Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlanqala (arxeoloji abidə)

Abidə Arpaçayın sahilindəki Qaratəpə dağında yerləşir. Oğlanqala yaşayış yerinin sahəsi 40 hektar, mədəni təbəqənin qalınlığı isə 3 metrdən artıqdır. Dağın şimal yamacları sıldırımlıdır. Digər yamaclar isə möhtəşəm müdafiə divarları ilə əhatələnmişdir. Divarlar uzunluğu 1,5 – 3 metr, qalınlığı isə 1 metrdən çox olan kobud yonulmuş daşlardan tikilmişdir. Bu baxımdan Oğlanqalanı siklop tikililərinə aid edən tədqiqatçılar da vardır. Divarların bəzi yerlərində üst – üstə qoyulmuş 4 cərgə daş qalmışdır.

Dağın cənub – qərbində kiçik berclərə oxşar yarımdairəvi tikilər vardır. Tikinti üslubuna görə Oğlanqala, assurların dağ qalalarına oxşayır. Oğlanqalanın mərkəzindəki, sahəsi 70x100 m olan meydançada aşkar edilmiş daş sütun qalıqları vaxtilə burada saray və məbəd tipli möhtəşəm binaların olduğunu göstərmişdir. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur.

Tədqiqi
Abidədən aşkar olunmuş materialların əksəriyyəti boz və cəhrayı rəngli saxsı məmulatından ibarətdir. Boz rəngli gil qabların bəzisinin tərkibində Eneolit mədəniyyəti üçün səciyyəvi olan saman qarışığına təsadüf edilmişdir. Oğlanqaladan e.ə. I minilliyin II yarısı – eramızın I – II əsrlərinə aid tufdan hazırlanmış dən daşları, son orta əsrlərə aid şirli və şirsiz saxsı məmulatı və sair maddi mədəniyyət məmulatı toplanmışdır.

Əlverişli təbii - coğrafi və strateji mövqedə yerləşməsi Oğlanqaladan uzun müddət müdafiə istehkamı kimi istəfadə olunduğunu göstərir. Tədqiqatlar nəticəsində Oğlanqalanın əsas fəaliyyət dövrünün e.ə. IX – IV əsrlər olduğu müəyyən edilmişdir. Yaşayış yerinin müasir dövrümüzə kimi saxlanmış qala divarları e.ə. I minilliyin əvvələrində inşa edilmiş və antik dövrə kimi istifadə olunmuşdur.

Abidə 2006 - cı ildən AMEA və Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən, Naxçıvan Arxeoloji Layihəsi (The Naxçıvan Archaeological Project) çərçivəsində tədqiq edilməkdədir. Tədqiqatın nəticələri layihə əsasında yaradılmış sayt vasitəsiylə yayımlanır.


Tarix: 27.01.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Ümumi
loading...