Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Abdulla

Abdulla Abbas Hacaloğlu - şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984).

Həyatı

Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X-XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir.

Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961-1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olmuşdur.

Kommunist Partiyasının üzvü olmuş (1978-1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981-1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991-1992). 20 Yanvar Bakı qətliamma etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxmışdır. Milli azadlıq hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri və Ağsaqqallar Şurasının üzvü olmuşdur. Müsavat Partiyası bərpa komissiyasının üzvü olmuş, Ali Məclis və Divan üzvü seçilmişdir (1992).

Hazırda Müsavat Partiyası Ali Məclisinin üzvüdür. Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlamışdır. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirir. İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə etmişdir.

26 Bakı komissarı adına rayon xalq deputatları Sovetinin deputatı seçilmişdir. Moskvada, gənc şairlərin U Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak etmişdir.

Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil etmişdir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur (1980).

Əsərləri
1.Ata yurdu (şeirlər). Bakı: Gənclik, 1970, 48 səh.
2.Ağlı-qaralı dünya (şeirlər). Bakı: Gənclik, 1980, 68 səh.
3.Azərbaycan-Ukrayna ədəbi əlaqələri. Bakı: Yazıçı, 1982, 160 səh.
4.Üzü dan yerinə (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 223 səh.
5.Sonsuzluğa gedən karvan (şeirlər və poemalar). Bakı: Yazıçı, 1988, 155 səh.
6.Erməni məsələsi və ya oğru elə bağırır doğrunun bağrı yarılır. Bakı: Yurd, 2003, 51 səh.

Tərcümələri

(Ukrayna dilindən və ruscadan)
1.İ.Draç. Könlümün harayı. Bakı: Azərnəşr, 1968, 86 səh.
2.V.Leqkobit. Hərə bir şəkil çəkir. Bakı: Gənclik, 1972, 12 səh.
3.İ.P.Kotlyarevski, Natalka Poltavka, Bakı: Azərnəşr, 1973, 59 səh.
4.M.F.Rılski. Yanğı (şeirlər və poema). Bakı: Yazıçı, 1978, 92 səh.
5.M.Şapoval. Son görüş. Bakı: Gənclik, 1977, 100 səh.
6.Bayraq və günəş (Ukrayna sovet şairlərinin şeirləri). Bakı: Yazıçı, 1978, 270 səh.
7.T.Şevçenko. Fikirlərim, düşüncələrim (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 100 səh.
8.Körpülər (Ukrayna sovet poeziyasından poemalar). Bakı: Yazıçı, 1979, 120 səh.
9.Lesya Ukrainka. Su pərisi (poemalar). Bakı: Yazıçı, 1982, 82 səh.


Tarix: 13.01.2013 / 13:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1157 Bölmə: Şairlər və Yazıçılar
loading...