beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saib Təbrizi

Saib Təbrizi – XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində gözəl əsərlər yaradan klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri.

Həyatı

Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi.

On altıncı əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar. Bundan sonra Saib dövrünün ənənələrinə uyğun olaraq, təhsilini səyahətlərdə davam etdirir. O, Məkkə və Mədinə ziyarətində olur, buradan da Osmanlıya gedir. Burada o, ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri aparır. Az sonra yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılandığından 1625-ci ildə Hindistana gedir. Yolüstü Kabula dönür. Kabul hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moğol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.)

Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan türkcəsində yazılmış məşhur "Vərqa və Gülşa" poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələbəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun "Divan"ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on "Divan"ı varmış.

Saib Təbrizinin atası onun dalınca Hindistana gəlib, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. O, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II Şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına dəvət edir. Saib sarayda məlik-üş-şüəra – şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yaradır.

Saib Təbrizi İran tədqiqatçılarının "İsfahan üslubu" adlandırdıqları yeni poetik cərəyan yaradır. Qeyd olunmalıdır ki, Hindistanda onu farsdilli poeziyanın "Hindistan məktəbi"nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi hünərlərini tərənnüm edir. "Qəndəharnamə" poeması bunların arasında bədii dəyərinə görə xüsusi yer tutur. Bu poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub.

Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pis tərəfə doğru ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir.

Saib ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şeirlərini mövzular üzrə ayıraraq, "Miratül-camal", "Arayişe-nigar" və "Vacibül-hifz" adlı toplular təşkil edir.

Saib böyük bir poetik irs qoyub getmişdir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət özünün "Azərbaycanın görkəmli adamları" kitabında yazır ki, o özü Saibin 120 min beytlik "Divan"ını (poemaları daxil olmadan) gözü ilə görüb.

Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.

Yaradıcılığı

Saib Təbrizinin heykəli

Saib Təbrizinin yaradıcılığı ilə müxtəlif dövrlərdə Seyid Əzim Şirvani, Hüseyn Əfəndi Qayıbov, Firidun bəy Köçərli, akademik Həmid Araslı, şair-ədəbiyyatşünas Balaş Azəroğlu, tədqiqatçılar Həsən Bicari və Məsiağa Məhəmmədi maraqlanmış və onun irsini tədqiq etmişlər. Saibin yaradıcılığı indi İranda, Hindistanda və Qərbdə də intensiv surətdə tədqiq olunmaqdadır. Bütün tədqiqatçılar Saibin istedadını etiraf edir və onun Şərq ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərini qeyd edirlər. Məşhur çex alimi Yan Ripka belə hesab edir ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir. Akademik Krımskinin dediyinə görə, Saib XVII əsr İran şairlərinin ustadıdır. Akademik Bertels onu öz əsrinin Hafizi sayır. Görkəmli hind alimi Şibli Nemani Saibi İran şerinin son böyük şairi adlandırır. Görünür, bu yerdə keçmiş poeziya məktəbi nəzərdə tutulub. Ədəbiyyat tarixində belə bir qanunauyğunluq var ki, şair nə qədər böyükdürsə, onu özününkü hesab eləyən ölkələrin sayı da bir o qədər çox olur. Məlumdur ki, Homer, Nizami, Nəsimi və Şekspir kimi dahilərin üstündə ayrı-ayrı ölkə və şəhərlər arasında belə mübahisələr indinin özündə də səngimək bilmir.

Və görünür, bu tipli mübahisələr heç zaman bitməyəcəkdir, Çünki belə şəxsiyyətlər bütün bəşəriyyətə məxsusdur. Saibin taleyi isə bir qədər başqa cür olub. Onu həm Azərbaycan, həm İran, həm də Hindistan öz şairi hesab edir və bunların heç biri də şairin irsi üçün özünü müstəsna hüquq sahibi saymır. Saib bu ölkələrin hər birinin qarşısında böyük xidmət sahibidir. Şair özünün poetik istedadının pardaqlanmasında Təbrizin rolunu xüsusi qeyd edir, mənşəcə Azərbaycan türkü olması ilə fəxr edir, doğma şəhərini məhəbbətlə tərənnüm edir:

Əgər Sədi Şirazın gilindən yaranıbsa,
Saib tərtəmiz Təbriz torpağındandır.


Tarix: 13.01.2013 / 12:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 849 Bölmə: Şairlər və Yazıçılar