beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl Umudlu

İsmayıl Balı oğlu Umudlu — jurnalist, tərcüməçi, tarixçi-etnoqraf. "Tərəqqi" medalı ilə təltif edilmişdir (2010).

Həyatı

İsmayıl Umudlu Yuxarı Salahlı kənd orta məktəbini bitirmişdir (1969). BDU-nun filologiya fakültəsinin məzunudur (1978). Lill Ali Jurnalistika Məktəbində Fransa) birillik jurnalistika kursunu bitirmişdir (2002).

Jurnalist və digər fəaliyyətləri

Jurnalistika sahəsinə gələnə qədər "İşıq" nəşriyyatında, sonra pedaqoji-tərbiyə işində (tərbiyəçi müəllim və baş metodist) çalışmışdır. Eyni zamanda, tələbəlik illərindən başlayaraq, ara-sıra mətbuatda yazılarla çıxış etmişdir. 1991-cı ilin yanvarından "Ayna" və "Zerkalo" qəzetlərində çalışır. Bu müddət ərzində qəzetin parlament müxbiri, tərcümə şöbəsinin müdiri, redaktor (qəzetin azərbaycandilli "Ayna" variantı üzrə), daha sonra Ayna Mətbu Evi qəzet korporasiyası üzrə tərcümə mərkəzinin direktoru vəzifələrini tutmuşdur.

1999-cu ildən rusdilli gündəlik "Zerkalo" qəzetinin siyasi icmalçısı işləmişdir. 2001-2003-cü illərdə bu vəzifəsinə əlavə olaraq, azərbaycandilli "Ayna" qəzetinin məsul redaktoru idi. Hazırda "Ayna" - "Zerkalo" qəzetlərinin siyasiicmalçısı, həftəlik "Ayna" qəzetinin məsul redaktorudur.

"Ayna"-"Zerkalo" qəzetlərində dərc olunmuş "Nuru Paşa" araşdırmasına görə, Azərbaycan Jurnalistlər Birliyinin 1999-cu il üzrə "Həsən bəy Zərdabi" mükafatına, Ermənistanın dövlət terrorizmi siyasətini ifşa edən məqalələr toplusuna görə isə, 2004-cü ildə AR Milli Təhlükəsizlik Nazirliyinin "Samir Əsgərxanov" adına III mükafatına layiq görülmüşdür.

Publisistik səpkidə "Azərbaycanda dissident fikir cərəyanı" (1999), "Ayna"da qalan izlər" (2000) kitabları çıxmışdır. Tarixi-etnoqrafik mövzularda araşdırmalarının nəticəsi olaraq, irihəcmli "Vəkiloğulları" (2003), "Dilbazilər" (2008), "Dağ Kəsəmən" (2009) kitablarının müəllifidir. Jurnalistika fakültələrinin tələbələri üçün "Kitab nəşri bu gün" (2004) dərs vəsaiti nəşr olunmuşdur. Qazax bölgəsinin etnoqrafiyası, əsilzadə soylarının genealogiyasına, o cümlədən, Gəncə xanları Ziyadoğlu-Qacarların, Azərbaycanla bağlı olan Terequlov tatar soyunun şəcərəsinə dair elmi araşdırmaları dərc edilmişdir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Böhranlı onillik" (2004) kitabını, Nigar Məcidovanın "Tibbi jurnalistika" (2005) dərs vəsaitini, görkəmli tarixçi Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" (2006) adlı fundamental əsərini ruscadan dilimizə çevirmişdir.

Tarixçi alim Mehdixan Vəkilovun "Azərbaycanda mədəni inqilab 1920-40-cı illər" əsərini (doktorluq dissertasiyasını) çapa hazırlamış və ona önsöz yazmışdır. Bundan başqa, siyasi mühacir Abbas bəy Atamalıbəyovun memuarları, rus və Avropa yazıçılarının bir sıra hekayələri onun tərcüməsində "Ayna" qəzeti səhifələrində dərc olunmuşdur.

Son illərdə dünya klassik ədəbiyyatından Mayn Ridin "Başsız atlı", Ceyms Fenimor Kuperin "Sonuncu mogikan" və "Ləpirçi", Çarlz Dikkensin "Oliver Tvistin macəraları", Viktor Hüqonun "Səfillər" romanlarını məktəbyaşlı uşaqlar üçün işləmiş və bunlar "Altun kitab" nəşriyyatında çap edilmişlər.

