Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vahid Məmmədli

Vahid Məmmədli (Məmmədli Vahid Məmməd oğlu) - hüquqşünas, yazıçı.

Həyatı

06 yanvar 1965 –ci ildə Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuş, 1992-ci ildə Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, 2003-cü ildən beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Beynəlxalq Hüquqşünaslar Assosiyasiyasının üzvüdür.

V.Məmmədli əslən Azərbaycanın Bərdə rayonunun Kərimbəyli kəndindən, Qarabağın pənah gətirilən ocaqlarından biri olan müqəddəs Köyəlli Baba nəslindədir. Qarabağın adlı sanlı, maarifpərvər və millətini sevən bəylərindən biri olmuş Haqverdi bəy Kərimbəyovun nəticəsidir.

Vahid Məmmədli Azərbaycanda böyuk əks səda doğurmuş çoxepizodlu və ağır cinayət işlərinin istintaqını uğurla başa çatdırmış peşəkar prokuror, Respublikamızda cinayət əməllərinin tövsifini və istintaq taksikasını mükəmməl bilən mütəxəssislərdən biri, Azərbaycanda cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikasına həsr olunmuş ilk elmi monoqrafiyanın, beynəlxalq cinayət hüququna aid bir çox məqalə və monoqrafiyaların muəllifidir.

V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. ("Tunc Allahın yükü" "Qrifon" 2007, "Cəllad tələsməyi sevmir" "Eksmo" 2008, "Qeksoqenli yol yoldaşı" "Eksmo" 2010).

Onun detektiv roman və povestlərinin qəhrəmanı olan Ancelo di Bronzo-Tunc Mələk , dünyanın tanınmış detektiv əsərlərinin qəhrəmanları olan Şerlok Holms, Puare, Komissar Meqre, Djeyms Bond, Rusiyada Erast Fandorin, Dronqo kimi qəhrəmanların sırasında duran ilk Azərbaycanlıdır. V.Məmmədli Tunc Mələyin Azərbaycanlı olmasını hər bir əsərində qeyd edərək, onu dünya oxucusuna məhz Azərbaycanlı kimi tanıdıb sevdirməklə, əslində Azərbaycanı dünyaya tanıtmağa çalışır. O, səy göstərir ki, Tunc Mələyin yüksək intellektə, incə zövqə malik olması, onun xarici və daxili aləminin mükəmməlliyi, mərd, xeyirxah və insanpərvər olması ilə dünya oxucusuna Azərbaycanlıların məhz bu xüsusiyyətlərə malik olmasını göstərsin, bu da V.Məmmədlinin yazıçı kimi ən böyük xidmətlərindən biridir.

V.Məmmədli həmçinin Rusiyanın ilk qansız döyüş romanının("Tunc Allahın yükü" "Qrifon" 2007), Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan "Atropatena dastanı" ("Zərdabi"nəşriyyatı,2010) trilogiyasının müəllifidir.

Üç kitabdan ibarət olan "Atropatena dastanı" Azərbaycanda həm dastan , həm də dünya oxuculaıı arasında maraqla oxunan fentezi janrlarının tələblərinə uyğun yazılan ilk trilogiyadır. Maraqlı magiyalar və sehirlərlə, yeni nağıl və fantastik qəhrəmanlarla, məcara, detektiv və döyüş səhnələri ilə zəngin olan bu əsər xüsusən gənc nəsil arasında böyük rəğbət qazanmaqla yanaşı, yaşlı nəslin də diqqətini durmadan özünə cəlb edir.

Onun son dövrlərdə yazdığı "Buddanın qayıdışı", "Qarabala", "Bakı-2031" "Müqəddəs Məryəm Ananın Efesə köç etməsi" povestləri, "Qırmızı böyürtkən" hekayəsi və digər əsərləri dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olmuş, onu dünya ədəbiyyatının istedadlı yazıçısı kimi tanıtmışdır. Onun bu əsərlərindəki həyatilik, bəşəri mövzular, sürrealist və postmodernist sujetlər oxucunu dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq düşündürür. 2010 cu ildə "Atropatena dastanı" adlı kitabı cap olunmuşdur.

Ədəbi yaradıcılığa 2007-ci ildən başlamasına baxmayaraq qısa müddət ərzində böyük oxucu kütləsinin rəğbətini qazanması, pərəstişkarlarının sayının günbəgün artması onun yüksək intellektə malik, dərin fəlsəfi düşüncə tərzi olan, maraqlı süjet xətti qurmağı bacaran və məhsuldar bir yazıçı olduğuna dəlalət edir.

Vahid Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və dıgər ölkələrdə çap olunmuşdur.

Evlidir, iki övladı var.

Sitat

Bu dünyada heç kim mələk deyil. Hərənin də öz qoruyucu mələyi var. Başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər…-


Tarix: 19.01.2013 / 15:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Şairlər və Yazıçılar
loading...