Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (نظامی گنجوی) — Gəncədə anadan olmuş Azərbaycan şairi, farsdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi.Mündəricat
1 Həyatı
2 Ölüm günü
3 Yaradıcılığı
4 Xəmsə
4.1 "Sirlər xəzinəsi"
4.2 "Xosrov və Şirin"
4.3 "Leyli və Məcnun"
4.4 Yeddi gözəl
4.5 İsgəndərnamə
5 Dünya səviyyəsində tanınması
6 Xatirə sikkələri
7 Əsərləri
8 Haqqında olan ədəbiyyat
9 Filmoqrafiya
10 Mənbələr
11 İstinadlar
12 Xarici keçidlər
13 Həmçinin bax
Həyatı
Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur
Adına kəsilmiş pul və poçt markaları
500 Azərbaycan manatı
Nizami Gəncəvinin 850 illiyi münasibəti ilə buraxılmış SSRİ-nin 1 rublluq yubiley monetası
Nizami Gəncəvinin adına SSRİ-nin poçt markası
Ölüm günü
Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda onun 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb[3].
Yaradıcılığı
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını "Leyli və Məcnun" əsərində özünə qüsur tutmuş, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunmuşdur:
Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.
Nizami Gəncəvi[4]
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.
Xəmsə
Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
"Sirlər xəzinəsi"
"Sirlər xəzinəsi"
Sultan Səncər və qarı. "Xəmsə" Nizami. 1539-43 illər. Britaniya kitabxanası, London
"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir.[5] Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174-1175) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Ərzincan hakimi Fəxrəddin Bəhman Şah Davud oğluna həsr edilmişdir.
Poema hər biri dini və etik mövzulardan ibarət ayrı-ayrı parçalardan təşkil olunmuş 20 başlıqdan ibarətdir. Hər bir başlıq şairin özünə xitabı ilə bitir[6]. Şair poemadakı hadisələri adil və nadan hökmdara bağlamış olur və onu bir növ gördüyü işlərinin çavabsız qalmayacağı ilə agah etməyə çalışmışdır. Nizaminin ideal həyat, cəmiyyət sorağında olduğu, insanları sosial təbəqəsindən asılı olmayaraq mənəvi təmizliyə çağırdığı poema boyu göstərilir və təbliq olunur. Bir neçə başlıqda o bilavasitə ədaləti, haqqı unutmamaqları üçün hökmdarlara səslənir.
Hökmdarın xalqa qayğısı və ədaləti
"Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Rabiyə olmasaydı xilaskarı, köməyi,
Susuzluq təşnə düzdə öldürərdi köpəyi.
İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,"
"Sirlər xəzinəsi", Nizami Gəncəvi
Şair çəkinmədən hökmdarın və onun darğasının ədalətsizliyini, əyyaşlığını, zülmkarlığını ümidi hər şeydən kəsilmiş bir qarının dilindən söyləmiş olur.
"Haqsızlığın odunda bir qarı yandı oda.
Səncərin ətəyindən yapışdı bir gün o da:
"Zülm əlindən qalmışam mən zarıya-zarıya,
Zülmün divan tutdurur bir köməksiz qarıya.
Kefli-kefli qapımın ağzını kəsdi darğan,
Təpiklədi doyunca, o ki var, əzdi darğan.
Bir günahım olmadan çölə atdı daxmadan,
Sürüklədi saçımdan fəryadıma baxmadan
Mən zülmün zindanında qansız gördüm yağını,
Ürəyimə, canıma basdı zülmün dağını.
"Sirlər xəzinəsi", Nizami Gəncəvi
Nizami poemada hökmdarı ədalətə dəvət etmək üçün qarının dilindən qarğış yağdıraraq onun da bu acıları yaşaya biləcəyini xatırlatmaq və hərəkətlərindən utandırmaq istəmişdir. Əsərdə dul bir qadının hünəri, mənəviyyatını iblisə, şeytana satmış hökmdarın nadanlığına qarşı qoyulmuşdur. Bununla da dahi şair zəmanəsinin ən cəsarətli söz ustadı olduğunu sübut etmişdir. Bu bəlkə də onun sözün inci tək sətirə düzmək məharətində, hər bir söz incisinin isə özlüyündə bir məna xəzinəsinə malik olmasından irəli gəlirdi.
"Sən dadıma çatmasan, şah demərəm adına,
Qiyamətin günündə çatmasınlar dadına.
"Dad, aman", deyə-deyə qalan görüm səni mən,
Zülmünün cəzasını alan görüm səni mən.
Hər elin hökmdarı el dərdinə qalandı,
Zülmün hara çatıb ki, var-yoxumuz talandı.
...
Qarıların nəyi var, quldurluqdan sən utan!
Utan, utan, onların ağ birçəyindən utan!"
"Sirlər xəzinəsi", Nizami Gəncəvi
"Xosrov və Şirin"
"Xosrov və Şirin"
XVI əsr əlyazmasina minatür
Xosrov bəylik taxtında, Bakı, naməlum rəssam, Nizami adına Ədəbiyyat Muzeyi
Çeçmə başında Şirin, Nizami Gəncəvi, Xəmsə, "Xosrov və Şirin", Behzad minyatur məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/J
"Xosrov və Şirin" (خسرو و شيرين Khusraw o Shīrīn) (1180) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci əsəridir. "Xosrov və Şirin" poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.
Şair bu əsərində məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək adamını - Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi şahlara nümunə göstərmişdir.
Tacı aydan yüksək o Qızıl Arslan
Qərbin pənahıdır. Şərqə hökmran.
"Xosrov və Şirin", Nizami Gəncəvi
"Xosrov və Şirin" poemasının quruluşu da çox maraqlı və orijinaldır. Əsər bütün orta əsr poemaları kimi minacat, nət, kitabın yazılması səbəbi, Toğrul Arslan, Azərbaycan Atabəylər dövlətinin hökmdarı Məhəmməd ibn Eldəgiz Cavan Pəhləvan və onun qardaşı Qızıl Arslanın tərifi, eşq haqqında şairin mülahizələri kimi giriş fəsillərlə başlanır. Bütün bunlardan sonra əsərin məzmunu gəlir. Hadisələr Xosrovun atası Hürmüzün hakimiyyətinin təsviri ilə başlayır. Xosrovun doğulması, böyüməsi, Hürmüzün ədaləti və s. təhkiyə tərzində verilir. Sonra Şapur Şirin haqqında danışır. Mükalimələr, deyişmələr, Xosrovla Şirinin umuküsüsü və s. çox maraqlı və təbii şəkildə, bir çox hallarda musiqi məclislərində, çalğıçıların nəğmələrində canlandırılır. Hər iki aşiqin məhəbbət yolundakı iztirabları, qarşılaşdıqları maneələr, meydana çıxan əngəllər və s. əsəri daha da maraqlı edir, oxucunun həyəcanını artırır. Poema həcmli olub, özündə bir neçə janrı birləşdirdiyi üçün mürəkkəb qurluşu ilə seçilir. Əsərdə alleqorik təsvirlər ruhun tanrıya istiqamətləndiyini göstərir. Lakin təsvirlər o dərəcədə canlıdırlar ki, ehtiyatı əldən verən oxucu bunu anlamayaraq, əsəri xalis bir sevgi romanı kimi qavramış olur.
Poemadakı hadisələr İran taxtına aid olub, Firdovsinin "Şahnamə" poemasından götürülmüşdür. Əsərin qəhrəmanı tarixi şəxsiyyət olub, süjeti isə tarixi olmuş hadisələrə əsaslanır[7]. Nizami bu mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən Firdovsini xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı olan bu məşhur mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir:
Söylərkən o həkim bu xoş dastanı,
Çıxarıb içindən eşqi, fəğanı.
Altmış yaşındaydı yazanda bunu,
Saxlaya bilmirdi yayda oxunu.
Altmışda sevginin, eşqin həycanı
Titrədə bilməzdi yorğun qocanı.