İndiyədək "Ayna" və "Zerkalo" qəzetlərində, Azərbaycanın bir sıra digər mətbuat orqanlarında Azərbaycan və rus dillərində ictimai, elmi və siyasi mövzularda ümumilikdə beş minə yaxın yazısı işıq üzü görmüşdür. Vaxtaşırı müxtəlif radio və telekanallarda aktual mövzularda verilişlərin iştirakçısıdır. Qəzet yazılarının əsas istiqaməti Azərbaycanın ətrafında cərəyan edən siyasi hədisələr, elm və mədəniyyət, milli tariximizin, o cümlədən, ən yeni tariximizin açılmamış səhifələridir. Azərbaycan jurnalistikasının inkişafında xidmətlərinə görə ölkə prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdir (2010).

Qazax rayonunun etnoqrafiyası, tarixi keçmişi, tanınmış şəxsləri haqqında çoxsaylı elmi-populyar və elmi məqalələri dərc edilmişdir.

Ailəsi

Evlidir, üç övladı var.

Əsərləri
Sovet dönəmində Azərbaycanda dissident fikir cərəyanı. "Oğuz eli" nəşriyyatı, Bakı, 1999. 68 səh.
"Ayna"da qalan izlər. I kitab. "Ayna" mətbu evi. Bakı], 2000. 272 səh.
Mənim ingiliscə-azərbaycanca şəkilli lüğətim. "Ayna" mətbu evi. Bakı, 2000. 71 səh. Tirajı 5000. (Çex Respublikasında çap edilmişdir).
Vəkiloğulları. Tarixi-bioqrafik araşdırma. QAPP-Poliqraf nəşriyyatı, Bakı , 2003. 536 səh.
Kitab nəşri bu gün. (Azərbaycanda kitab nəşrinin monitorinqi). Dərs vəsaiti. "Əbilov, Zeynalov və oğulları" nəşriyyatı, Bakı, 2004. 322 səh.
Dilbazilər. Tarixi-bioqrafik araşdırma. "Əbilov, Zeynalov və oğulları" nəşriyyatı, Bakı, 2007. 392 səh.
Dağ Kəsəmən. Yurd bilgisi, insanlar, talelər. "Apostrof" nəşriyyatı, Bakı, 2009. 488 səh.
Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Apostroff nəşriyyatı, Bakı, 2011. 912 səh.
Respublika KİV-də dərc olunmuş beş mindən artıq məqalə.

İstinadlar



Mənbə
İsmayıl Umudlu. "Ömür dedikləri bir karvan yolu..." Mehdihan-Vekilov-100, "Ayna", 9.5.2002.
İsmayıl Umudlu. Təbrizdə Baş Konsulluğumuz açıldı, "Ayna", 21.10.2004.
İsmayıl Umudlu. Təbriz ziyalıları konsulluğun açılmasını yaxşı qarşılayıblar-"Ayna", 29.10.2004.
İsmayıl Umudlu. Təbrizdən Bakıya təyyarə gəldi. "Ayna", 29.3.2005.
İsmayıl Umudlu. Yaradıcılıq ömrünün izləri. Mehdixan Vəkilovun ədəbi və elmi irsindən ştrixlər. "Respublika", 17.7.2009.
İsmayıl Umudlu. Cavanşir Vəkilov keçib gəldiyi yola uğurla baxır. "Dəli Kür", 30.01.2011.
İsmayıl Umudlu. Tarixçi alim - diplomat. "Respublika", 01.02.2011.
İsmayıl Umudlu. Tarixi hadisələri şəxsi taleyində yaşamaq... "Ayna", 05.02.2011.
İ.Balıoğlu. Ömür dedikləri bir karvan yolu... Mehdihan-Vekilov-110, "Ayna", 15.6.2012.
İsmayıl Umudlu. Ömür dedikləri bir karvan yolu... "Respublika", 21.6.2012.
İsmayıl Umudlu. Mehdihan-Vekilov-110, "Dəli Kür", 30.6.2012 və s.


Tarix: 16.01.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 649 Bölmə: Şairlər və Yazıçılar