Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus və İngiltərənin Liverpul klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır.
Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1-0-lıq qalibiyyəti ilə nəticələndi.
Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990-91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi. Bundan əlavə 14 Liverpul azarkeşi adam öldürmə ilə ittiham olundu və hər birinə 3 illik həbs cəzası verildi. Faciə sonradan "UEFA müsabiqələrində ən faciəvi dəqiqələr" olaraq xarakterizə edildi.
Faciəyə aparan hadisələr
1985-ci ilin May ayında Liverpul Çempion Klublar Kubokunun son qalibi olaraq finala çıxmışdı. Onlar əvvəlki il Romanı penaltı vuruşlarından sonra məğlub edərək çempion olmuşdular. Yenidən italiyalı bir rəqib Yuventusla üzləşməli oldular. Yuventus 1983-1984-cü il Kuboklar Kubokunun məğlubiyyətsiz qalibi olmuş, heyətində isə 1982-ci il Dünya Çempionatının qalibi olan İtaliyanın bir çox oyunçusu mövcud idi. Bundan əlavə Qoca Sinyoranın heyətində dünyanın ən yaxşı oyunçusu hesab edilən və France Football jurnalı tərəfindən üst-üstə ikinci il İlin Futbolçusu (indiki: Qızıl Top) adına layiq görülən pleymeyker Mişel Platini var idi. Hər iki klub son sezonda UEFA klub reytinqinin ilk 2 pilləsində yer almışdı, həmçinin onlar bir çox idman jurnalisti tərəfindən qitənin ən yaxşı iki klubu kimi qələmə verilirdi. Həmçinin, iki tərəf 5 ay əvvəl UEFA Super Kubokunda qarşılaşmış və oyun 2-0 hesabı ilə italyan tərəfin qələbəsi ilə nəticələnmişdi.
Adı Belçikanın milli stadionu olmasına baxmayaraq Heyzel Stadionu 1985-ci il finalı öncəsində çox bərbad vəziyyətdə idi. 55 illik stadion bir neçə il idi ki, tamamilə nəzarətdən kənarda qalmışdı və bunun nəticəsi olaraq tikilinin böyük parçaları ovulub tökülürdü. Məsələn, çöl divarlar "köz bloku" adlandırılan kövrək kərpiclərdən hörülmüşdü və bileti olmayan azarkeşlər kərpiclərin arasından dəliklər açıb içəri daxil olurdular. Liverpul klubunun azarkeşləri və futbolçuları bildirmişdilər ki, stadionun bərbat vəziyyətindən şoka düşüblər, Arsenalın burada bir neçə il əvvəlki oyununda azarkeşlər bəyanatlarında buranın "zibillik" olduğunu bildirmişdilər. Onlar həmçinin Barselonanın Kamp Nou və Real Madridin Bernabeu stadionlarının da istifadəyə mümkün olmasına baxmayaraq yararsız vəziyyətdəki Hyezelin seçilməsinə olduqca təəcüblənmişdilər. Yuventusun prezidenti Giampiero Boniperti və Liverpulun baş direktoru Peter Robinson UEFA’ya oyunun keçiriləcəyi yerin dəyişdirilməsi üçün təzyiq göstərirdilər. Onlar iddia edirdilər ki, Heyzel Avropanın ən yaxşı iki klubunu qarşılamaq və beləliklə də Çempion Klublar Kuboku finalına ev sahibliyi etmək üçün uyğun deyil. Buna baxmayaraq UEFA təkidləri nəzərə almadı.