"Xosrov və Şirin", Nizami Gəncəvi
Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı əksi barədə məlumat verir. O, mövzuyla bağlı tarixi nümunələri sayır, tarixi kitablardan və xalq ədəbiyyatından faydalandığını bildirib, Fərhada isnad edilən tarixi abidələri xatırlayır:
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar:
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı...
"Xosrov və Şirin", Nizami Gəncəvi
Qeyd edildiyi kimi, şair əsərini əsasən məhəbbət üzərində qurmuşdur. Əsərin müqəddiməsində də o, bu məsələyə xüsusi yer ayırmış, eşq haqqında maraqlı mülahizələr söyləmişdir:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
...Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir - qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
"Xosrov və Şirin", Nizami Gəncəvi
Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunları pozan doğma övladını amansız cəzalandırdığını göstərməklə qanun qarşısında hamının bərabər olması kimi dövrü üçün çox aktual, həm də qabaqcıl bir ideya irəli sürür. Axı orta əsrlərdə qoyulan qanunlar feodal əyanları tərəfindən pozula bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanların, xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandırılmasını zəruri hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır, təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün ədalətsizliklərindən şikayətlənir:
Hanı o ədalət, o insaf hanı?
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Durub tərəf çıxan bir adam hanı?
"Xosrov və Şirin", Nizami Gəncəvi
Qadını həmişə cəmiyyətin tam ləyaqətli bir üzvu kimi görməyi arzulayan böyük şair tarixdən aldığı bu obrazı öz humanist ideyaları baxımından işləyib, qadınlıq haqqında yüksək fikirlərini onun vasitəsilə ifadə etmişdir. Şahzadə Şirin xristiyan Arran (Alban) hökmdarının - Mehinbanunun qardaşı qızıdir[8]. Şair tükənməz bir məhəbbətlə sevən Şirini saf mənəviyyata malik, ismətli qadınlıq qürurunu yüksək tutan bir adam kimi oxucularına sevdirir. Şirin nəhayətsiz dərəcədə sevdiyi Xosrovla kəbinsiz evlənmir. Ona Xosrovun gizlicə saraya gəlmək təklifini yetirən Şapura acıqlanaraq:
Mən gövhərəm, neçin gərək əksiləm,
Çağrılmamış gedəm, məgər mən yeləm?
"Xosrov və Şirin", Nizami Gəncəvi
deyərək öz şərəfini alçaltmayacağını qəti bildirir. Şair xarici görkəmcə çox gözəl təsvir etdiyi sevimli qəhrəmanının daxili aləmini də olduqca zəngin, onun gözəl hüsnü ilə səsləşəcək səviyyədə göstərir. O, sərxoş halda qəsrə gələn Xosrova qapı açmır, onu rədd edir, kəbinsiz evlənməyəcəyini söyləyir. Nəhayət, kəbin kəsildikdən sonra evlənir və sevgilisindən əli üzüldüyü zaman isə özünü öldürür. Şirinin öz sevgilisinin məzarı üstündə intihar etdiyini təsvir edərkən də şair onun bu fədakarlığını alqışlamaqla bərabər qadınlıq haqqında danışmış, qadını ülvi bir varlıq kimi tərifləmişdir:
Alqış bu ölümə, əhsən Şirinə,
Öldürən Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq...
Çox gözəl arvad var mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.
"Xosrov və Şirin", Nizami Gəncəvi
"Leyli və Məcnun"
"Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Nizaminin "Leyli və Məcnun" poeması 1188-ci ildə yazılmışdır. Şirvan hökmdarı Əxistanın sifarişi ilə yazılmış "Leyli və Məcnun" poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair qadın hüquqsuzluğundan, qadının əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.[9]
"Leyli və Məcnun"
XVI əsr əlyazmasina minatür
Yalqız Məcnun, XV əsrdə naməlum rəssam tərəfindən işlənmişdir
Nizami Leyli və Məcnun haqqındakı xırda və pərakəndə, quru və bədii cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək olar ki, heç nəyi atmamış, lakin sənətin sərt qanunu əsasında onu sistemə salıb, kədərli və əzəmətli bir söz abidəsi yaratmışdır. Böyük söz ustası mövzunun imkanlarından istifadə edərək həyat, insanlar, onların əxlaqı, rəftarı, əməlləri barədə narahat düşüncələrini qələmə almışdır. Nizami insan və zaman probleminə, bu problemin ayrı-ayrı cəhətlərinə poemada dönə-dönə toxunur. Dahi şair doğru qeyd edir ki, insanda hələ nöqsanlar vardır. Bununla bərabər, o, insanı yaxşılığa, gözəlliyə səsləyir. Yaxşı sözü yaman sözdən üstün tutan şair zamanın eyiblərini də çəkinmədən romantik bir pafosla dilə gətirir.
Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə.
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır, inan.
Bu dünya dolanıb döndükcə ruzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar.
"Leyli və Məcnun", Nizami Gəncəvi
Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədakar, təmənnasız olduğunu, onun "idrak yolundakı əngəlləri" necə qətiyyət və cəsarətlə qaldırıb kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb göstərir. Orta əsrlər şəraitində qadınların oyanması, insanlığını dərk etməsi və faciəsi Leyli surətində əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan, onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun yeniliyə qarşı qəddar və amansız olmasından yaranır. Orta əsr feodalının mütləq hakimiyyətinin hələ güclü olduğu, lakin sarsılmağa başladığı bir dövrdə Leylinin faciəsi təbii idi. Zaman onun insanlığını, hisslərini, mənəvi sərbəstliyini hələ qəbul etmir, bu barədə eşitmək belə istəmirdi: hələ ona əşya kimi baxır, onu bazara çıxarır, kim çox qızıl versə, ona da satırdı. Zaman belə qanun qoymuşdu ki, qadının düşünməyə, duymağa, sevməyə, seçməyə ixtiyarı yoxdur, əgər o, müstəqil düşüncəyə malik olsa, namussuz hesab edilər, başı kəsilib itə atılardı, ancaq qanundan kənar istəyinə çatmağa imkan verilməzdi.
LEYLİ İLƏ MƏCNUNUN SEVİŞMƏSİ
Hər gün parladıqca sübhün güzgüsü,
Doğardı şərqin də Yusif üzlüsü.
Öz reyhan köksünə turuncu fələk
Qızıl bir turuncla verirdi bəzək.
Leyli də bəhs edib turunc fələklə,
Turunc çənəsini alardı ələ.
Turunclu gördükcə xalq o nigarı,
Açıldı eşqinin yetişmiş narı.
O təzə turunca baxdığı zaman
Turunc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən
Saralıb narınca dönmüşdü bilsən.
Narıncla turuncun ətri dünyada
Dostlar damağını gətirdi dada.
Böyləcə bir müddət gəlib dolandı,
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız,
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər,
Tezcə dildən-dilə düşdü bu xəbər...
"Leyli və Məcnun", Nizami Gəncəvi
"Leyli və Məcnun" poemasında Nizami əsərdəki hadisələrlə bağlı iki müstəqil hekayə də vermişdir ki, bu hekayələr poemanın əsas ideyası ilə birbaşa bağlıdır. Bunlardan ən məşhuru "İt saxlayan padşah" hekayəsidir. Çox vaxt bu hekayə əsərin əsas mövzusu ilə o qədər də bağlı olmayan bir əlavə kimi şərh olunur. Əslində isə həmin hekayə əsərin ideyası ilə birbaşa əlaqəlidir və ancaq dövrün şahlarının zülmkarlığını tənqid etmək üçün qələmə alınmış bir hekayə deyil; on il şaha sədaqətlə xidmət eləyən, ancaq sonra şah tərəfindən quduz və yırtıcı itlərə atdırılan gənc əslində Məcnundur. Çöldə Məcnunla dost olan, ona toxunmayan, əksinə, onu qoruyan vəhşilər isə həmin quduz itlərdir. Nizami bu fikirdədir ki, mövcud cəmiyyət, onun insanları həmin yırtıcı itlər saxlayan və xoşu gəlməyən adamları o itlərə atıb parçaladan padşaha bənzəyir, nəinki bənzəyir, elə onun özüdür. Bu baxımdan hekayənin sonunda Nizaminin dediyi aşağıdakı sözlər təsadüfi deyildir:
Bunu söyləməkdə bir məqsədim var,
Səxavət qələdir, o, can qoruyar.
