Naxçıvan - Naxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri və Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir.
Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir.
Şəhər ərazisində ilk arxeoloji tədqiqat işləri Araz arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Strateji cəhətdən əlverişli ərazidə salınan qədim şəhərin qalıqlarının və onun nekropolunun Naxçıvan şəhərinin şimal hissəsində yerləşdiyi ehtimal olunur. Nekropoldakı dağılmış qəbir abidələrindən yüzdən artıq müxtəlif gil qab nümunələri, tunc bilərziklər, üzüklər, sırğalar və muncuqlar əldə edilmişdir.
Adın etimologiyası
Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə. 1539 – cu ildə salındığını göstərmişlər. Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.
Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.
Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir.
Ptolomeyin “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə “Naksuana” (yun. Ναξουὰνα, ing. Naxuana) şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.
Orta əsr ərəb və fars dilli mənbələrdə (Bəlazuri, İbn Əl Fəqih, İbn Xordadbeh, Qudama ibn Cəfər, əl Müqəddəsi, əl İstəxri, Əl Biruni, Yaqut Həməvi, Fəzlullah Rəşidəddin , Həmdullah Qəzvini, Əbdürrəşid Bakuvi, Mirxond, Həsən bəy Rumlu, İskəndər bəy Münşi) şəhərin adı “Nəşavə”, “Nəqçuan” (Nəxçuan, Nəxçuvan, Nəxçəvan) şəkillərində işlənmişdir. Bir sıra qaynaqlarda (Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi və b.) Naxçıvan toponimi kimi təqdim edilən “Nəqşi - cahan” adı təşbeh olub, dünyanın bəzəyi mənasını bildirir. Orta əsrlər türk səyyah-tarixçisi Övliya Çələbi Naxçıvan şəhərinin əsasının Turan hökmdarı Əfrasiyab tərəfindən qoyulduğunu qeyd edir..
Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı “dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə "Naxçıvan" toponimi "törəyiş yeri" anlamını verməkdədir. Lakin, alim qeyd edir ki, adın indiki forması qədim dövrdəki formasından çox fərqlidir. Hübşmana görə "Naxçıvan" toponiminin indiki forması pəhləvi dilində "Naxčavan" adından əmələ gəlmişdir. O, bu adın "Naxč" prefiksindən və ona qoşulmuş pəhləvi və erməni dillərində "şəhər" anlamı verən "avan" sözündən ibarət olduğunu qeyd edir.
Hübşmanın istinad etdiyi Bibliyadakı Nuh tufanı hadisəsinə əsaslanan versiyanın başqa bir yozumuna görə “Naxçıvan” sözü üç hissədən – “Nax” (Nuh), türk dillərində isim düzəldən şəkilçi olan “-çı” şəkilçisi və türk dilində yer, məkan bildirən “van” toponimik formatından ibarət olub, “Nuhçuvan” – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”, “Nuhun diyarı” deməkdir.
C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət “Akçiban” (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.
Prof. A. Axundov isə “Naxçıvan” toponimini elamlarla əlaqələndirərək, onun elamların Nahhunte adlı tanrısının adı ilə bağlı “Nahhuntevan” olub, sonradan yerli türk əhali tərəfindən “Naxçıvan” şəklində tələffüz edilməsini ehtimal edir. Fəlsəfə elmləri doktoru K. Allahyarovun fikrincə “Naxçıvan toponimi Parfiya imperiyası dövründə yaranmışdır; “Nəxçir” (ov heyvanı, dağ keçisi) sözündən və məkan, yer bildirən “van” şəkilçisindən ibarət olub ovlaq deməkdir. Bu fərziyyəyə görə, dağ keçilərinin indi də çox olduğu Naxçıvan ərazisi vaxtilə Parfiya şahlarının Cənubi Qafqazdakı ov yeri olmuşdur.
Erməni tarixçisi Suren Yeremyan isə Naxçıvan şəhərinin əsasının eramızdan əvvəl 3669 - cu ildə qoyulduğunu bildirir və Nuh əfsanəsinə istinad edərək şəhərin adının qədim erməni dilində "Naxnaxan İcevan" (Նախնական Իջևան) - "İlk Torpaq" sözündən yarandığını iddia edir.
Tarix: 12.02.2015 / 14:12 Müəllif: Feriska Baxılıb: 274 Bölmə: Ümumi