beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heydər Hüseynov

Hüseynov Heydər Nəcəf oğlu (3 aprel 1908 - 15 avqust 1950) — görkəmli Azərbaycan sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmələri doktoru (1944), professor (1944), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945). İki dəfə Stalin mükafatı laureatı (1948, 1950).

Həyatı

Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda (indi - Yerevan) tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaçı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər.[1] Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.

Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927-1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. [2]

Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. [1]1931—1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936—1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olmuşdur.

1939—1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945—1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akademiyanın eyni zamanda ictimai elmlər bölməsinin sədri olmuşdur. 1943—1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm - leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiridir. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru olur.

Elmi fəaliyyəti

Heydər Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris etməklə bərabər Azərbaycan dilində fəlsəfəyə aid "Dialektik materializm", "Dialektika və metafizika", "Dialektika və tarixi materializm" adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə yazmışdı. [3]

O, fars dilində sərbəst danışırdı. 1932-ci ildən başlayaraq müxtəlif ali məktəblərdə fəlsəfədən dərs deyir. 1935-ci ildə azərbaycan dilində dialektik materializm, 1939-cu ildə dialektika və metafizika haqqında kitab çap etdirir.[1] 1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak edir, 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik edir.

Heydər Hüseynov 15 iyun 1939-cu ildə Tiflis şəhərində "M.F.Axundovun fəlsəfi görüşləri" adlı dissertasiyasını müdafiə etmişdir. O, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, həmin il professor elmi adını almışdır. [4]

Heydər Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfə verib. O Azərbaycan tərcümə məktəbinin əsasını qoyub, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olub. O 100-dən çox elmi məqalə yazır. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi aparıb.

Həmin dövrdən Heydər Hüseynov 733 səhifəlik " XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" fundamental əsər yazır və 1950-ci ilin mart ayında növbəti Stalin mükafatı alır.[5]

Heydər Hüseynovun yaradıcılığında mühüm yer tutan "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı kitabı rus dilində yazılmış, əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilmişdir. Kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə çapdan çıxmışdır. "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" kitabının redaktoru akademik Aleksandr Osipoviç Makovelski (1884-1969) "Redaktorun ön sözü" adlı yazısında kitabı "XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi" kimi dəyərləndirmiş, öz münasibətini bildirmişdir. [6]

Onun təqibi və ölümü

Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı respublika rəhbərlində dözümsüzlük başlayır. 1950-ci ilin mayında Kommunist Partiyasının MK-nın büro iclasında ciddi tənqid edilir.[7] Onun 19-cu əsrdə Qafqaz fəlsəfi fikir tədqiqi müridizmin təbliğ, sufizmin təqdiri kimi qəbul edilir. Göstərilir ki, kitabın müqəddiməsində " İmam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomen kimi göstərilir ki, bu da marksist ideyalarına ziddir (...), Şamil millətçi hərakatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub."[8].Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadətini qaldırır və vəsadət təmin edilir.

Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlər orqanları və bəzi həmkarları tərəfində əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof 15 avqust 1950-ci ildə damarlarını kəsməklə özünə qəsd edir.

Zakir Məmmədov Heydər Hüseynov haqqında

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov "Fəlsəfi fikrimiz ona laqeyd qalmaq olmaz" məqaləsində Heydər Hüseynovdan bəhs edərkən yazmışdır: "Akademik H.N.Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını élan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı, Stalin mükafatına layiq görüldü. Lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi. XII əsrdə elminə görə hakim tərəfindən təqdir edilmiş, amal və qayəsinə görə isə öldürülmüş Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) taleyi XX əsrdə təkrar olundu". [9]

Mükafatları
İkinci dərəcəli Stalin mükafatı (1948) — "Tam azərbaycan-rus lüğəti"nin yaradılmasına görə (1940—1946)
Üçüncü dərəcəli Stalin mükafatı (1950) — "XIX əsr Azərbaycan ictimai və fələsəfi fikir tarixindən " kitabına görə

İstinadlar
↑ 1,0 1,1 1,2 Philosophers Leave First by Elmira Almasova. Zerkalo. 20 September 2008
↑ Sara Hüseynova. Kitabın taleyi - müəllifin faciəsi. Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı: Zəkioğlu, 2006, səh.9-10
↑ Sara Hüseynova. Kitabın taleyi - müəllifin faciəsi. Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, "Zəkioğlu" nəşriyyatı, 2006. səh. 10
↑ Sara Hüseynova. Kitabın taleyi - müəllifin faciəsi. Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, "Zəkioğlu" nəşriyyatı, 2006. səh. 11
↑ Huseynov, Heydar Najaf oglu. FNKAA.ru
↑ Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Tərcümənin redaktoru: Qardaşxan Əzizxanlı. Bakı, "Zəkioğlu" nəşriyyatı, 2006.
↑ Purged Orientalism: Orientalists Who Were Subject to Repressions in the 1920–50s (rus.)
↑ On the history of the foreign agent schemes in the Caucasian wars. Voprosy istorii. #2. 1951
↑ Zakir Məmmədov. Fəlsəfi fikrimiz ona laqeyd qalmaq olmaz. "Günay" qəzeti, 19 aprel 1995-ci il


Tarix: 15.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 696 Bölmə: Şairlər və Yazıçılar