Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Xəyallı

Həyatı

Hacıyev Həsən Məhərrəm oğlu 1903-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfiqızından dini təhsil almış və eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Göyçə ədəbi mühitində böyüyən Həsən Xəyallı hazırcavablığı ilə erkən yaşlarından hamının diqqətini cəlb etmişdir. Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirmiş sənətkarlardan olmuşdur. Müxtəlif sənət adamları ilə dostluq etmiş, (xüsusən Aşıq Ələsgər ocağından Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə) deyişib dərdləşmişdir. Bədii yaradıcılıqla məşğul olmaqla bərabər, dinin mükəmməl bilicisi kimi də el arasında böyük şöhrət qazanmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 63-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır.
Həsən Xəyallı haqqında bir neçə kitab və jurnallarda məlumat verilmişdir:
"Aşıq Pəri məclisi və el şairləri" (1991, səh.243) kitabında
"Azərbaycan" (1980, №3, səh.189) jurnalında
Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında Həsən Xəyallının həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.117-119).
Hüseyn İsmayılovun 2001-ci ildə "Səda" nəşriyyatında çap olunan "Göyçə dastanları və aşıq rəvayətləri" kitabında (səh.648-659) "Şair Həsən Xəyallıynan Ağdabanlı Aşıq Şəmşirin görüşü" dastanı çap olunub.
Oğlanları Sərraf Şiruyənin və Molla Əmirxanın 40 ilə yaxın apardıqları araşdırmalardan sonra Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının qərarı ilə 2006-cı ildə "Axtar məni" adlı şeirlər kitabı çap olunmuşdur.
Həsən Xəyallının dastanlardan ibarət ikinci kitabı nəvəsi Əli Məhərrəmov tərəfindən çapa hazırlanır.

Kitabları
"Axtar məni", Bakı, "Nurlan", 2006, 160 səh., 200 tiraj.


Tarix: 15.01.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Şairlər və Yazıçılar
loading...