Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Səhhət

Mehdizadə Abbas Əliabbas oğlu — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.

Həyatı

Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra "realnıy məktəbdə" Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman, erməni şair və yazıçılarının əsərləri ilə tanış edir.

1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, muza və şəhərli" adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir.

1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.

Kitabları
Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı: 1912,
Qərb günəşi (tərcümələr toplusu). Bakı: 1912,
Neft fontanı (1 pərdəli komediya). Bakı: 1912,
Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik (Mahmudbəyovla şərikli). Bakı: 1912,

Haqqında olan ədəbiyyat
Abdulla Şaiq. Türk ədəbiyyatının müntəxabatı. Bakı: 1925,
Quluzadə. Abbas Səhhət haqqında bir neçə söz. "Maarif İşçisi" jurnalı 6-7 (14-15)-ci saylar, Bakı: 1927.
Abdulla Şaiq. Ədəbiyyatımız haqqında. "Maarif İşçisi" jurnalı 2-4 (14-15)-ci saylar, Bakı: 1927.


Tarix: 12.01.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 592 Bölmə: Şairlər və Yazıçılar
loading...