III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e. ə. 843-cü il) yürüş təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Manna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür, assurlar ya Mannanı istila edə bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər. E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir.[123]
III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır:
"Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım".
Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, baç vermədi. Assurlar ancaq qənimət ələ keçirməklə kifayətləndilər. III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adı və onların paytaxtı Zirta şəhərinin (sonralar bu şəhər İzirtu adı ilə qeyd olunur) adı çəkilir.
Tarix: 27.01.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi