyanın, dünyasını vaxtsız dəyişmiş mərhum yazıçı Afaq Cavadovanın (Afaq Nəbiqızı) xatirəsinə ithaf etdiyi "Maral arvadın gəlini" romanının üzərində işləyir. S.Kərimli dövri mətbuatda dərc olunmuş 100-dən çox oçerk, elmi-publisistik və s. yazıların müəllifidir.
Əsərləri
Ömrü verməyin bada...(şeirlər), Bakı, Zəka, 1998, 68 səh.
Məhəmməd Peyğəmbər(s.ə.s.). 40 sual-cavab(tərtibçi-müəllif kimi), Bakı, Şirvannəşr, 1998, 72 səh.
Yeraltı səltənət(həmmüəllif), Bakı, Gənclik, 1990, 62 səh.
Bitməyən ömür(tərtibçi-müəllif kimi), Bakı, Əbilov, Zeynalov və oğulları, 2004, 140 səh.
Əbədiyaşar insan(tərtibçi-müəllif kimi), Bakı, Təhsil, 2004, 128 səh.
Məhəmməd Peyğəmbər(s.ə.s.), Bakı, Adiloğlu, 2009, 120 səh.
Məhəmməd Peyğəmbər(s.ə.s.)-təkrar nəşr, Bakı, Qanun, 2009, 120 səh.
(Kateqoriya: Azərbaycan şairləri) (Kataqoriya: Sayadulla Kerimli)
Tarix: 19.01.2013 / 15:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 700 Bölmə: Şairlər və Yazıçılar