Stadionda hər klub üçün nəzərdə tutulandan 25,000 daha çox insan var idi, 58,000-60,000 azarkeş tribunaları doldurmuşdu. Hər iki qapı arxasındakı tribunalar ayaq üstə dayanmaq üçün nəzərdə tutulmuşdu və hər biri üç sektora ayrılmışdı. Yuventus azarkeşləri üçün O, N və M sektorları ayrılmışdı. (bax: Heyzel stadionunun strukturu) Qarşı tərəfdə yerləşən X, Y və bir hissəsi Belçikalı futbolsevərlərin də olduğu, neytral sayılan Z tribunaları Liverpul azarkeşləri üçün nəzərdə tutulmuşdu. Neytral tribuna fikrinə həm Yuventus, həm də Liverpul klubları qarşı çıxmışdılar, belə ki, onlar hər iki klub azarkeşlərinin stadiondan kənar agentliklərdən və qara bazardan bilet əldə edəcəyinə və beləliklə azarkeşlərin təhlükəli qarışığının meydana çıxacağına inanırdılar.
Həmin dövrdə Belçikanın bir çox ərazisində olduğu kimi Brüsseldə də geniş italyan icması mövcud idi və qürbətdə yaşayan bir çox Yuventus azarkeşi Z sektorundakı biletləri almışdılar. Bundan əlavə biletlərin böyük bir qismi də səyahət agentləri tərəfindən alınıb Yuventus azarkeşlərinə satılmışdı. Liverpul azarkeşlərinə isə biletlərdən kiçik bir qisim çatmışdı.
Üzləşmə
Oyun başlamazdan bir saat əvvəl, yerli vaxtla təxminən 19:00-da iğtişaş başladı. X və Z tribunalarındakı Liverpul və Yuventus azarkeşləri bir-birlərindən sadəcə bir neçə metr uzaqlıqda idilər. Tərəflər arasındakı sədd müvəqqəti olaraq yerləşdirilən zəncirlənmiş dəmir hasarlar və mərkəzində bir neçə polis olan və heç kimə yaxınlaşmağa icazə verilməyən zona ilə hüdudlandırılmışdı. Hər iki tərəfin azarkeşləri həmin zonadan bir-birlərinə yad cisimlər atmağa başladılar. Həmçinin azarkeşlər tribunanın aşağısında yerləşən terraslardan daş yığa bilirdilər.
Oyunun başlanmasına az qalmış qarşılıqlı atışmalar daha da intensivləşdi. Bir qrup Liverpul azarkeşi künc bayraqlarının yaxınlığındakı kənar qövs divarlarına doğru getdilər. Yuventus azarkeşləri divarları aşaraq sıxlıqdan qurtulmağa çalışdılar. Bir çoxu qurtula bildi, bununla belə divarlar xilas olmağa çalışan Yuventus azarkeşlərinin təzyiqinə dayana bilməyib dağıldı.
Bununla da 36 nəfərin ölümü ilə nəticələnən hadisə meydana gəldi, bundan əlavə 600 nəfər də yaralandı. Cəsədlər tribunalardan dəmir çəpərlərlə daşındı və qalaq şəklində yerə sərildi, üstləri isə böyük futbol bayraqları ilə örtüldü. Polis və tibbi helikopterlər meydana daxil olduqda isə pərvanələrin meydana gətirdiyi külək sadə örtükləri havaya uçurdu.
Z tribunasında baş verənlərin əvəzi olaraq, Yuventus azarkeşləri öz tribunalarında üsyan qaldırdılar. Onlar Liverpul azarkeşlərinin olduğu tribunalara doğru qaçmağa başladılar, lakin polislərin müdaxiləsi ilə üsyan sakitləşdi. Yuventus azarkeşləri iki saat ərzində iri daşlar, butulkalar və yad cisimlərlə polislə mübarizə apardılar. Onlardan biri televiziyada yayaımlanan görüntülərdə silah istifadə etdiyinin müəyyən edilməsi ilə həbs olundu (sonradan atəş zamanı boş patronun istifadə edildiyi məlum oldu). Oyun başladıqdan sonra belə polis üsyankarlarla mübarizə aparmağa davam edirdi. Oyun davam edən zaman meydançanı kənarı həmin üsyankarlarla dolu idi.