Məcnun bəslədikcə o heyvanları,
Çəkdi dövrəsinə bir can hasarı.
Hasar ətrafında gəzən hər heyvan
Məcnunun işinə yaradı hər an.
Məcnuna bənzəsən insanlıqda sən,
Dünyada nə qüssə, nə qəm çəkərsən.
"Leyli və Məcnun", Nizami Gəncəvi
Yeddi gözəl
"Yeddi gözəl"
Bəhramın yeddi gözəlin rəsmlərinə baxarkən, Nizami Gəncəvinin Xəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş minyatür, Behzad məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/N
Bəhramın əjdahanı öldürməsi, Nizami, Xəmsə, "Yeddi gözəl" poemasına çəkilmiş minyatür, XVI əsr eni 24 sm, hündürlüyü 33 sm, Elmlər Akademiyası, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, M-156
Bəhramın iki şir arasından tacını götürməsi, Nizami Gəncəvinin Xəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş minyatür, Behzad məktəbi, 1479, eni 10,5 sm, hündürlüyü 20 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/31
"İsgəndərnamə "
XVII minatürü İsgəndər ov zamanı
Yeddi gözəl (farsca: Həft Peykər – هفت پیکر) — Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biridir. Nizami Gəncəvi bu əsəri 1197-ci ildə tamamlamış və onu Marağa hakimi Ələddin Körpə Arslana ithaf etmişdir. Poemanın mövzusu qədim İran tarixindən götürülmüşdür. Əsərdə təsvir olunan hadisələrinmərkəzində Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur dayanır. Şair əsərdə onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələr dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" adı rəmzi məna daşıyır. Lakin əsərə verilən bu romantik addan düzgün nəticə çıxarmaq lazımdır. Burada söhbət təkcə Bəhramın gözəllərlə əylənməsindən getmir, şairi düşündürən hökmdar və xalq problemi bu poemanın da mərkəzi xəttini təşkil edir. Bəhram ölkəni idarə etməyi əmək adamlarından çobandan öyrənib. O, fitnənin sözləri qarşısında öz səhvini başa düşüb haqsız hərəkətlərindən peşman olur. Şair ölkənin abadlaşması, xalqın firavan yaşaması üçün hökmdarı ədalətli olmağa, xalqa arxalanmağa çağırır.
Nizaminin bu mövzuya nə qədər ciddi yanaşdığı, uzun müddət axtarışlar apardığını belə dilə gətirmişdir:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ,
Ərəbcə, dəricə, yeri düşərkən,
Buxari, Təbəri əsərlərindən.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Əlimə yetişən hər bir varaqdan
Nüsxələr bağladım mən zaman-zaman.
Onda ki fikrimi saldım səhmana,
Dedim ki, qoy onu düzüm dastana.
Oxuyan bəyənib afərin desin,
Ariflər, alimlər mənə gülməsin.
"Yeddi gözəl", Nizami Gəncəvi
Nizami Bəhramı əsər boyu özünüdərketmə prossesində əks etdirir. "Oğlum Məhəmmədə nəsihət" adlı bəhslərdə şairin yeni insan idealı ifadə olunmuşdur:
İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun zirəkdən-zirək.
Çalış zəhmətinlə xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
...
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
"Yeddi gözəl", Nizami Gəncəvi
Əsərdə Bəhram Gurun iki şir arasından tacı götürməsi onun taxtı-tacı əldə saxlamağa qadir olduğunu göstərir.
Səhər qızıl taclı, sabah xeyli şən,
Bir taxt yaratmışdı fil sümüyündən,
Rəy deyən, iş görən qolu güclülər,
Amirlər, hakimlər, kimdə var hünər,
Ərəblər, əcəmlər hey atlandılar,
Şirlər meydanına qanadlandılar.
Şirbanlar gətirdi şirləri gəldi,
Açıb buraxdılar, meydan düzəldi.
