Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları Döymək Olarmı? - Psixoloq Rəyi.

Çinlilərə görə həyatını xilas etdiyiniz insanın həyatına məsuliyyət daşıyırsan. Pis, yaxşı etdiyi hər şey sizi də maraqlandırır.
Uşaq ağlayaraq su istəyirdi. Anası isə "qələt edirsən!” deyərək yola davam etdi. Keçən il də bir qadını uşağın başına vuranda görmüşdüm. Belə qadınlarla çoxumuz rastlaşırıq.Hamının uşağı olmamalıdır deyəndə adamı qınayırlar. Axı belə insanların niyə də uşağı olmalıdır? Məgər belə insanlar fərd yetişdirmək üçün dünyaya uşaq gətirir? Belə olduğunu düşünmürəm. Belə insanlar, insanlar tərəfindən "sonsuz” statusuna sahib olmamaq üçün dünyaya uşaq gətirirlər, ən yaxşı halda isə evliliklərini qorumaq üçün.Belə insanlar axı niyə ana olmalıdır? Dünyaya gətirdikləri uşaq yeniyetməlik dövrünə qədər kifayət qədər travma alır, yeniyetməliyi necə keçəcək, necə insanların ətrafında gəncliyini keçirəcək, bunu heç kim bilmir. Elə insanlar sonsuz olur ki, adam eşidəndə heyflənir. Məhz belə insanın dünyaya uşaq gətirib tərbiyə etdiyi, böyütdüyü uşaq bəlkə də insanlığa daha yararlı ola bilərdi.Əlbəttə, müəyyən yaşdan sonra insanı ətrafı formalaşdırır. İnsan yetkinləşir və sosiallaşır. Amma bir uşaq axı niyə uşaqlığında travma almalıdır? Niyə görə təhqir edilməlidir? Əgər sənin mənəvi və maddi gücün uşağa baxmağa çatmayacaqsa nəyə görə onu dünyaya gətirərək şikəst, bədbəxt edirsən? Axı kim sənə bu haqqı verib? Axı ana, ata olmaq ancaq uşaq dünyaya gətirməklə bitmir. X. Hass necə deyir: "Qadın doğa bilən varlıqdırsa, deməli, mütləq doğmalıdır; azərbaycanlı məntiqində bioloji imkan ictimai zərurətə çevrilir. ”Ümumiyyətlə uşağın gələcəyini düşünmədən, imkansızlıqda bir səhv edib dünyaya uşaq gətirib sonra onu uşaqlar evinə qoyan adam, uşağını döyən, söyən, alçaldan adamdan daha yaxşıdır. Heç olmasa birinci tiplər dünyaya gətirəndən sonra daha onu təhqir edib, alçaltmır. Onu, ondan daha yaxşı baxacağını düşündüyü (!) bir yerə əmanət edir. Qohum-qonşuda, jurnallarda gördükləri uşaqların sevimliliyinə aldanıb dünyaya uşaq gətirirlər. Sonra uşağı televizorun qabağında unudurlar. Uşağa verdikləri tək şey qohum-əqrəba həyatının incəlikləri və söyüşdür. Belə insanlar qətiyyən ana və ya ata statusuna layiq deyil. Çoxumuz indi uşaqlıqda kiminsə üstümüzə acıqlandığını, bizi vurduğunu, söydüyünü xatırlaya bilirik. Kiminsə yanında pərt edildiyimizi xatırlayanda hələ də utanırıq, buna gülə bilsək də.Axı nəyə görə uşaqlara normal uşaqlıq verməkdənsə onları aşağılayırıq? Bizə kim bu haqqı verib? Ana və ata olmağa məcbur deyilik. Gələcəkdə tək qalmamaq üçün dünyaya uşaq gətirib, onu, hələ heç anlamayan, çox şeyi dərk etməyən vaxtlarında döyürük. Uşaqlarını döyən insanlar nə zaman övladlarının maraqları, həvəsi, düşüncələri, dostları ilə maraqlanıb? Nə zaman nağıl oxuyub ona? Onunla söhbət edib, nəyisə səbirlə başa sala bilib? Belə şeyi heç ehtimal eləmirəm. Doğrusu, səlahiyyətim olsa, uşaqları vuran, onları təhqir edən, alçaldan, incidən adamların əlindən uşaqları götürüb onlara daha yaxşı baxacaq insanlara verərəm.Psixiatr Erol Göka deyir ki, bir cəmiyyətin necə olduğunu bilmək istəyirsinizsə həmin cəmiyyətin birinci qadınlarına, sonra uşaqlar və gənclərinə baxın. Düz demirmi? Evdə, bağçada, məktəbdə zamanımızın çoxunu qadınlar ətrafında keçiririk – ana, dayə, orta məktəbdə müəllimə. Həmişə uşaqlarını döyən, söyən qadınları görəndə Erol Gökanın dediklərini xatırlayıram.Uşaqlığında