İranzunun ölümündən (e. ə. 719 və 716-cı illər) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Atası İranzunun siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Lakin o çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir:
"...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [....] Mannalılar ölkəsini tabe etdim."
Tarix: 27.01.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Ümumi