Şahbulaq qalası (qəsri) - Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr tarixi abidəsi.
Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.
Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan İran tərəfdən gözlənilən təhlükədən qorunmaq üçün strateji cəhətdən əlverişli bir yerdə, möhkəm qala tikdirmək qərarına gəldi. Bu qala, həm də xanlığın mərkəz qalası olmalı idi. Bu məqsədlə, Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini seçdi. Şahbulaq qalasının burada salınması hər cəhətdən əlverişli idi. Daha doğrusu, təhlükəsiz idi. Xanlığın mərkəzi olacaq bu qala, tarixçilərin dediyinə görə, 1751-1752-ci illərdə tamamlanmışdır. Şahbulaq qalasının içərisində yaşayış binaları, hamam, məscid və bazar tikilmişdir. Şahbulaq qalası hündür divarlarla əhatə olunmuşdur. Xanın iqamətgahı səkkizqülləli qəsrdə yerləşirdi. Qala düzbucaqlı olmuş, yonulmamış daşlardan tikilmişdir. Qalanın içərisindəki tikililərin çoxu dağılmışdır. Tikili böyük görkəmə malik olmuşdur. Pənahəli xan öz ailəsi, qohumları, yaxın adamları, böyük sənətkar və alimlərlə burada yaşamışdır. Qalada bərpa işləri aparılmışdı, müəyyən qədər əvvəlki görkəminə salınmışdır (xarici divarları).
Qarabağ tarixçilərinin məlumatına görə Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məhşur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, “Daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar” tikdirmişdir. İnşaatı 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalmışdır. Qəsr öz adını gursulu bulağın adından almışdır.
Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir. Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır.
Qalanın içərisində divarlar boyunca tikilmiş birmərtəbəli otaqların damı xarici basqınlardan müdafiə üçün əlverişli səki rolunu oynayırdı. Otaqların örtük konstuksiyası daş tağbəndlərdir. Bütünlüklə yarıyonulmuş daşdan tikilmiş Şahbulaq qəsri Azərbaycanın xanlıqlar dövrü hərbi memarlığının sadə nümunələrindən biridir. Şahbulaq qəsrinin şimal-qərbində, bulağın yanında olan məscid kiçik daş bina olub ibadət salonu və eyvandan ibarətdir. İbadət salonu planda kvadrat biçimli (5,1/ 5,1m) olub günbəzlə örtülüdür. Məscidin giriş qapısı şərqə yönələn baş fasadın dördbucaqlı eyvanına (5,1/2,5m) açılır. Eyvanın tağları, baza və kapitelləri dördbucaq formada olan səkkizguşəli sütunlara söykənir. Məscidin kiçik tutumu hündür səki üzərində qaldırılmışdır. Araşdırıcıların fikrincə Şahbulaq tikililəri Qarabağ xanlığının, özəlliklə onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərmişdir.
Son dövrlərdə ermənilər qalanı bərpa edərək kilsə kimi istifadə edirlər.
Tarix: 12.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 320 Bölmə: Ümumi