Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları oğurluq etməyə sövq edən amillər

Məktəbəqədərki yaş dövrü 3-6 yaş arasını əhatə edir. Bu yaş dövründə uşaqlarda oğurluq halları müşahidə olunur. Lakin bu yaş aralığında müşahidə olunan oğurluq hadisələrinin spesifik motiv və səbəbləri vardır.
Uşaqlarda oğurluq halları yeniyetmələrdən fərqli olaraq "prestij” xarakteri daşımır. Yəni, onlar yeniyetmələr kimi həmyaşıdları arasında öz mövqeylərini sübut etmək üçün və ya kiminləsə şərt kəsib oğurluğu planlamırlar. Eyni zamanda uşaqlarda qrup halında oğurluq müşahidə olunmur.

Uşaqları oğurluq etməyə sövq edən motivlərin bir neçəsi bunlardır:
1. Nəyəsə sahib olma arzusu (adətən oyuncaqlara);
2. Yaxınlarından kiməsə hədiyyə vermək arzusu;
3. Hər hansı bir əşyaya sahib olduğu üşün yaşıdlarının diqqətini özünə çəkmə istəyi;
4. Kimdənsə acıq alma duyğusu.

Uşaqları oğurluğa sövq edən motivlər içərisində tez-tez rast gəlinən hal kiməsə məxsus olan əşyanın onun olması istəyidir. Uşaq çoxdan arzusunda olduğu oyuncağı həmyaşıdında görür, heç düşünmədən götürür gizlədir və evə gətirir. Məktəbəqədər yaşlı uşaqlarda bu cür davranışın səbəbləri onların "mənim”, ”sənin”, "məxsus olmaq”, "şəxsi”, "özgənin” və s. bu kimi anlayışların mənalarından xəbərsiz olmalarıdır. Məhz bu cür anlayışların böyüklər tərəfindən uşaqlara aydınlaşdırılmaması, izahının verilməməsi uşaqları bu tərz hərəkətlər etməyə sövq edir.
Uşaqları oğurluq etməyə sövq edən motivlər içərisindəki ikinci səbəb (yaxınlarından kiməsə hədiyyə vermək arzusu) eyni ilə uşaqlarda oğurluq anlayışının düzgün izah olunmamasından irəli gəlir.

Bu yaş dövründə uşaq bu və ya digər yolla sevdiyi insanlara hədiyyə almaq istəyir. Valideynlər uşağın bu hislərinə məhəl qoymadıqda uşaq düşünmədən başqasında bəyəndiyi əşyanı götürüb istədiyi insana verəcək. Bunun qarşısını almaq üçün valideyinlər uşağın kimə hədiyyə vermək istədiyini öyrənib onunla birlikdə ya dəyəri çox kiçik olan, ya uşaqla birlikdə hazırlana biləcək (rəngli kağızlardan açıqça, birlikdə çəkilmiş rəsm və s.) hədiyyələr hazırlayıb ona verməkləri daha məqsədəuyğundur. Bu zaman uşaqların həm fantaziyası güclənir, həm də özünə güvəni formalaşır. Uşaqları oğurluq etməyə sövq edən motivlər içərisindəki üçüncü və dördüncü səbəb adətən məktəbəqədərki yaş dövrünün sonlarında və kiçik məktəbli dövründə müşahidə olunur.

6-7 yaşlı uşaqlar artıq içərisində olduqları qruplardan narahat olmağa başlayırlar və məqsədli şəkildə kimisə sevmədikləri zaman onlardan özünəməxsus şəkildə qisas alırlar. Bu yaşda uşaqlar kimisə incitməyin nə olduğunu başa düşürlər. Lakin onlara elə gəlir ki, kimisə incitmək üçün gərək ona məxsus olan nəyisə ondan alsınlar. Bu zaman qarşı tərəfdən qisas almış olur.B elə hadisələrlə rastlaşan valideyinlər çox əsəbləşirlər. Adətən də gileylənirlər ki - "uşağın dostundan götürdüyü əşyadan onun özündə də var. Lakin valideynlər eyni əşyanın övladında ola-ola niyə eyni dostundan oğurlağının səbəbini diqqətdən kənarda buraxırlar. Nəzərə almaq lazımdır ki, bəzən valideynlər bilməyərəkdən bir çox hallarda özləri uşaqları bu tərz davranışlara sövq edirlər. Məktəbəqədər yaşlı uşaqlar elə psixologiyaya sahibdirlər ki, düşünmədən impulsiv hərəkətlər edə bilərlər (dostunun əşyasını götürmək kimi). Bu impulsivlik çox vaxt valideyinlərin uşaqlara verdikləri "burda və indi” kimi əmrlərinin əsasında formalaşır. Uşaqlara bu tərz əmrlərin verilməsi biz psixoloqlar tərəfindən məsləhət görülmür. Onların da artıq bir şəxsiyyət olduğunu unutmaq lazım deyil və onlara da gördükləri hər işdə seçim hüququ verilməlidir. Uşaqlarda oğurluq halları ailədaxili münaqişələr zamanı da baş qaldırır. Ailədə şiddət görən və diqqətdən kənar qalan uşaqlar oğurluğa meylli olurlar.
Unutmaq lazım deyil ki, məktəbəqədər yaşlı uşaqlar çox vaxt böyüklərin elədiklərini təqlid edirlər. Öz uşağına oğurluğun pis şey olduğunu öyrədən valideyin işdən evə nəyisə gətirdiyi zaman uşaqda fikir ayrılığı formalaşır.

Bir psixoloq olaraq valideyinlərə bildirmək istəyirəm ki, məktəbəqədər yaş dövründə olan uşağınıza oğurluğun nə demək olduğunu başa salın. Uşaqları qorxudaraq və ya hədələyərək (oğurluq eləsən sənin əlini kəsərəm, oğurluq eləsən Allah baba sənin gözünü kor edər və s. bu kimi ifadələr işlətməyin) yox, əşyasını götürdüyü dostunun duyğuları, hisləri haqqında məlumat verərək (Sən dostunun oyuncağını götürmüsən bu düzgün deyil, indi o özünü çox pis hiss edir. Bax sənin atan aldığı ən sevdiyin maşınını kimsə səndən alsa sən özünü necə hiss edərsən… və s. bu kimi ifadələrlə) öyrədin. Uşaq gərək hər mənada oğurluğun pis bir şey olduğunu anlasın. Valideyinləri bir hərəkətdə diqqətli olmağı tövsiyyə edirəm ki, heç bir halda əsəbi olduğunuz zaman uşaqla danışmayın. Çünki ani olaraq əsəblərinizi cilovlaya bilməyərək uşağa istəmədiyiniz sözü deyə bilərsiz. Bu zaman artıq sonrakı ifadələriniz uşaq üçün öz mənasını itirəcək. Ən sonda onu da qeyd edim ki, uşağınızda az da olsa oğurluğa meyl hiss etdiyiniz anda ona olan diqqət və qayğının əksikliyindən şübhələnə bilərsiz. Övladınızdan diqqət və qayğını heç bir zaman əksik etməyin..!


Tarix: 06.01.2015 / 14:30 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Valideynə məsləhət
loading...