Səməd Vurğun (əsl adı Səməd Yusif oğlu Vəkilov, 21 mart 1906 — 27 may 1956) — görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956).Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Şairin ölümü
4 Xatirəsi
5 Əsərləri
5.1 Poemalar
5.2 Dram əsərləri
5.3 Tərcümələri
6 Xarici keçidlər
7 Həmçinin bax
Həyatı
Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902-1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.
Yaradıcılığı
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı. Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin yaxın qohumu Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin "Yevgeni Onegin" mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin "A.S.Puşkin medalı" təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif"i yazır. "Vaqif" dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür.
1937-1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə "onun məsələsinə" baxılmış, böyük şair "olum və ya ölüm" dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun "Leyli və Məcnun" poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan "Xanlar"ı yazmışdır. Həmin il onun "Azad ilham" kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı "Ukrayna partizanlarına" şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan "İnsan"da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı "Qardaşlıq şəhəri"ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun "Vaqif" dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra "Zəncinin arzuları" poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur "Avropa xatirələri" adı ilə çap etdirmişdir.
1951-ci ildə şair "Bolqar-sovet dostluğu cəmiyyəti"nin xəttilə Bolqarıstanda olmuşdur.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. "Aygün" poeması tənqid edilir, şairin Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir.
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında "Sovet poeziyası haqqında" məruzə ona tapşırılmışdı.
Şairin ölümü
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Xatirəsi
1976-cı ildə şairin 70 illiyi münasibətilə buraxılmış poçt markası
2006-cı ildə şairin 100 illiyi münasibətilə buraxılmış poçt markası
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa, Azərbaycan Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə və park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur.
1975-ci ildə Bakıda Sovet ədəbiyyatı günlərində ölkənin ədəbi ictimayətinin iştirakı ilə "Səməd Vurğunun ev-muzeyi"nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyin filialı – "Səməd Vurğunun poeziya evi" yaradılmışdır.
İran ziyalılarının ağsaqqalı, akademik Cavad Heyətin söylədiklərindən[1]:
Vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? O bir az düşündü və dedi Səməd Vurğunu
"Ayna" qəzeti, Bakı, 6 oktyabr, 2012
Əsərləri
Poemalar
Komsomol poeması (1933)
Muradxan (1933)
Xumar (1933)
Lökbatan (1933)
Kənd səhəri (1933)
Ölüm kürsüsü (1934)
Macəra (1935)
Acı xatirələr (1935)
26-lar (1935)
Qız qayası (1935)
Aslan qayası (1935)
Bulaq əfsanəsi (1935)
Dar ağacı (1935)
Ölən məhəbbət (1935)
Talıstan (1935)
Üsyan (1936)
Bəsti (1937)
Yazla qışın dəyişməsi (1937)
Ayın Əfsanəsi (Aybəniz) (1941)
Hürmüz və Əhriman (1943)
Bakının dastanı (1944)
Zəncinin arzuları (1948)
Muğan (1948-1949)
Leninin kitabı (1950)
Aygün (1950-1951)
Zamanın bayraqdarı (1952)
Dram əsərləri
Vaqif (1937)
Xanlar (1938-1939)
Fərhad və Şirin (1939-1941)
İnsan (1945)
Şairin həyatı
İki sevgi (1940-1941)
Tərcümələri
"Yevgeni Onegin", A.S.Puşkin (1936)
"Pələng dərisi geymiş pəhləvan", Şota Rustaveli (1936)
"Leyli və Məcnun", Nizami Gəncəvi (1939)
Həmçinin, Taras Şevçenko, Maksim Qorki, İlya Çavçavadze və Cambul Cabayevin əsərləri.
Tarix: 19.01.2013 / 15:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1304 Bölmə: Şairlər və Yazıçılar