Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarabagilan

Xarabagilan, Kiran, Gilan və ya Giran – Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Abidə Ordubad şəhərindən 16 – 17 km qərbdə, Naxçıvan – Ordubad avtomobil yolunun şimalında, Gilançayın sol sahilindədir. Böyük Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulmuş, böyümüş və yaşamışlar.
Tarixi
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Xarabagilan ərazisində şəhər mədəniyyəti ilk antik dövrdə - V – IV əsrlərdə yaranmış, orta əsrlərdə isə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılar Xarabagilan abidəsinin monqolların Azərbaycana yürüşü zamanı dağıdılmış Kiran şəhərinin qalıqları olduğunu müəyyənləşdirmişlər.

İbn əl-Əsir (XIII əsr), Yaqut Həməvi (XIII əsr), Zeynəddin Qəzvini (XIV əsr), Məhəmməd ibn Həmdullah Naxçıvani və başqalarının əsərlərində Gilanın Azərbaycanın qədim və əzəmətli şəhərlərindən biri olması haqqında məlumatlar vardır. Karvan yolu üstündə yerləşən şəhərdə sənətkarlıq, ticarət, əmtəə - pul əlaqələri geniş inkişaf etmişdi. Şəhərdə “Giran” adı ilə gümüş və mis sikkələr kəsilmişdir.

XIII əsrdə monqollar tərəfindən ciddi dağıntılara məruz qalan şəhər hələ tam bərpa olunmamış, qısa müddət sonra – XIV əsrin sonlarında Əmir Teymur tərəfindən dağıdılmış, Səfəvilər sülaləsindən I Şah Abbasın hakimiyyəti dövründə isə tamamilə tənəzzülə uğramışdır. Şəhərin əhalisi Ordubad rayonunun Aşağı və Yuxarı Aza, Dər kəndlərinə köçmüşdür.

Tədqiqatlar
Xarabagilan ərazisində ilk tədqiqatlar 1926 – 1929 – cu illərdə aparılmışdır. 1976 – cı ildən şəhər ərazisində başlayanılmış arxeoloji tədqiqatlar isə fasilələrlə hələ də davam etdirilməkdədir. Şəhərin ərazisi 100 hektardan çoxdur. Abidənin qərb tərəfində e.ə. II – I minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilmişdir.

Xarabagilanın Narınqalası və məhəllələri qala divarları ilə əhatə olunmuşdur. Narınqalanın sahəsi 10 hektardan çoxdur. Qala divarları dördkünc və dairəvi bürclərlə möhkəmləndirilmişdir. Daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və sair tikinti qalıqları aşkar edilmiş, çoxlu maddi mədəniyyət nümunələri – şirli və şirsiz qablar, şüşə və metal məmulatı, sikkələr, o cümlədən Roma qızıl pulları və sair tapılmışdır. Tapıntılar arasında XII – XIV əsrlərə aid gil qab və memarlıq abidələrinin qalıqları üzərində kufi və nəsx xəttləri ilə yazılara da rast gəlinmişdir.

Xarabagilan arami yazısı
Xarabagilan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin qala divarının cənub – şərqində, divarın xarici tərəfində II – III əsrlərə aid edilən bir qəbirdən qədim arami yazısı ilə yazılmış mətn aşkarlanmışdır.

Arami yazısı Ərəbistan yarımadasında yaşamış və e.ə. II minilliyin sonlarında Ön Asiyaya yayılaraq, Suriya və Şimali Mesopotamiya ərazisində kiçik dövlətlər yaratmış sami mənşəli tayfalardan olan aramilərin əlifbası olub, e.ə. I minilliyin əvvəllərində Finikiya əlifbası əsasında yaradılmışdır.

Xarabagilan ərazisindəki qəbirdən aşkar edilmiş təkqulplu saxsı qabın üzərindəki arami yazısı qara rənglə həkk edilmişdir və dualardan ibarətdir.

Gilan zərbxanası
Gilan zərbxanası tarixi mənbələrdə Gilan, Kiran Giran kimi xatırlanan və dövrümüzə Xarabagilan abidəsi şəklində çatan şəhər ərazisində olmuşdur. Şəhər ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş numizmatik materiallar əsasında, burada Sasanilər dövlətinin hökmdarı IV Hörmüzün (579 – 590) adından sikkələr zərb edildiyi məlum olmuşdur.

Ordubad şəhəri şərq ilə qərb arasında gedən ticarət əlaqələrində əhəmiyyətli rol oynadığından, Gilan zərbxanası XIV yüzillikdə fəaliyyətini bərpa etmiş və burada Elxani gümüş dirhəmləri kəsilmişdir.


Tarix: 12.02.2015 / 14:20 Müəllif: Feriska Baxılıb: 191 Bölmə: Ümumi
loading...