beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tağı Şahbazi Simurğ

Tağı Şahbazi Simurq (1892-1937) – yazıçı, publisist, pedaqoq.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 Əsərləri
4 Haqqında olan ədəbiyyat


Həyatı

Tağı Şahbazi Simurq 1892-ci ildə Bakıda anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902-1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir.

Realnı məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır.

Fəaliyyəti

1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.

1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MİK katibi, 1926-1929-cu illərdə ADU-nun rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa inqilabdan əvvəl başlamışdır. "Quşlar kimi azadə", "İyi aləm", "Südçü qız", "Şəkərli çoban", "Aclar" və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad "ziyalılar" tənqid olunur.

Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. Bunlar "Haqsızlıq dünyası", "Hacı Salman", "Ağanın kənizi", "Məşədi Qədimin evində bədbəxtlik", "Azadlıq üçün cinayət", "Zərifə", "Küləkli bir axşam" və s. hekayələrində öz əksini tapmışdır. 1932-ci ildə yazdığı "Düşmənlər" povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.

Simurğ 1937-ci ildə Bakıda vəfat etmişdir. Bakıdakı küçələrdən biri onun adını daşıyır.

Əsərləri
1.Seçilmiş əsərləri (hekayələr). Bakı: Yazıçı, 1983, 172 səh.
2.Qayçı (hekayə). Bakı: Gənclik, 16 səh.
3.Yox, razı deyiləm (hekayələr). Bakı: Gənclik, 1969, 124 səh.

Haqqında olan ədəbiyyat

Azərbaycan dilində
1.Nazim Ə. Simurğun yaradıcılıq yolu. Bakı: Yazıçı, 1979, 194 səh.
2.Zeynalova Ş. Tağı Şahbazi Simurğ. Bakı: Yazıçı, 1997, 118 səh.

Rus dilində
1.Рассказы. Баку: Азернешр, 1958, 126 стр.
2.Исмайлов А.Д. Творческий путь Таги Шахбази Симурга. Баку: 1964, 19 стр.
3.Мусаев Б.А. Художественная проза и публицистика Таги Шахбази Симурга. Баку, 1966, 23 стр.


Tarix: 19.01.2013 / 15:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 860 Bölmə: Şairlər və Yazıçılar