döyülən uşaqlar da böyüyəndə, əlbəttə ki, çox yaxşı adam, sahəsində çox bacarıqlı insanlar ola bilər. Niyə də yox? Amma əgər yeniyetməlik dövründə qarşısına doğru insanlar çıxsa, həyatının ailədən az bir az ayrı, daha sərbəst keçdiyi dönəmlərində qarşısına yaxşı, savadlı insanlar çıxsa, həmin uşaq da yaxşı, sahəsində bacarıqlı biri ola bilər. Amma bəs çıxmasa? Onları kimə əmanət edirik? Heç kimə! Onlara qarşı səbirli, təmkinli olmağa çalışmalıyıq. Bunu bilirik və bu, bizim borcumuzdur. Bunu təkcə mən demirəm. Bu barədə psixoloq Əfsanə Şahmuradın da rəyini öyrəndim:"Elə insanlar var ki, öz uşaqlarını döyməyə bilmirlər. Onların hamısı bunun uşaq üçün pis olduğunu bildikləri halda onları döyməyə davam edirlər. Onlar niyə belə edirlər? Bir çox valideyn uşağını döyməyi təxminən eyni səbəblərlə əsaslandırır. Bunlardan ən geniş yayılmışı "məni də döyüblər”dir. Döyülən uşaqlar nəsli buna dözüb, böyüyüb və indi bundan öz uşaqlarını döymək üçün arqument kimi istifadə edir.Onlar təxminən belə düşünürlər: məni döyüblər, heç nə olmayıb və ya uşaq döyülər. Adətən səthi insan kimi xarakterizə olunan belə valideynlər heç vaxt özlərinə uşaqlıqlarını yada salmaq əziyyətini vermirlər. Səni döyürdülər, amma bu sənə xoş idimi, bu sənə nəyisə başa sala bilirdimi, sən nə vaxtsa sənə olan fiziki cəzanın ədalətli olduğunu düşünmüsənmi? Saatlarla ağlamağını, ürəyinin qəzəblə dolmağını xatırlamaq istəmir bu valideynlər.Və özlərinin bütün uşaqlıqları boyu qaçmağa, yayınmağa çalışdıqları şeyi öz övladlarına rəva görürlər. Əlbəttə onlar deyə bilər ki, bundan uşaqlar ölmür. Düzdür, döyülməyə dözmək olur, onu yaşayıb atlatmaq olur. Çox uşaq buna dözür və böyüyür. Böyüdükdən sonra onların çoxu valideynlərini bağışlayır. Amma döyülməyən uşaqla döyülən, əlbəttə eyni ola bilmir. Döyülməyən uşaqlar döyülənlərə nisbətən daha xeyirxah və mehriban olurlar. Döyülən uşaqlar qəddarlıqları ilə fərqlənirlər.”Uşaqları niyə döyürsüz?” sualına valideynlərin verdiyi ikinci ən məşhur cavab "başqa cür başa düşmürsə nə edək”dir. Bu cavabdan adama elə gəlir ki, onu deyən insan özü artıq bütün dünya həqiqətlərindən agahdır, uşaq ikən də hər şey ona məlum idi və buna görə də indi onun qarşısında nə yolla olur olsun öz uşağını başa salmaq vəzifəsi durur. Ancaq belə valideynlər özlərinə sual verməlidirlər: mən özüm başa düşürəmmi ki, mənim uşağım indi məni başa düşə bilmir, o sadəcə buna qabil deyil? Mən onu olduğu kimi qəbul edə bilirəmmi?Öz uşaqlığımızı xatırlamalıyıq. Valideynlər, müəllimlər bizə bəzən ən adi şeyləri belə dəfələrlə izah etməli olublar axı. Dəfələrlə səhv etdikdən sonra əldə etdiyimiz təcrübə nəticəsində müəyyən doğruları dərk etmişik.Valideynlər uşaqları döyməklərini əsasən onlar üçün narahat olmaqları ilə əsaslandırırlar: birdən əlini bıçaq kəsər, birdən qolu sobada yanar, birdən yolu keçəndə maşın onu vurar və s. Buna görə də onları mümkün təhlükə haqqında xəbərdar etmək üçün və ya səhvlərin təkrarlanmasının qarşısını almaq üçün onları döyürlər. Lakin bu zaman valideynlər öz vəzifələrini, valideyn rolunun onların qarşısında qoyduğu tələbləri unudur. Valideyn elə onun üçün lazımdır ki, uşağının yanında olsun, dünyanı dərk etdiyi və hələ müdafiəsiz olduğu müddətdə onu mümkün təhlükələrdən qorusun. Uşağın bıçaqla tanışlığı valideynin müşayiəti ilə olmalıdı, odla davranmağı valideyndən öyrənməlidi. Bu daha məntiqli və adekvat çözümdür. Odla və ya bıçaqla maraqlanan uşağı bu marağına görə döymək isə əlbəttə ki, psixopatların işidir.Yaşı nisbətən çox olan uşaqlar hansı səhvlərinə görə döyülərək cəzalandırıldıqlarını əlbəttə anlayacaqlar. Amma əmin olun ki, onlar bir şeyi heç vaxt anlamayacaqlar: belə qəddar olmağa nə ehtiyac vardı axı?!