beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Baxış

Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı

Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969).

Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).

"Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Vladivostokda keçirilən Umumittifaq poeziya festivalında iştirak etmişdir (1985). Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə çevirmişdir.

Kukla teatrı onun "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir (1982). Bu pyes Mərdəkan xalq teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür. "Azərbaycan" jurnalında çap etdirdiyi "Qaravun dərənin dükançası" (1981) onun ilk nəsr əsəridir. "Uzun Həsən" pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. Özbəkistanın ürək dostları klubunun fəxri üzvü seçilmişdir (1992).

1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir. Burada Xırdalan qəbristanlığında dəfn olunmuşdur.
Rejissor, aktyor Tural Ağayevin atasıdır.

Əsərləri
İydə çiçəyi. Bakı: Gənclik, 1977, 34 səh.
Üçtəpə bayatıları. Bakı: Gənclik, 1979,72 səh.
Allı qız, ballı qız, xallı qız. Bakı: Gənclik, 1983, 80 səh.
Ağ saçların işığı. Bakı: Yazıçı, 1985, 88 səh.
Qara ilə Qaracanın nağılı. Bakı: Gənclik, 1986, 96 səh.
Deyə bilmədiyim sözlər. Bakı: Yazıçı, 1988, 80 səh.
Atlı oğlanlar. Bakı: Gənclik, 1990, 160 səh.
Ölüsü ilə ərəbcə, dirisi ilə rusca. Bakı: Yazıçı, 1994, 128 səh.

Tərcümələri
Puşkin A.S. Çiçək, Arzu, Morfeyə (şeirlər). "Bakı", 1987, 6 fevral, s.4.
Rojdestvenski R. Gözləmə zalı (şeirlər). "Azərbaycan gəncləri", 1972, 14 sentyabr, s.3.
Şukşin V. Xoruzun üçüncü banlaması (povest). "Azərbaycan", 1979, N 9, s.55-98.

Filmoqrafiya
Humayın yuxusu (film, 1985)
Ürək Yaman Şeydir... (????)

Haqqında olan ədəbiyyat
S.Alışarlı. Yaşılım, yaşılım, hara gedirsən? (E.Baxışın ölümü münasibətilə). "Azadlıq" qəzeti, 1996, 30 may, s.2.
H.Kürdoğlu. Ağacların çiçək açır (Bu gün mərhum şairimiz Eldar Baxışın xatirə günü keçirilir). "Ədəbiyyat qəzeti", 1997, 16 may, s.8.
N.Əhmədli. Şair Eldar Baxışın xatirəsinə (şer), "Yeni Azərbaycan" qəzeti, 2002, 3 may, s.12.
X.Natil. Eldar Baxışa. Özümə. Adımı içimdə çəkirəm və s. (şerlər). "Azərbaycan" jurnalı, 1997, N 5-6, s. 117-120.
Ş.Rza. Küsməyə dəyər, nəyinə gərəkdir söz adamların; Eldar Baxışa; (şerlər). "Azərbaycan" jurnalı, 1997, N 5-6, s.35-37
Təbrik edirik (Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə E.Baxışın "Araz" ali ədəbi mükafata layiq görülməsi haqqında məlumat). Azərbaycan, 1995, 27 may, s.4.
A.Türkoğlu. Eldar Baxış işığına yığışdığımız may gecəsindən fraqmentlər... ("Natəvan" klubunda keçirilən şairin xatirə gecəsi haqqında). "Azadlıq" qəzeti, 1997, 20 may, s.7.


Tarix: 14.01.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 671 Bölmə: Şairlər və Yazıçılar