Oyundan əvvəl Belçikalı gənc oyunçular iki finalçının rənglərinə uyğun formalar geyinərək dostluq görüşü keçirdilər. Birinci hissədə qırmızı formalı Belçikalılar 3-0 üstünlüyü ələ keçirdilər. Merseysaydlı azarkeşləri sanki kubok uğrunda oyun başlamış kimi sevinirdilər. İkinci hissədə ağ formalı komanda qol vurduqda və hesab 19:10-a çatdıqda ingilis və italyanlar arasında dava başladı. Bundan elə bir neçə dəqiqə sonra oyun dayandırıldı və gənc futbolçular meydandan çıxarıldı.
Oyun
Faciənin böyüklüyünə baxmayaraq UEFA rəsmiləri, Belçika Baş naziri Wilfried Martens, Brüssel İcra başçısı Hervé Brouhon və şəhərin polis təşkilatı qərara gəldilər ki, oyunu təxirə salmaq daha böyük iğtişaş və zorakılığa gətirib çıxara bilər. Nəhayət iki klub kapitanının kütləyə müraciəti və onları sakitləşməyə çağırmasından sonra oyun başladı.
İsveçli hakim Danila Zbigniew Boniek’ə qarşı edilən qayda pozuntusunda Yuventusa penalti hədiyyə etdi və Mişel Platini penaltini düzgün yerinə yetirərək komandasına 1-0-lıq qələbə qazandırdı.
Oyun başa çatdıqdan sonra kubok Şərəf tribunasının qarşısında UEFA prezidenti Jacques Georges tərəfindən Qoca Sinyoranın kapitanı Gaetano Scirea’ya verildi. Oyunun sonunda stadionun böyük bir hissəsini zəbt edən jurnalist və azarkeşlərin coşğunluğu, həmçinin tribunada hər iki klub azarkeşlərinin çılğın nəğmələri İtaliyalı futbolçuları qələbəni meydanın mərkəz hissəsində, öz aralarında və M tribunasındakı tərəfdarların qarşısında qeyd etməyə vadar etdi. Liverpul futbolçuları isə aralarında X və Z tribunalarının ortasındakı həmin "qatillərin" də olduğu öz azakeşlərini alqışlayırdılar. "Qatillər" istintaq nəticəsində 1991-ci ildə adam öldürməkdən məhkum olundular.
Keçmiş Liverpullu hücumcu Ian Rush’ın sözlərinə görə İtaliya kariyerası ərzində iki klub və onların azarkeşləri arasında təşkilatı əlaqələr inkişaf etməyə başlamışdı.
Hadisələrdən sonra
İlk olaraq hadisənin günahı sadəcə olaraq Liverpul azarkeşlərinin boynuna atıldı. Mayın 30-da UEFA’nın rəsmi müşahidəçisi Gunter Schneider bildirdi ki, "hadisəylə bağlı yalnız ingilis azarkeşlər məsuliyyət daşıyırlar". Oyunun təşkilatçısı UEFA, Heyzel stadionunu sahibləri və Belçika polisi təqsirin kimdə olduğunu araşdırdı. Araşdırma nəticəsində günahın yalnız İngilis azarkeşlərdə deyil, həm də müəyyən mənada polis və səlahiyyətli şəxslərdə olduğu ortaya çıxdı. İçində polis kapitanı John Mahieu olmaqla bir neçə rəsmi şəxs sənəd tapıntıları nəticəsində ittiham olundu. Mahieu 29 May 1985 tarixli oyuna mühafizə olaraq təyin edilmişdi, həmin oyun zamanı qeyri-iradi adam öldürməkdə təqsirkar bilindi.
May ayının 31-də Britaniya Baş naziri Marqaret Tetçer İngiltərə Futbol Federasiyasına ölkə klublarının UEFA müsabiqələrindən uzaqlaşdırlması üçün təzyiq göstərdi. Elə 2 gün sonra UEFA ingilis klublarına qeyri-müəyyən müddətə qadağa qoydu. İyunun 6-da FİFA bu qadağanı dünya səviyyəsinə çatdırdı, lakin sonradan hazırlıq qarşılaşmalarının baş tutmasına icazə verdi. Qadağa İngiltərə yığma komandasına tətbiq edilmədi. İngilis klubları qeyri-müəyyən şəkildə UEFA yarışmalarından uzaqlaşdırıldılar. Liverpula 6, digər ingilis klublarına isə 5 il qadağa qoyuldu. İngiltərə polisi təqsirkarları tapıb ədaləti bərpa etmək üçün geniş araşdırmaya başladı. Bir neçə 17 dəqiqəlik video və hadisə yerindən olan şəkil araşdırıldı. TV Eye proqramı 1 saatlıq veriliş ərzində görüntülərin xüsusiyyətlərini ortaya çıxardı. Həmçinin Britaniya mətbuatı da şəkilləri yayımladı.
