Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paşa Qəlbinur

Musayev Paşa İsmayıl oğlu – şair, okulist (göz həkimi), oftalmoloq. 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri (2008).

Həyatı

Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978).

İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002).

Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür. "Araz" ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva "Paşa Qəlbinur" (1996), A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" (1999) kitabını ona həsr etmişdir. "Paşa Qəlbinur – 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olmuşdur.

Ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. "Gənclik" respublika ədəbi birliyinin üzvüdür. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

Əsərləri
1.Ay bir əlçim buluddur. Bakı: Yazıçı, 1984, 88 səh.
2.Gözün yarımkeçirici baryerləri. Bakı: Azərnəşr, 1986, 172 səh.
3.Payız məktubu. Bakı: Gənclik, 1987, 80 səh.
4.Rəngli göz yaşları. Bakı: Yazıçı, 1990, 145 səh.
5.Biologiya və təbabətdə RMT-nin poliadelləşdirməsi problemi. Bakı: Azərnəşr, 1994, 208 səh.
6.İtmiş həsrət kimi (şeirlər). Bakı: Göytürk, 1996, 134 səh.
7.Təbabət poeziyanın fəlsəfi əyarı kimi və ya maye işıq. Bakı: Ozan, 2002, 248 səh.
8.Ağlıma gələnlər başıma gəldi. Bakı: Ozan, 2003, 656 səh.
9.Qara su(roman)
10.Göz dağı(roman)


Tarix: 17.01.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Şairlər və Yazıçılar
loading...