beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəkir Nəbiyev

Nəbiyev Bəkir Əhməd oğlu — Azərbaycan ədəbiyyatşünası, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycanın Əməkdar elm xadimi (1990).

Həyatı

Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947).

Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947-1949). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.

Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-1957). ADU-nun aspiranturasına daxil olmuş, "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1960).

"Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləmişdir (1959-1961). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir (1982-1986).

AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur (2003-2012). "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. Ali məktəblərdə mühazirələr oxumuşdur. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olmuşdur (2002). 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisidir.

Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olmuşdur (1987-2001). Azərbaycan EA partiya komitəsinin katibi (1978-1979), Azərbaycan KP Bakı şəhər komitəsinin plenum üzvü, 26 Bakı komissarı rayon komitəsinin büro üzvü seçilmişdir (1978-1981). Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq şurasının (1965-1985), SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, "Xəbərlər" (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyət fondunun sədri (1987-1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki şurasının, C.Cabbarlı adına "Azərbaycanfılm" studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, "Vətən" cəmiyyəti idarə heyətinin, respublika "Bilik" cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərmişdir.

Bakıda bədii ədəbiyyatda realizm (1966), romantizm (1972) məsələlərinə, Moskvada, Kiyevdə, Tbilisidə, Alma-Atada, Düşənbədə qarşılıqlı ədəbi əlaqələr problemlərinə həsr edilmiş simpoziumlarda (1978, 1980, 1983, 1986, 1989) məruzəçi olmuşdur. Birinci Millətlərarası Azərbaycan Konqresində "Azərbaycan ədəbiyyatı tarixinin yazılması prinsipləri" (Qayseri, 1990), Azərbaycan Mühacirət Ədəbiyyatı simpoziumunda "Azərbaycan ədəbiyyatında qürbət lirikası" (Bakı, 1991), Üçüncü Uluslararası türk kültürü konqresində "Əhməd Cavadın yaradıcılığında türkçülük idealları" (Ankara, 1996), Beynəlxalq Nizami konqresində "Nizami və Gəncə" (Təbriz, 1993), Beynəlxalq Füzuli konqreslərində "Həqirətüs-süəda"nın fikri-bədii vüsəti" (Tehran, 1995), "Aşiqanə sözün bənzərsiz ustadı" (Ankara, 1996), Dördüncü Uluslararası Türk Kültürü Konqresində "Azərbaycan dilinin terminoloji lüğətləri" (Ankara, 1997) mövzularında məruzələr etmişdir. Çexiya, Slovakiya, Yuqoslaviya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış etmişdir.

1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin , 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

15 mart 2012-ci ildə Bəkir Nəbiyev Bakı şəhərində vəfat edib[1].

Mükafatları

Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2010) [2], SSRİ–nin "Xalqlar dostluğu" (1986) və Azərbaycanın "Şöhrət" (2000) ordenləri ilə təltif edilib. Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına (1993-1994), "Ustad" Ali mükafatına (1997), Beynəlxalq TİKA mükafatına (2000) layiq görülmüşdür.

Azərbaycan Dövlət Mükafatı laureatı (1978), "Qızıl qələm" mükafatı laureatıdır (1972).

Əsərləri
Görkəmli tənqidçi və ədəbiyyatşünas. Bakı: Azərnəşr, 1963, 162 səh.
Müasirlik və sənətkarlıq uğrunda. Bakı: Azərnəşr, 1966, 127 səh.
Sovet Azərbaycanı: Ədəbiyyat və incəsənət 50 ildə Bakı: Azərnəşr, 1970, 103 səh. (şərikli)
Süngüyə çevrilmiş qələm. Bakı: Azərnəşr, 1970, 214 səh.
Ədəbi düşüncələr. Bakı: Gənclik, 1971, 160 səh.
Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Müxtəsər bələdçi. Bakı: Elm, 1975, 34 səh.
Tənqid və ədəbi proses. Bakı: Azərnəşr, 1976, 153 səh.
Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. Bakı: 1977, 329 səh.
Təzə izlər sorağında. Bakı: Yazıçı, 1979, 216 səh.
Kamalın təntənəsi. Bakı: Yazıçı, 1981, 397 səh.
Müasirlərimiz bədii ədəbiyyatda. Bakı: Bilik, 1983, 69 səh.
Ədəbiyyat (V sinif üçün dərslik). Bakı: Maarif, 1984, 304 səh. (şərikli).
Söz ürəkdən gələndə. Bakı: Yazıçı, 1984, 284 səh.
Mənalı ömürdən səhifələr. Firidun bəy Köçərli. Bakı: Gənclik, 1984, 227 səh.
Roman və müasir qəhrəman. Bakı: Yazıçı, 1987, 295 səh.
Özümüzdən başlayaq. Bakı: Elm, 1980, 292 səh., 3.200 nüs.
Əhməd Cavad. Bakı: Gəncə nş, 1993, 128 səh.
Almaz ildırım. Bakı: Sabah, 1994, 260 səh.
Ölümsüzlüyün sirri. Bakı: Elm, 1994, 200 səh.


Tarix: 14.01.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 922 Bölmə: Şairlər və Yazıçılar