Ekoloji sığorta sisteminin əsas göstəriciləri: sığorta riski, sığorta ödənişinin həcmi, sığorta haqqı, sığorta tarifləri və s. Son illərdə sığortanın yeni növü- ekoloji sığorta növü yaranmışdır. Belə sığorta ətraf mühitə, insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir.
Müxtəlif müəssisələrin istehsal fəaliyyəti nəinki ətraf mühitə, eləcə də insan sağlamlığına ziyan vurur. Hazırda zərərli tullantıların atmosferə, su hövzələrinə və s. yerlərə atılması ilə üzləşmək olar. Bunun səbəbi müxtəlif ola bilər. məsələn, hal –hazırda istehsalatda tətbiq olunan texnoloji proseslərin əksəriyyəti köhnəlmiş və ağlasığmaz dərəcədə ətraf mühitə zərərli tullantılar buraxır. Bunlara misal olaraq neft sənayesini və kimya zavodlarını yada salmaq kifayətdir. Məlumdur ki, hazırda ekoloji baxımdan təmiz texnologiya, yeni təmizləyici qurğular işlənib hazırlanır, əhalisi sıx olan yaşayış məntəqələrindən zərərli məhsul istehsal edən müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi və s. kimi tədbirlərin keçirilməsi nəzərdə tutulsa da , bunlar vaxt tələb edir. Şəhər havası ən çox avtomobillərdən ayrılan zəhərli tullantı qazlarla da müntəzəm çirklənir.
Bəzən müəssisələr ekoloji təhlükəsizliyin təmin edilməsinə həmişə cəhd etmirlər. çünki, təmizləyici qurğuların modernləşdirilməsinə, ekoloji baxımdan təmiz texnologiyaların hazırlanıb istehsala tətbiq edilməsi xeyli vəsait tələb edir. Çox vaxt müəssisələr ətraf mühiti çirkləndirməyə görə cərimə ödəməyi daha əlverişli sayırlar.
Digər tərəfdən gözlənilməz qəzalar baş verir. Partlayış, yanğın, müxtəlif təzahürlər, qorxulu maddələrin sızması və s. Bunlar böyük maddi ziyan vurmaqla yanaşı, bəzi hallarda insan tələfatı ilə də nəticələnir. Bütün bunlardan belə bir sual yaranır : ətraf mühitə və əhaliyə vurulan ziyanı kim ödəməlidir? Cavab ilk baxışda asan görünə bilər: ziyan vuranın özü ödəməlidir. Lakin ziyan vuran müəssisənin həmin vəsaiti ödəmək imkanı olmaya bilər. Buna görə də ekoloji qəzanın nəticəsinin ləğv edilməsi və dəyən ekoloji ziyanın ödənilməsini dövlət öz üzərinə götürüb. Dövlət bu vəsaiti ehtiyat fondlarından və ya başqa xərcləri ixtisara salmaqla əldə edir. Müəssisələrin iqtisadi cəhətdən müstəqil olduqları dövrdə ekoloji ziyanın dövlətə həvalə olunması məntiqi cəhətdən düz deyil. Ona görə də müasir dövrdə fəaliyyət göstərən müəssisə rəhbərləri, sahibkarlar və tələbələr də ekoloji sığortanın əsas prinsip və anlayışlarını bilməlidirlər.
Sığorta işinin ən sadə və ənənəvi üsulu sığorta şirkəti ilə müəssisə arasında müqavilə bağlamaqdır. “Sığorta olunan” adlandırılan müəssisə xüsusi tipli təşkilatla, yəni sığorta edən şirkətlə müqavilə bağlayır. Müqaviləyə əsasən müəssisə sığorta xidmətinə görə həmin şirkətə sığorta haqqı ödəyir. Sığorta xidməti ondan ibarətdir ki, sığorta hadisəsi(bədbəxt hadisə) baş versə, sığorta şirkəti sığorta olunan müəssisəyə vəsait keçirəcək ki, dəymiş ziyanı ödəsin.
Ekoloji sığortanın məcburi və könüllü növləri var. Məsələn, Rusiyada “məcburi ekoloji sığorta haqqında” qanun qəbul edilmişdir. Bununla əlaqədar olaraq dövlət orqanları məcburi sığortaya cəlb olunacaq ekoloji qorxulu müəssisələrin siyahısını tərtib edirlər. Bu zaman obyektin qorxuluq dərəcəsindən asılı olaraq onların sığorta tarifi müəyyən edilir.
Könüllü ekoloji sığorta dövlət tərəfindən normalaşdırılmır və belə sığorta növünün tətbiqi əhalinin sağlam düşüncəsi, dünya görüşü və bu istiqamətdə maarifləndirilmə səviyyəsindən asılıdır.
Tarix: 19.03.2013 / 21:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari