Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Küseyir oğlu türbəsi - Fasadı

Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış,sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin yalnız bir səthi, Qərb tərəfə baxan səthi,başqa şəkildə həll edilmişdir.Burada türbənin giriş qapısı yerləşdirilmişdir.Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsi ilə bir portal şəklini almışdır.Türbənin rəis,xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə,yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir.

Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada da kitabə yerləşdirilmişdir.Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılmışdır:"Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu".

Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməmişdir. Onun bayır tağçalarının içərisi isə kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənmişdir. Tağçalarn üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır. Şiş uclu piramidal örtük elə bil bütöv prizmatik gövdəyə yox, yazı qurşağının incə şəbəkəsinə dayanır. Memar tağçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini qabartmışdır. Bayır səthlərin beləcə yerinə uyğun işlənməsi bütövlükdə türbənin yüksək memarlıq-bədii görkəm, arxitektonik quruluş almasına səbəb olmuşdur.

Memar türbənin şimal üzünə baştağ kompozisiyası vermiş, onda yerüstü qülləyə giriş qapısı yerləşdirmişdir. Qapı gözü daha dərin tağça içərisinə salınıb üstü böyük kitabə lövhəsi ilə bəzədilmişdir. Ayrıntıları, biçimləri daha incə işləməklə memar bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirmişdir.

Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla – keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları,bol kölgə - işıq effektləri abidənin koloritini daha da zənginləşdirir.

Yusif Küseyir oğlu türbəsnin kürsülüyündən 7,2 m hündürlükdə, xarici perimetr üzrə düzəldilmiş frizdəki yazılarda abidənin kim tərəfindən tikilməsi haqqında məlumat vardır. Yazının hərfləri 20 x 20 x 4 sm ölçülü kərpiclərdən düzəldilərək, onun fonunu əmələ gətirən friz müstəvisindən 2 sm irəli çıxır. Frizin əsas müstəvisini isə kiçik ölçülü kərpiclər təşkil edir. Bu kərpiclərin şaquli tikişləri ensiz, üfüqi tikişləri isə enlidir.

Frizin aşağı və yuxarı hissələrində kərpicdən qurşağı vardır. Türbənin dam örtüyü səkkiztilli piramida şəklindədir. Dam örtüyü ikiqatlıdır: xarici tərəfdən səkkiztilli, içəri tərəfdən isə qübbə şəklindədir. Türbənin kvadrat kərpicdən hörülən divarlarına qalınlığı 12 sm olan pplitələrdən üz çəkilmişdir. Binanın yerüstü hissəsinin qapısı çatma şəklindədir. Tağın arxivoltu rombvari kərpiclə, yanları isə yanüstə qoyulmuş kiçik kərpiclərlə bəzədilmişdir. Portalın ümumi çərçivəsi düzbucaqlı olub, meandrı xatırladan həndəsi naxışlarla örtülmüşdür.


Tarix: 22.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Ümumi
loading...