Azərbaycan Milli-Azadlıq Hərəkatı - Azərbaycan SSR-də baş verən anti-sovet xalq hərəkatı (1988-1991-ci illər).
1988-ci ildə Azərbaycan SSR-də anti-sovet xalq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası - Meydan hərəkatı (1988-ci il 17 noyabr - 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.
XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Anti-sovet xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".
1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.
Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin anti-sovet xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
Tarix: 12.02.2015 / 14:53 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Ümumi