Qızğın həmlə etdi şir üstünə şir,
Qazılırdı sanki Bəhrama qəbir.
Şirlər arasına o şir saxlayan
Gətirib tac qoydu tamam qızıldan
...
Bəhram ətəyini sancdı belinə,
Həmlə etdi dönüb sabah yelinə.
Nərəsi şirlərə vəlvələ saldı,
Onların əlindən tac vurub aldı.
Şirlər gördü şahın məharətini,
Onun şirliyini, cəsarətini.
"Yeddi gözəl", Nizami Gəncəvi
İsgəndərnamə
İsgəndərnamə (fars. اسکندرنامه) — Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərindən sonuncusudur. Poemanın 1200-1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.
İyirmi min misraya yaxın olan "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "Şərəfnamə" Abdulla Şaiq, "İqbalnamə" isə Mikayıl Rzaquluzadə tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.
Nizami bu poemanı yazarkən qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndəri öz əsəri üçün qəhrəman seçmiş, onun haqqında müxtəlif mənbələrdən material toplamış, onları öz həyat idealına istək və arzularına uyğun şəkildə işləyib möhtəşəm bir sənət əsəri yaratmışdır. İsgəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir. Onun hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi bir toyla tamamlanır.
İsgəndərnamə poeması Nizaminin həcmcə ən böyük və son əsəridir. 60 illik yaradıcılıq təcrübəsindən sonra yazılmış həmin poemanı şair heç kimdən sifariş almadan, öz arzusu ilə yazmışdır. Əsərin qəhrəmanını o, tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırmışdır. İki hissədən ibarət olan poemada müəllif əvvəlki əsərlərdə təsvir etdiyi bir sıra fikir və düşüncələrini ümumiləşdirmişdir. Nizami mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır. Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yolla iki mədəniyyətin sintezləşməsidir. İsgəndər yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış "Avesta" mətnlərini Yunanıstana göndərərək tərcümə edilib öyrənilməsini tövsiyə edir. İsgəndər Nizaminin yazdığına görə öz vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərlə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin "başçısızlar" ölkəsinə gəlib çıxmasıdır. O, buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir. Əbədi həyat vasitələrinin axtarışı ən qədim mədəniyyətlərdə, həmçinin şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər və ya Urmiya gölündəki adaların birində axtarılır. Onun çarəsini bu adanın sakini Uminanitdin bilir. Zərdüştilik inancına görə isə ölümsüzlüyün dərmanı "Hoym" bitkisidir.
İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən "İsgəndərnamə" Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.
Dünya səviyyəsində tanınması
20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirmişdir ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırib.[10]
Xatirə sikkələri
Əsərləri
Sirlər xəzinəsi
Xosrov və Şirin
Leyli və Məcnun
Yeddi gözəl
İsgəndərnamə (Şərəfnamə və İqbalnamə adlı iki hissədən ibarətdir)
Divanı (dövrümüzə 6 qəsidə, 120 qəzəl, 30 rübai gəlib çatıb)
Haqqında olan ədəbiyyat
Babayeva T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi. Bakı: 2000, 200 s.
Kərimli T. Nizami və tarix. Bakı: Elm, 2002, 241 s.
Əlibəyzadə E. Nizami və tariximiz. Bakı: 2004, 186 s.
Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti. Bakı: Ağrıdağ, 2003, 212 s.
Arzumanlı V. Nizami Gəncəvinin dünya şöhrəti. Bakı: Qartal, 1997.
Əhmədov Ə. Nizami-Elmşünaslıq. Bakı: 2001, 254 s.
Məmmədov C. Nizami Gəncəvinin vətəni və milliyyəti ilə əlaqədar bir sira mübahisəli məsələlərə dair/ Sankt-Peterburq universitetinin "Xəbərləri". Seriya 13, buraxılış 1. Sankt-Peterburq, 2010. Səhifə. 106–116
Filmoqrafiya
Nizami (film, 1982)
Tarix: 17.01.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1836 Bölmə: Şairlər və Yazıçılar