Bu yolla uşaqları öpüş xəstəliyinə yoluxdururuq
Bəli, çox şirindilər körpələr... Öpməsən olmur. Ona sevgi göstərmək üçün öpüşlərə qərq eləmək nə qədər xoş, ziyansız görünsə də, təəssüf ki, elə deyil. Əslində körpələri dodaq və ağız çevrəsindən öpmək ciddi xəstəliklərə yol aça bilər.
Yeni doğulmuş körpələri ağız və ağız ətrafından öpmək yoluxucu xəstəliklərə səbəb olur. Xalq arasında "Öpüş xəstəliyi" adlanan Ebstein Barr Virusu (EBV) bu yolla yoluxur. Öpüş xəstəliyi qızdırma, membranlı farengit, limfa düyünləri və dalaqda xəstəlik, qaraciyər böyüməsi kimi xəstəliklərə səbəb olur.
EBV virusuna yoluxmanın əsas qaynağı tüpürcəkdir. "Öpməyə doymadım, çox şirindi. Yemək istədim" kimi sözləri çox eşitmisiniz. Ancaq bütün bunlar, uşağı bu qədər çox öpmək doğru deyil. Hələ tanımadığımız, yad birinin uşağımızı öpməsinə icazə verməyimizin özü də böyük bir səhvdir.
Ürəyimizdəki uşaq sevgisi bizə hər şeyi elətdirir. Küçədə gedərkən gördüyümüz, tanımadığımız şirin bir uşağı tez tutub öpürük, ancaq bilmirik ki, bu yolla uşaqları öpüş xəstəliyinə yoluxdururuq.
İnfeksiya daşıyan, bu EBV virusu tüpürcəkdə daşınır. Valideynlər nə olursa olsun uşağını öpməyə çalışan hər kəsi xəbərdar etməlidir. Ağız və ağız ətrafından öpmələrinə icazə verməməlidir. Xəstəlik ilk əvvəl qızdırma, iştahsızlıq, baş ağrısı, titrəmə ilə başlayıb, limfa düyünlərində şişmə və şiddətli boğaz ağrısı ilə nəticələnə bilər. Bu virus körplərdə qızdırmanı 39-40 dərəcəyə qədər yüksəldə bilir.
Odur ki, öpüş xəstəliyinin qarşısını almaq üçün körpəni öpmək istəyən insanlara xəbərdarlıq etmək lazımdır.
Tarix: 06.01.2015 / 15:59 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Valideynə məsləhət