Getdikcə daha cox yeniyetmələr esrar və digər yüngül narkotik vasitələrdən istifadə etməyə başlayır. 2005-ci ildə aparılmış tədqiqatlar göstərir ki, 17 yaşda olan gənclərin 50,3%-i hec olmasa bir dəfə də olsa narkotik maddələrdən istifadə ediblər. 2000 –ci ilin statistikasında isə bu rəqəm 45.5% olub. Bu faktlar gənclərin getdikcə narkotik maddələrə meylinin artmasını göstərir.Gənclərin çoxu hesab edir ki, yüngül narkotik maddələr zərərsizdir və bunlardan bir necə dəfə istifadə etsələr, heç bir ziyanı olmayacaq. Belə yanlış fikirlər çox vaxt gənclərin narkotik maddələrə alüdə olmasına gətirib çıxarır. Bu risk qrupuna daha çox özünə qapanan, öz fikir və düşüncələrini, problemlərini ətraf mühitdən gizlədən yeniyetmə və gənclər daxildir.
NARKOTİK MADDƏLƏRƏ MARAĞIN SƏBƏBLƏRİ
Bəs, niyə yeniyetmələr esrar və başqa narkotik maddələrdən istifadəyə maraq göstərir? Bu sualı narkotik maddələrdən asılılıqdan əziyyət çəkən gənclərə verəndə əksər hallarda belə cavab verirlər: "Esrar mənə stressdən kömək edir”. Gənclərə narkotik maddələr əsl psixoloji problemlərdən azad olmaq üçün asan yol kimi görsənir. Lakin onlar narkotik maddələrə qurşanmaqla daha böyük bəlalara düşəcəklərinə inanmırlar.
Əksər hallarda yeniyetmələr özləri də bilmədən valideynlərinə esrardan istifadə etdikləri barədə məlumat verirlər. Bu onlardan gələn spesifik iy və ya otaqda yaddan çıxıb qalmış kül ola bilər. Bu artıq valdeynlər üçün uşaqların daha çox qayğı və diqqətə ehtiyacları olduğu haqda bir siqnaldır. Belə yeniyetmələr hesab edirlər ki, narkotik maddələr onları daha sərbəst və xoşbəxt edir. Onların fikirincə, bu vasitə ilə öz adi yaşayış tərzini daha maraqlı və daha fəal edə bilərlər. Narkotik maddələrin insanı xoşbəxt, qayğısız və rahat etməsi kimi fikirlər adətən onlarda asılılığa gətirib çıxarır. Belə vəziyyətdə övladlarını bu fikirlərdən yayındırmaq kimi böyük məsuliyyət valideynlərin üzərinə düşür . Çıxış yolu tez tapılmasa, yeniyetmələr özlərinə daha çox qapanacaq və ya ancaq onlar kimi düşünən insanlarla ünsiyyət qurmaq səviyyəsinə enəcəklər.
Adətən narkotik maddələrə alüdə olanlar düşünürlər ki, "istədiyim vaxt ataram". Bəzən insanlarda esrar, heroin və ya spirtli içkilər asılılıq yaratmır kimi fikirlər yaranır. Lakin valideynlər belə hallarda daha diqqətli olmalı və narkotik maddələrdən istifadənin yaxşı nəticələnməyəcəyini izah etməlidirlər.
Belə hallarda valideynlər uşaqların narkotik maddədən necə istifadə etməsi barədə məlumat toplamağa başlamalıdırlar. Misal üçün, gündə neçə dəfə narkotik maddədən istifadə etməsi, hansı gənclərlə görüşdüyü zaman narkotik maddəni qəbul etməsi və ya mütəmadi hal alıb-almaması, bu narkotik vasitələrin necə əldə edilməsi kimi məlumatları toplayıb təhlil etmək lazımdır. Uşaqlarla bu vasitələrdən istifadənin nə ilə nəticələnəcəyi barədə ətraflı söhbət etmək, narkotik maddələrin təsirindən görmə qabiliyyətinin azalmasını, beynin fəaliyyətinin zəifləməsini və gələcəklərinə böyük zərbənin vurulması haqda izah etmək lazımdır.
Qeyd edək ki, narkotik maddələrdən istifadə edən yeniyetmələr zehni fəaliyyət və ya idmanla məşğul olmaqdan imtina edir və əksər hallarda əvvəlki ətraf mühitlərindən, dostlarından üz çevirirlər . Əgər sizin uşağınız belə vəziyyətə düşübsə, onunla dah çox vaxt keçirin. Onda narkotik vasitələri atmağa maraq oyadın. Belə vəziyətlərdə ona sağlamlığı və taleyi haqqında fikirləşməsi üçün şərait yaradın və övladlarınıza sizin üçün çox dəyərli olduqlarını tez-tez deyin. Uşağa imkan yaradın ki, özü belə vəziyyətin onun üçün təhlükəli olduğunu və narkotik maddələrin təsirinin neqativ tərəflərini dərk etsin.
Əgər yeniyetmə sizinlə razılaşmırsa və ya sizin istifadə etdiyiniz spirtli içkinin və tütün məmulatlarının da orqanizm üçün zərərli olduğunu deyirsə, nümunəvi valideyn olmaq üçün bu məhsullardan istifadəyə son qoymağınız məsləhətdir. Bunu etdikdən sonra övladınız sizin sözlərinizə daha çox inanacaq və onun gözündə hörmətiniz artacaq. Nəticədə o, sizdən nümunə götürərək bu vasitələrdən istifadəni dayındıra biləcək.
Tarix: 06.01.2015 / 16:46 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Valideynə məsləhət