Övladınız dünyaya göz açdığı gündən yavaş -yavaş danışmağı öyrənir. Övladınız danışmağı sizdən öyrənəcəkdir. Bunun üçün mütəmadi olaraq onunla söhbət etməlisiniz. Yatızdırarkən oxuduğunuz layla, oyandıqdan sonra oxuduğunuz nazlama bu işdə sizə çox böyük kömək edəcəkdir. Əgər uşağınızla danışmasanız, o da danışmağı öyrənə bilməyəcək.
Övladınıza nitq vərdişlərini aşılamaq, düzgün və səlis danışmağı öyrətmək üçün sizə mütəxəssislərin bəzi məsləhətlərini təqdim edirik:
Uşaq bir əşyanı və ya hərəkəti başa salarkən, eləcə də, sizə nə isə verərkən hər zaman həmin əşya və ya hərəkətlə bağlı olan sözləri istifadə edin.
Uşaq istədiyi bir şeyi işarə etdiyində onu verərkən mütləq əşyanın adını da deyin. Uşaqla danışarkən uzun-uzadı cümlələrdən istifadə etməyin və sürətli danışmayın. O zaman uşağın diqqətini başqa yerə yönləndərmiş olursunuz.
Mətbəxdə, vanna otağında, yemək otağında harada olursunuz olun, uşağınıza etdiyiniz hər işin asan və qısa cümlələrlə izahını verin. Gözləyin və onun da sizə cavab verməyi üçün ona vaxt verin. Uşağın yerinə özünüz cavab verməyin. Onun mütləq verilməli bir cavabı olacaqdır.
Yüngül əmrləri yerinə yetirmək üçün uşağınızın vaxta və təcrübəyə ehtiyacı olacaqdır. "Şalvarını geyin", "Qəzeti atana ver", "Ayaqqabılarını geyin" kimi sadə cümlələrlə uşağı buyurun.
Müxtəlif iki və ya üç sözü birləşdirib cümlələr yaradın və təkrar-təkrar deyərək uşağınıza köməkçi olun.Həmçinin övladınıza çoxlu uşaq kitabları oxuyun. Ona oxuduğunuz kitablar həm nitqini, həmdə yaddaşını gücləndirəcəkdir.
Danışmaq uşaq üçün də maraqlıdır.
Uşağınızın danışmağı üçün imkan yaradın. Unutmayın ki, sevdiyi və zövq aldığı şeyi təkrar edəcəkdir.Əgər kiçik cəhdlə də olsa yeni söz demək istəyirsə, ona imkan yaradın, sözünü desin . Axırda hər şey mükəmməl olmasa belə, əziyyətinə görə onu öpün və tərifləyin.
İstədiyini deməsi üçün onu həvəsləndirin. Əgər dediklərin başa düşmədinizsə, səbirlə bir də deməyini gözləyin.
Valideynləri ən çox narahat edən sual budur, "Övladım nə vaxt hansı sözləri deməlidir?"
Əziz valideynlər, unutmayın ki, hər uşaq fərqlidir. Hər uşağın özünəməxsus, fərdi inkişaf xüsusiyyətləri vardır. Bəzi uşaqlarda gecikmələr də ola bilər.Ancaq ciddi bir xəstəliyi yoxdursa, davamlı ünsiyyət və uşaqla "işləməklə" uşaqlarda çox düzgün və səlis nitq vərdişləri formalaşdırmaq mümkündür.
Tarix: 06.01.2015 / 16:42 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Valideynə məsləhət