Baş verən qətliamda tək önə çıxan cinayət olan insan ölümlərində şübhəli bilinən 27 nəfər tutuldu. Onlardan çoxu əvvəllər də futbol zorakılığında ittiham olunmuşdular. 5 aylıq araşdırmadan sonra 1989-cu ildə 14 azarkeşə qeyri-iradi insan ölümündən 3 illik həbs cəzası verildi.
Qətliamda öldürülənlər üçün 18 Avqust 1989-cu ildə Anfielddə keçirilən Liverpul-Arsenal qarşılaşmasından öncə anım mərasimi keçirildi, lakin The Sydney Morning Herald qəzetinin xəbərinə görə bu mərasim əleyhinə şüarlar səsləndirilərək boykot edildi.
Heyzel stadadionu 10 ilə yaxın atletizm yarışmalarına ev sahibliyi etdi, lakin bu hadisədən sonra həmin stadionda heç bir futbol qarşılaşması oynanmadı. 1994-cü ildə stadion King Baudouin adıyla tamamilə yenidən bərpa olundu. 1995-ci ilin 28 Avqustunda stadion Belçika-Almaniya oyunu ilə birlikdə yenidən futbol qarşılaşmalarına ev sahibliyi etməyə başladı. 1996-cı il 8 May tarixində daha bir Kuboklar Kuboku finalı həmin stadionda oynandı. Rapid Vyananı 1-0 hesabı ilə məğlub edən PSG çempion oldu.
Stadion islahatları
Heyzel hadisələrindən sonra ingilis klubları öz evlərində oynanan matçlarda iğtişaş yaradan fanatikləri stadionlardan uzaqlaşdırmaq üçün daha ciddi tədbirlərə əl atmağa başladılar. 1986-cı ildə iğtişaşçıları stadionlardan 3 aylıq uzaqlaşdırmaq üçün qərar qəbul olundu və 1991-ci ildə Futbol Zorakılığına qarşı Akt tərtib olundu. 1995-ci il 18 Fevral tarixindəki İrlandiyaya qarşı ingilis azarkeşlərin yaratdığı iğtişaş (iddiaya görə xüsusilə Combat 18 kimi neo-Nasist qruplar) və 1998-ci il Dünya Çempionatında törədilən zorakılıqlara qədər səfər oyunlarına qanuni qadağalar qoyulması ilə bağlı ciddi uğur əldə olunmadı. Avro 2000-dəki üsyanlar yeni qanunun tərtibinə gətirib çıxardı, 2004-də isə daha çox polisin cəlb olunması təmin edildi. Avro 2000-də qadağayla bağlı maddələr 100-dən az idisə, yeni dəyişikliklə bu, 2000-ə çatdırıldı. İngiltərə stadionlarına edilən ən mühüm islahatlar isə 1989-cu ildə 96 nəfərin ölümü ilə nəticələnən Hilsboro faciəsindən sonra hazırlanan Teylar Doktrinası ilə meydana çıxdı. Top 2 liqada stadionların tamamilə oturacaqlarla təmin olunması zəruri edildi, meydança kənarındakı hasarlar yığışdırıldı və təhlükəsizlik kameraları quraşdırıldı. Qaydaları pozan azarkeşlərin biletləri ləğv edilə və İngiltərədə bütün stadionlara girişi qanuni şəkildə qadağan edilə bilərdi.
Tarix: 02.03.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 551 Bölmə: Ümumi