Bayramov Bayram Salman oğlu — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990).
Həyatı
Bayram Bayramov 1918-ci il dekabrın 11-də Yelizavetpol quberniyasının (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).
Bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. "Şərəf nişanı" ordeni (1968), "Xalqlar dostluğu" ordeni (1978), "Böyük Vətən müharibəsi" ordeni (1985), "Qırmızı əmək bayrağı" ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.
1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri
Tək adam. Bakı: Uşaqgəncnəşr, 1956, 160 səh.
Yarpaqlar (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh.
Sənsiz (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh.
Onun gözləri (roman). Bakı: Azərnəşr, 1964, 408 səh.
Xəzinə. Bəlalı sevgim (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh.
Arakəsmələr (roman). Bakı: Azərnəşr, 1966, 569 səh.
Üç gün, üç gecə (povestlər). Bakı: Gənclik, 1967, 472 səh.
Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1968, 514 səh.
Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1968, 431 səh.
Yasəmən. Bakı: Gənclik, 1969, 298 səh.
Arakəsmələr (roman). III, IV kitab. Bakı: Azərnəşr, 1971, 435 səh.
Fəhlə qardaş. Bakı: Gənclik, 1975, 217 səh.
Qaşsız üzük (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh.
Yazılmamış kitab. Bakı: Yazıçı, 1978, 488 səh.
Cıdır düzü. Bakı: Yazıçı, 1979, 476 səh.
Gün batanda. Bakı: Yazıçı, 1981, 448 səh.
Seçilmiş əsərləri (üç cilddə). I cild. Bakı: Yazıçı, 1984, 328 səh.
Seçilmiş əsərləri (üç cilddə). II cild. Bakı: Yazıçı, 1984, 324 səh.
Şəhərdən gələn qız. Bakı: Yazıçı, 1984, 488 səh.
Seçilmiş əsərləri (üç cilddə). III cild. Bakı: Azərnəşr, 1985, 431 səh.
Karvan yolu (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh.
Çox sözdən sonra (povest və hekayələr). Bakı: Yazıçı, 1989, 294 səh.
Üzlü-astarlı dünya (roman-xatirə və publisistik məqalələr). Bakı: Gənclik, 1992, 392 səh.
Karvan yolu (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh.
Tarix: 14.01.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 630 Bölmə: Şairlər və Yazıçılar