beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Kürdoğlu

Hüseyn Kürdoğlu, Alışanov Hüseyn Həsən oğlu[1] – şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.

Həyatı

Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində kolxozçu ailəsində doğulmuşdur. Ailəsi yarımköçəri həyat sürdüyünə görə, onun uşaqlığı qışlaq və yaylaqda keçmişdir. Kiçik yaşlarında çobanlıq etmişdir. Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953-1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). «Müasir kürd şairi A.Qoranın poeziyası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun «İran ədəbiyyatı» şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968-1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan «Sovet Kürdüstanı» qəzetində çap etdirmişdir. Onun «Gözəldir» rədifli ilk qoşması 1950-ci ildə «Azərbaycan gəncləri» qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır. Bədii tərcümə ilə də məşğul olmuşdur.

2003-cü il iyulun 12-də Bakıda vəfat etmişdir.

Əsərləri
1.Səhər nəğmələri. Bakı: Azərnəşr, 1963, 37 səh.
2.Yurdumu gəzə-gəzə. Bakı: Gənclik, 1968, 48 səh.
3.Qaya çiçəkləri. Bakı: Gənclik, 1970, 66 səh.
4.Doğma diyarım. Bakı: Gənclik, 1973, 78 səh.
5.Çiçək təbəssümü. Bakı: Gənclik, 1975, 110 səh.
6.Ata yurdum. Bakı: Yazıçı, 1978, 111 səh.
7.Dördtelli durnam. Bakı: Gənclik, 1979, 91 səh.
8.Toy karvanı. Bakı: Yazıçı, 1981, 95 səh.
9.Durna səsi. Bakı: Yazıçı, 1985, 141 səh.
10.Quzular dağa çıxdı. Bakı: Gənclik, 1985, 124 səh.
11.Müasir kürd şairi Abdulla Qoranın poeziyası. Bakı: Elm, 1969, 160 səh.
12.Bu dünya bir karvan yolu. Bakı: Yazıçı, 1989, 84 səh.
13.Min bir bayatı. Bakı: Gənclik, 80 səh.

Tərcümələri

(kürdcədən)
1.Rəhim Qazi. Peşmərçə (povest). Bakı: Azərnəşr, 1969, 106 səh.


Tarix: 15.01.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Şairlər və Yazıçılar