Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zal xan məscidi - İrəvan Xanlığı

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H.Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi, yaxud isə Şəhər məscidi adlandırmışdır. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir. İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.


Tarix: 26.11.2014 / 17:35 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...