Üçüncü ən geniş yayılmış bəhanə isə "mənim hövsələm çatmır”dı. Bu yəqin ki, bəhanələrin ən iyrəncidir. Hətta qorxuncu. İnsan istər istəməz sual verir: niyə hövsələn çatmır, bəs sənin səbrin, hövsələn nəyə çatır?Axı bizim xalq kimi həmişə ən çox öyündüyümüz xüsusiyyətlərimizdən biri ailə institutunun möhkəmliyi, ailələrin uşaqsevər olması filandır. Reallıqda isə uşağını döyməyən ailə tapmaq imkansız bir şeyə oxşayır. Bəs müqəddəs ana, məğrur ata, qəlbi yumşaq qadın, mərd kişi obrazları hardadır? Azərbaycan insanı bunlardısa bəs uşaqları kim döyür? Azərbaycan insanı budusa niyə bağçalar, məktəblər söz deyəndə diksinən uşaqlarla doludur? Əgər dünyada övladdan daha şirin heç nə yoxdursa bu insanların ürəyi necə onları döyməyə imkan verir?Məsələ burasındadır ki, uşağa yerinə yetirilməli bir normativ, gələcəyin təminatı, dost-düşmən çəpəri kimi baxan toplumun onu həqiqətən sevməsi mümkün deyil. Valideynin öncəliyi uşağı və onun hiss etdikləri, fikirləri, şəxsiyyəti olmalıdır. Lakin özü valideyn bir şəxsiyyət kimi dəyər görməyən gənc olduqda uşağı ilə necə davranacağını bilmir”."Əvvəlcə onu demək lazımdır ki, döyməyin azı-çoxu yoxdur. "Ağrıtmadan vurdum”, "yüngülvarı ilişdirdim” kimi ifadələrlə özünə bəraət qazandırmamalıdır valideyn. Çünki istənilən fiziki cəza uşağın kövrək psixikasını zədələyir. Müəyyən olunub ki, döyülən uşaqların mənəvi və intellektual inkişaf tempi döyülməyənlərinkindən əhəmiyyətli dərəcədə aşağıdır. Bundan başqa döyülən uşaqların ciddi özünə inam və başqalarına güvən problemi olur. Ən sevdikləri insanların onları döyməsi, təhqir etməsi nəticəsində artıq özləri də pis olduqlarına inanmağa başlayırlar.Həmçinin ən sevdikləri insanların belə onları incidə bilməsi, digər insanlara qarşı güvənsizlik yaradır. Lakin mənim fikrimcə döyülmənin uşaqlarda yaratdığı ən ciddi problem isə onların başqalarına qarşı zorakılıq tətbiq etməyi yolverilən hesab etməsidir. Döyülən uşaq əlbəttə ki, başqalarını döyməyə meylli olacaq.Hələ uşaq ikən bacı-qardaşını, sonra bağçadakı, məktəbdəki uşaqları, sonra həyat yoldaşını və öz övladlarını. Yəni döyülən uşaq döyməyi öyrənir. Halbuki uşaqlarımızı qayğıkeş, insansevər biri kimi yetişdirmək mümkündür. Onlara qarşı belə olaraq, əlbəttə ki, valideyn olmağın çətinliyini nəzərə alırıq. İnsanın bəzən özünü idarə edə bilmədiyi hallar olur. Kiçik bir hərəkət edir övladına qarşı. Bu hal həyat boyu bir dəfədən artıq olmamalıdır. Qalan hallarda döymək mütləq uşaq psixologiyasına mənfi təsirini göstərəcək. Onu qorxaq, özünəinamsız, başqalarına güvənməyən, kompleksli, qəddar insana çevirəcək. Həm də anlamaq mümkün deyil, axı o körpə əllərə, ayaqlara, başa, yana, o balaca, sevimli bədənə vurmağa necə əli gəlir insanın? ”Lütfən, yolda uşağını döyən, ona pis davranan birini görəndə həmin adama müdaxilə edək. Dünyaya uşaq gətirməyə mənəvi, maddi gücümüz yoxdursa tələsməyək. Hər şey uşağı dünyaya gətirməklə bitmir. Elə hər şey onu dünyaya gətirməklə başlayır. Uşaqlardan ailəmizi qorumaq, başqa, pis niyyətli insanların bizə "sonsuz”, "tənə”lərindan yaxa qurtarmaq üçün istifadə etməyək. Məsuliyyətimizi başa düşək.


Tarix: 06.01.2015 / 14:03 Müəllif: Aziza Baxılıb: 190 Bölmə: Valideynə məsləhət
loading...